ÇİN RUSİYAYA YOL YOLDAŞI OLACAQ, ANCAQ MÜTTƏFİQ OLMAYACAQ

Si Tsinpinin (Xi Jinping) iyunda Moskvaya iki günlük səfəri çərçivəsində Çin rəhbərinin Vladimir Putinlə danışıqları gecə saatlarınadək davam edib. Sonradan Çinin “Sinxua” informasiya agentliyi məlumat verib ki, Si xarici həmkarları arasında Putini ən yaxın dostu adlandırıb, onun qəlbinə ən yaxın insanlardan biri olduğunu qeyd edib. Hər iki tərəfin bəyanatında vurğulanıb ki, Si Tsinpinin səfəri sayəsində Çin-Rusiya münasibətləri yeni “strateji tərəfdaşlıq” səviyyəsinə adlayıb. Bu barədə müstəqil jurnalist Şi Min (Shi Ming) “IPG” portalında yazır.

Məqalə müəllifi iki liderin artıq 30 dəfə görüş keçirdiyini qeyd edir. Çin və Rusiyanın bir-birinə ehtiyacı var. Onlar ikitərəfli münasibətlərdən faydalanmağa çalışırlar. Bu alyansa ilk növbədə Qərb səbəb olub: Avropa ilə münasibətlərində gərginlik davam etdiyi üçün Rusiyanın iqtisadi, hərbi alternativə ehtiyacı var, Pekin isə Trampa (Donald Tramp) və onun ticarət müharibəsinə müqavimət göstərmək üçün tərəfdaşlıqdan istifadə edir.

Geoiqtisadi baxımdan Çin və Rusiya arasında ikitərəfli münasibətlərdə vəziyyət elə də ürəkaçan deyil. Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ildə 100 milyard dollar təşkil edir. Bu da Çinin ABŞ, AB, Yaponiya, həmçinin Almaniya ilə ticarət əlaqələrinin səviyyəsindən xeyli geri qalır. Cari ildə Rusiya ticari balansda təxminən 9 milyard dollar məbləğində kiçik profisitə nail olub. Buna xüsusilə Çinə neft-qaz ixracının artırılması sayəsində müvəffəq olub.

Bununla belə, Moskva Çinin iqtisadi gücündən narahatdır. Belə ki, Rusiya tərəfdaşlarını, xüsusilə MDB ölkələrini Uzaq Şərq rəqibinə uduza bilər. Özü də Mərkəzi Asiyada Qazaxıstan və Türkmənistan kimi dövlətlər artıq indidən rus nefti və rus qazının qiymətini sistemli şəkildə aşağı salırlar. Ukrayna müasir silah texnologiyalarını Çinə satmaqla bu bazarda Rusiyanın monopolist vəziyyətinə mane olur.

İki ölkə arasında geosiyasi münasibətlər praqmatik, bəzən isə uyğunlaşma xarakteri daşıyır. Elə də nəzərə çarpmayan üçüncü güc Vaşinqtondur. Belə ki, bu iki ölkə münasibətlərini ABŞ ilə ciddi münaqişəyə girməyəcək şəkildə qurur. Yaxın Şərq, xüsusilə iki şiə ölkə - İran və Suriya Rusiya üçün xüsusi maraq kəsb edir. Pekin öz növbəsində sünni Pakistana diqqət ayırır. Çinin təhlükəsizliyində və “Bir qütb, bir yol” təşəbbüsündə əsas rol bu ölkəyə ayrılıb. Üstəlik, Pakistan İran rejimi ilə düşmən münasibətdə olan Səudiyyə Ərəbistanının keçmiş müttəfiqidir. Ona görə Pekin ABŞ-ın İrana qarşı sanksiyaları ilə qəti və kompromissiz şəkildə əlaqələrini kəsməyəcək.

Rusiya və Çin arasında yaxınlığın geohərbi variantı uzunmüddətli perspektivdə qalır. Görünür, bu variant hər iki tərəf üçün digər “tərəfdaş”ın real və potensial rəqiblərini qorxutmaqdan ibarətdir. Moskvanın halında bu, NATO ilə Avropadır. Bu səbəbdən Pekin cari ildə Baltik dənizində Rusiya ilə birgə hərbi dəniz təlimləri planlaşdırır. Lakin hərbi baxımdan da münasibətlər bircinsli deyil. Onlar çox vaxt bir-birinə zidd olurlar. Məsələn, Pekin Rusiya ilə hərbi münaqişədə olan Ukraynadan hərbi texnologiyalar alır. Rusiya isə Çinin rəqibləri Vyetnam və Hindistana silah tədarük edir. Pekinin bu yaxınlarda işıq üzü görən “Ağ kitab”ında Moskva ilə “strateji tərəfdaşlıq” növbəti dəfə vurğulanaraq təriflənib. Buna baxmayaraq, ehtimal etmək olar ki, bu əməkdaşlığın bir hüdudu var. Belə ki, Pekin Amerika və Rusiyanın “Orta və yaxın mənzilli raketlərin ləğvinə” dair sazişlə bağlı danışıqların yeni raunduna Çinin daxil edilməsi təklifini qəbul etməyə hazır deyil. Moskvaya ünvanlanan dəqiq mesaj Si Tsinpinin bəyanatında da birmənalı əksini tapıb. Si bildirib ki, Çin və Rusiya bundan sonra da yol yoldaşlığını davam etdirəcək, ancaq heç bir halda müttəfiq olmayacaqlar.

Mənbə: IPG

FİKRİNİ BİLDİR