İRAN BOĞAZDA RUSİYA İLƏ BİRGƏ TƏLİM KEÇMƏKDƏ NƏ MƏQSƏD GÜDÜR?

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) Yaxın Şərq üzrə eksperti Cenk Tamer “Yeni Akit” nəşrinin müxbiri Murathan Seyitoğluna müsahibəsində Hörmüz boğazında Rusiya ilə birgə təlimlər keçirməyə hazırlaşan İranın strategiyasına aydınlıq gətirib.

Ekspert bildirib ki, Hörmüz boğazı və yaxınlığında Qırmızı dəniz də daxil olmaq üzrə bütün Yaxın Şərqdən məsuliyyət daşıyan Beşinci Donanmanı yerləşdirən ABŞ regionda İran əleyhinə dəniz koalisiyasının yaradılması istiqamətində aktiv səylər göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanı Ceyms Mellou (James Malloy) və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzinin (Kenneth McKenzie) 23-24 iyulda Bəhreyn və Küveytdə yüksək vəzifəli hərbi məmurlarla baş tutan görüşlərinə diqqət çəkən Tamer İran əleyhinə koalisiyanın dəqiq şəkil aldığını deyir.

“2012-ci ildən sonra Hörmüz boğazı və Ərəb dənizi yaxınlığında hərbi təlimlərin intensivliyini artıran İran 2017-ci ildə Hörmüz boğazında Çinlə birgə təlim keçirib, - deyə ekspert xatırladır. Bununla yanaşı, İran 2015-ci ildən Rusiya ilə Xəzər dənizində müxtəlif təlimlər keçirir və indi hərbi əməkdaşlığını Hind okeanına da daşımağa çalışır. ABŞ-ın Asiya-Sakit okean regionunda aktivliyinə cavab məqsədilə Rusiya ilə birgə hərbi manevrlər keçirən Çin isə son iki ildə Hörmüz boğazında İranla yeni birgə təlimlər təşkil etməyib. Bu, ilk növbədə onunla izah olunur ki, Çin ABŞ-ın neft sanksiyalarından sonra Hörmüz boğazında gərginliyi daha da artırmaq istəməyib”.

Tamer baş verən hadisələri Türkiyə kontekstində şərh edib. O xatırladıb ki, Ankara Hind okeanında Tehranla deyil, İslamabadla birgə təlimlər keçirməyə üstünlük verib. Ankara və Tehran yaxın əməkdaşlıqdan qaçır. Ona görə Türkiyə İranı Şərqi Aralıq dənizində birgə təlimlərə, İran da Türkiyəni Hörmüz boğazındakı təlimlərə dəvət etmir. Əvəzində Hörmüz boğazında ABŞ-a göz dağı vermək üçün İran Türkiyə ilə deyil, Rusiya ilə əməkdaşlığa üstünlük verir”.

“ABŞ Suriyada təhlükəsizlik zonası ilə bağlı Türkiyə ilə razılığa gələ bilməsə, ya da “S-400” sistelərinin tədarükü ilə bağlı “CAATSA” çərçivəsində sanksiya tətbiq etsə, Türkiyə daha qəti gediş etmək üçün İranla birgə təlimləri yenidən nəzərdən keçirə bilər. Qısacası, Türkiyə ilə ABŞ-ın münasibətləri incə balans üzərində qurulur”, - deyə Tamer bildirib.

Sonda ekspert qeyd edir ki, verilmiş şərtlər daxilində Türkiyənin İranla birgə hərbi təlimlərə təşəbbüs göstərəcəyi gözlənilmir: “Bundan başqa, Hörmüz boğazında baş verən hadisələr Türkiyənin deyil, İranın problemidir. İran ABŞ-a hədə-qorxu gəlmək üçün Türkiyəni Hörmüz boğazında birgə təlimlərə dəvət etsə, bu, ciddi müqavimətdən xəbər verəcək. Cavabında İran Şərqi Aralıq dənizində Türkiyə və Rusiya ilə birgə təlimlər təklif edə bilər. Lakin Türkiyə ilə Rusiyanın İranın Aralıq dənizinə çıxışı ilə əlaqədar əndişləri var. Ona görə Türkiyə Şərqi Aralıq dənizində təlimləri İranla deyil, Rusiya ilə keçirməyə üstünlük verəcək”. 

Mənbə: YENİ AKİT

FİKRİNİ BİLDİR