RUSİYA ƏHALİSİNİN BÖYÜK HİSSƏSİ SABAHA ÜMİDSİZDİR

Rusiyada əhalinin 62%-i ölkədəki vəziyyətin gələcəyi planlaşdırmaq üçün əlverişsiz olduğunu hesab edir. “RBC” agentliyi yazır ki, bu barədə “İctimai rəy” fondu tərəfindən aparılan sorğunun nəticələrində bildirilir. Sorğuda iştirak edənlərin 20%-i ölkədəki əlverişsiz şəraitin əminliyin, sabitliyin olmamasından qaynaqlandığını düşünür. 12% səbəb olaraq həyat səviyyəsini, o cümlədən əmək haqları və pensiyaların az olmasını qeyd edib. Daha 10% bildirib ki, qiymətlərin və tariflərin artması ölkədə əlverişsiz vəziyyətin yaranmasına gətirib çıxarır. Mənfi hallardan bəhs edən respondentlər işsizliyi (6%), dövlətdən narazılığı (5%), iqtisadi problemləri (4%), sosial problemləri (4%) və beynəlxalq arenada gərginliyi (2%) vurğulayıblar. “Həyatınızı planlayırsınızmı?” sualına 41% “qısamüddətli” deyə cavab verib. 16% uzun müddətə, 18% isə orta müddətə planladığını bildirib. Daha 24% isə ümumiyyətlə planlı yaşamadığını qeyd edib. Respondentlərin yarıdan çoxu (54%) gələcəklərinin özlərindən, 35% isə xarici şəraitdən asılı olduğunu deyib.

Sorğu iştirakçılarının üçdə bir hissəsi (32%) 20 ildən sonra ölkədə dəyişikliyin olmayacağını düşünür. 20% sabitliyin pozulacağını, 18% isə vəziyyətin daha da sakitləşəcəyini deyib. 29% Rusiyanı 20 ildən sonra necə bir gələcək gözləyəcəyini təxmin etməkdə çətinlik çəkib.   

Mənbə: RBC

FİKRİNİ BİLDİR