RUSİYA DİNC YOLLA HAKİMİYYƏT TRANZİTİ İMKANINI İTİRİR

Yayın ən qızmar vaxtı istirahət günləri Moskvada adətən sakit keçir. Məzuniyyətə gedə bilməyənlər kəndə bağ evlərinə yola düşür. Ona görə Rusiya hökumətinin müxalif siyasətçilərin sentyabra planlaşdırılan Moskva Şəhər Dumasına seçkilərdə iştirakına qadağa qoymaq üçün məhz bu dövrü seçməsi təəccüblü deyil. Bu barədə “The Economist” qəzeti yazır. Məqalədə deyilir ki, iyulun 20-i bu həyasız manipulyasiyaya etiraz əlaməti olaraq 10 min paytaxt sakininin mərkəzdə bir araya gəlməsi, namizədlərin qeydiyyatdan keçməsini tələb etməsi və iyulun 27-i daha böyük aksiya ilə hədələməsi həqiqətən böyük təəccübə səbəb olub. 2011-2012-ci illərdə Moskvada hərəkətə keçən küçə etirazlarının itaətsizlik ruhu yenidən hiss edilməyə başlayıb. Yeddi il əvvəl olduğu kimi müxalif siyasətçilərdən biri Aleksey Navalnı “Bu, bizim şəhərimizdir” deyərək kütləni həyəcanlandırıb. Etirazın miqyası Kremli təəccübləndirib. Nəticə etibarilə, hakimiyyətin əvvəllər də namizədləri siyasi mübarizədən uzaqlaşdırdığı hallar olub. Navalnıya 2018-ci il prezident seçkilərində iştirak etməyə icazə verməyiblər, onun partiyasını parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçirməyiblər. Bundan başqa, Moskva Şəhər Duması dekorativ orqandır. Bu idarə paytaxtın böyük büdcəsinə nəzarət etmir, həmçinin onun əsas məmurları təyin etmək hüququ yoxdur. Son vaxtlaradək Moskva sakinlərinin çoxu bu idarədən xəbərsiz olub. “Etiraz aksiyası tamamilə hökumətin məhsuludur, onun əhəmiyyəti Moskva Dumasının sərhədlərini aşır. Bu, (çox vaxt Kremlin inhisarçı təsiri arxasında gizlədilən) ictimai narazılığın artmasından və ölkə siyasətinin radikallaşmasından xəbər verir”, - məqalədə deyilir. 2011-2012-ci il etirazlarından sonra Kreml paytaxtda orta sinfin könlünü almağa çalışıb, müasir şəhər modelinin qurulmasına investisiyalar edib. Eyni zamanda hakimiyyət onun siyasi nümayəndəliyinə əngəllər yaradıb. Şəhər Dumasına seçkilərdə namizədliyini irəli sürmək üçün müstəqil namizədlərə paytaxt sakinlərinin 3%-nin səsini toplamaq tapşırılıb. Yəni, hər rayonda 4200-4500 imza toplamaq lazım gəlib. Xatırladaq ki, 2014-cü ildə bu baryer işə yaramış, müxalifəti seçki prosesindən uzaqlaşdırmışdı. Lakin nəşr qeyd edir ki, son beş ildə iki dəyişiklik baş verib. Hakim “Vahid Rusiya” partiyası o qədər zərərli olmağa başlayıb ki, heç bir iqtidaryönlü namizəd onun adından seçkilərdə iştirak etmək istəmir. Əvəzində bu cür namizədlər özlərini “müstəqil” namizəd kimi göstərirlər. Müxalifət isə sağ qalmaqla yanaşı, geniş aktiv şəbəkə qurub.

Bu dəyişikliklərin nəticəsi son bir ay ərzində Moskvada  hiss edilib. Əvvəlcədən iqtidarın razılığını alan namizədlər seçki komissiyasının səssiz icazəsi ilə öz təşviqat kampaniyasına başladığı vaxtda müxalifətçilər qeydiyyat üçün lazım olan imza vərəqələrini toplayıb. Hərçənd hökumət könüllülərlə hücum etməklə onların fəaliyyətinə mane olmağa çalışıb. Lazım olan imza vərəqləri toplandıqda isə seçki komissiyası sadəcə onları etibarsız sayıb.

“Rusiyanın seçki tarixində ən böyük saxtakarlıq halı ilə üzləşmişik”, - deyə politoloq Kirill Roqov bildirib.

Amma fırıldaq işə yaramayıb. Kreml bu yolla müxalif namizədləri dəstəkləyən elektoratın 3%-ni səfərbər edib. “Mən tək olmağa öyrəşmişəm. Onlar heç mənim varlığımı qəbul etməyiblər. İndi də deyirlər ki, müstəqil namizədlərin dəstək vərəqəsinə imza atan 150 min nəfər də mövcud deyil. Nəhayət, biz birlidəyik”, - deyə Navalnı mitinqdəki çıxışında bildirib.

İyulun 24-ü hökumət növbəti dəfə Navalnını 30 sutka müddətinə həbsə atıb, müstəqil siyasətçilərin ofislərində axtarış aparmaqla onun mövcud olduğunu qəbul edib. 2024-cü ildə hakimiyyət tranziti problemi ilə üzləşən Vladimir Putin istənilən etirazı elə beşikdəcə boğmaq qərarına gəlib. Və sərt şəkil alan bu aqressiya göstərir ki, Rusiyada dinc yolla hakimiyyət tranziti üçün məkan sürətlə daralır.

Mənbə: THE ECONOMIST

FİKRİNİ BİLDİR