VLADİMİR PUTİNİN POPULYARLIĞI AZALIR, MÜXALİFƏTİ ÇOXALIR

“İctimaiyyətin gözündə cüdo ilə məşğul olan, çılpaq büstlə atın üstündə şəkil çəkdirən prezidentin imici 2008-ci ildən bəri bir qədər zəifləyib. Müxalifətin sosial bazası isə genişlənməyə davam edir”, - Fransanın “Le Point” nəşrinin Moskvadakı müxbiri Katya Svarovskaya (Katia Swarovskaya) yazır.

Məqalədə deyilir ki, Moskvada təxminən 1400 nəfərin həbs edildiyi etiraz aksiyalarından üç gün sonra iqtidarla müxalifət arasında qarşıdurma davam edir. Müxalifətçilər heç vaxt hücuma keçməyiblər, bir dənə də olsun pəncərə sındırmayıblar və bir dənə də olsun avtomobili yandırmayıblar. Bununla belə, istintaq komitəsi “kütləvi iğtişaşlarda iştirak”a görə cinayət işi qaldırıb. Qeyd edilən maddə üzrə məhkəmə proseduru 8 ildən 15 ilədək həbs cəzası ilə nəticələnə bilər. Tədbir yaxın günlərdə mitinqdə iştirak etmək istəyənləri qorxutmaq üçün nəzərdə tutulub.

“Aqora” beynəlxalq hüquq müdafiə qrupunun rəhbəri Pavel Çikov əmindir ki, müstəntiqlər vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edəcəklər: “Bibər qazı yüksək zəhərli maddəyə, polisə atılan zibil çəni zorakılıq aktına, tapdalanmış otluq sahə isə əmlakın məhv edilməsinə çevriləcək”.

Məqalə müəllifi qeyd edir ki, iqtidar hələ də müxalifətlə dialoqdan qaçır: “Son illər bu tendensiya dəyişməyib. Onlar Vladimir Putinin sözlərini özlərinə şüar seçiblər: “50 il əvvəl Leninqrad küçəsi mənə bir qaydanı öyrədib: əgər dava qaçılmazdırsa, onda birinci vuran tərəf sən olmalısan””.

Politoloq Aleksey Makarkin nəşrə açıqlamasında bildirir ki, dövlət başçısı “küçələrə çıxanların cəmiyyət qura biləcəyinə” inanmır: “Mitinq iştirakçılarına güzəştə getmək siyasi zəiflik əlaməti olar”.

Bununla belə, ictimaiyyətin gözündə cüdo ilə məşğul olan, çılpaq büstlə atın üstündə şəkil çəkdirən prezidentin imici 2008-ci ildən bəri bir qədər zəifləyib. “Levada” mərkəzin son sorğusunun nəticələrinə əsasən, ötən illə müqayisədə Putinin populyarlığı 11% azalıb. Ölkə əhalisinin 38%-i 2024-cü ildə onu prezident postunda görmək istəmir.

“Levada” mərkəzin başçısı Lev Qudkov deyir ki, Putinin avtoriteti alternativin yoxluğuna əsaslanıb: “Onu əvəzləyəcək namizəd olmadığından Putinin populyarlığı kifayət qədər ətalətlidir”.

Svarovskayanın fikrincə, anti-putinizmin pik həddə çatdığı 2011-2013-cü illərdən fərqli olaraq, müxalifətin sosial bazası xeyli genişlənib. Həyat səviyyəsinin daimi pisləşdiyini nəzərə alsaq, belə bir inkişaf məntiqli görünür.

“Avqust yerli qubernatorların laqeyd baxışları altında Sibiri xaraba qoymağa davam edən meşə yanğınları olmadan belə isti keçəcək. Ən yeni rus tarixində bu ay dəfələrlə belə hadisələrə imza atıb: 1991-ci il qiyamı, 1996-cı və 1999-cü illərdə iki çeçen müharibəsi, 1998-ci ildə maliyyə böhranı və 2000-ci illərdə “Kursk” sualtı qayığının qəzaya uğraması”,- “Le Point” sonda qeyd edir.

Mənbə: LE POINT

FİKRİNİ BİLDİR