PUTİNİ FRANSAYA DƏVƏT ETMƏK ONUN ƏMƏLLƏRİNƏ HAQQ QAZANDIRMAQDIR

Emmanuel Makron (Emmanuel Macron) “Böyük yeddiliy”in Biarrisdə keçiriləcək sammitindən öncə Breqanson qalasında rusiyalı həmkarını qəbul etməlidir. Buna baxmaraq Rusiya üzrə mütəxəssislər yazıçı Qalia Akkerman (Galia Ackerman) və tarixçi Fransuaza Tom (Françoise Thom) “Le Monde” qəzetində iddia edirlər ki, Fransa “Moskva ilə münasibətdə iltifat çempionu” olmaqla heç nə əldə etməyəcək.

Nəşr xatırladır ki, Makron avqustun 24-nə təyin edilən sammitin açılışına beş gün qalmış Vladimir Putini Breqanson qalasına dəvət edib. Bu xəbərin yayıldığı gün Moskva polisinin 1300-dən çox etirazçını həsb etdiyi vaxta təsadüf edib. Belə ki, mitinq iştirakçıları müxalif namizədlərin Şəhər Dumasına seçkilərdə iştirakına icazə verilməməsinə etiraz edirlər. Fransa Rusiyanın Avropa Şurasına bərpa edilməsini dəstəklədikdən sonra Putinə belə bir dəvətnamə göndərib. Qeyd edək ki, Kreml təbliğatı yuxarıda qeyd edilən hadisəni Moskvanın “zəfəri” kimi təqdim edib.

Putin siyasətinin bu uğurlarını Rusiyanın yürütdüyü siyasəti yumşaltması, ya da bu və ya digər sahədə hansısa məsələdə güzəştə getməsi ilə izah etmək olmaz. Krım hələ də işğal altındadır. Skripalların işi davam edir. Nəhayət, Rusiya öz əhalisinə qarşı repressiv tədbirləri gücləndirir.

Moskvanın təcavüzkar siyasəti qarşısında Avropanın zəifləməsini Kremlin tətbiq etdiyi, Vladimir Putinin inandığı metodların – pul və şantaj – effektivliyi ilə izah etmək olar. Rusiya hökuməti xaricdə, xüsusilə Avropada siyasi ambisiyalarına nail olmaq məqsədilə böyük maliyyə imkanı qazanmaq üçün öz vətəndaşlarını talan etməyə hazırdır. Vəsaitin yerdə qalan hissəsi silahlanma proqramına gedir. Çünki Rusiya çox yaxşı başa düşür ki, şirnikləndirmə yalnız hədə-qorxu ilə birgə təsirli olur.

Ekspertlərin fikrincə, prezident Putin uğur qazanmaq üçün bütün şanslarının olduğunu hiss edir. O, bu yaxınlarda “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Qərb vətəndaşlarının özləri də liberalizmin məhvinə əmin olublar. Avropada tərəqqipərvərliyin təcəssümü olmağa iddialı olan prezident Makronun dəvəti Putini mövqeyində möhkəmlədə bilər. 

“Bəs Fransa Moskva ilə münasibətdə ənənəvi iltifat çempionu rolununun bərpa edilməsindən nə əldə edəcək? Bizə deyirlər ki, Rusiyanı oyuna geri qaytarmalıyıq. Məqsədi beynəlxalq nizamı məhv etmək və bütün Avropanı özünün hərbi-polis rejiminə cəlb etmək olan ölkəni göylərə qaldırmağın nə mənası var? Avropa demokratiyalarının Kreml avtokratının qarşısında nümayiş etdirdiyi zəiflik rus müxalifətini ruhdan salıb, ona pis təsir göstərəcək. Heç bu barədə düşünən var?”, - məqalə müəllifləri yazır. 

“Belə çıxır, Avropa həmrəyliyi boş sözdən başqa bir şey deyil. Məhz Moskvaya bərabərləşmək kimi sistemdən çıxmaq çox çətindir. Fransa bunu növbəti dəfə sübut edir”, - sonda yazıçı ilə tarixçi qeyd edir.

 

Mənbə: LE MONDE

FİKRİNİ BİLDİR