DONALD TRAMP: "ALMANİYA RUSİYANIN NƏZARƏTİNDƏDİR"

“Məncə, Almaniya özünü bu qaz kəmərindən bu qədər asılı vəziyyətə salmaqla böyük səhvə yol verir”. ABŞ prezidenti Donald Tramp (Donald Trump) iyunun 12-i ötən ilki bəyanatını bir daha təkrarlayıb. Belə ki, bir il öncə Amerika lideri Almaniyaya “tamamilə Rusiya tərəfindən nəzarət edildiyini” söyləmişdi. Bu barədə Deniel Vineron (Daniel Vigneron) “Le Huffington post” qəzetində yazır.

Yeni qaz kəmərinin tikinti işlərinin 60%-i artıq başa çatıb. Qaz kəməri Belarus və Ukrayna ərazisindən keçməyəcək. Belə ki, son 15 ildir, xüsusilə 2014-cü il Krımın ilhaqından sonra Ukraynanın Rusiya ilə qarşıdurması davam edir.

Jurnalist xatırladır ki, AB ölkələri 10 il əvvəl “Şimal axını – 1” layihəsinin tikintisini dəstəkləyiblər. Beləliklə, AB Kiyev və Moskva arasında bitmək bilməyən, qaz tədarükündə fasilələrin yaranmasına səbəb olan münaqişələrin əsiri olmaqdan çıxacaqdı. 2014-cü ildə Moskva Qara dənizin dibindən keçən və Avropaya qaz nəql edən alternativ “Cənub axını” layihəsinin icrasından imtina edib. “Qazprom” şirkəti layihənin iqtisadi cəhətdən əlverişsiz olduğunu qeyd edib. Onun bu qərarı tranzit rüsumlarından gələn gəlirə ümid edən Şərqi Avropa ölkələrini məyus edib.

Bu, Ukraynaya böyük zərbə vurub. Ölkənin “Qazprom” ilə əldə etdiyi müqavilənin müddəti ilin sonunda başa çatır. Rusiya tədarük həcmini illik 87 milyard kub metrdən 10-15 milyard kub metrədək azaldacağına söz verib. Kreml bu yolla Kiyevi 3 milyard dollarlıq tranzit gəlirindən məhrum etmək istəyir. Ukrayna müttəfiqlərinin köməyinə ümid edir.

Amma demokratik dəyərlərin müdafiəsi Donald Trampın yeganə məqsədi deyil. O, Almaniyanın və bütünlükdə Avropanın rus qazından artan asılılığına qarşı çıxır.

Məqalədə deyilir ki, Avropa idxalının böyük bir hissəsi Almaniyanın payına düşür. Və “Şimal axını – 2” boru kəməri istismara veriləndə Almaniyanın rus qazından asılılığı daha da artacaq. Belə ki, layihə Rusiyanın qaz tədarükünü 25% artırmasına imkan verəcək. Berlin isə öz növbəsində bunda heç bir risk görmür. Əksinə, Almaniya bunu əlverişli hal hesab edir və AB-ə Moskvaya təsir imkanı verəcək əməkdaşlıq haqqında danışmağa üstünlük verir.

Maye qazdan istifadə variantı qalır. Almaniya Amerikadan qaz idxalını artırmaq niyyətindədir. Və bu da ondan xəbər verir ki, Donald Trampın “Şimal axını – 2” layihəsi ilə bağlı tənqidləri kommersiya marağı güdür.

İstənilən halda, AB-ni əsas tədarükçüsü olan “Qazprom” şirkətinin inhisarçı vəziyyəti narahat edir.  Qaz direktivinə edilən dəyişikliklər də məhz bununla əlaqədardır. Belə ki, minimal rəqabət tələbi irəli sürülüb, həmçinin qeyri-Avropa şirkətlərinə tədarük və istehsal biznesini bir-birindən ayırmaq tapşırılıb.  “Qazprom” eyni zamanda həm tədarük, həm hasilatla məşğul olduğu üçün bunu ayrıseçkilik adlandırır. Şirkət Avropa Komissiyasından “Şimal axını – 2” layihəsinin direktivin şamil edildiyi boru kəmərlərindən istisna edilməsinə nail ola bilməyib. Ötən həftənin sonu hücuma keçən “Qazprom” direktivin ləğv tələbi ilə Avropa Məhkəməsinə müraciət edib. Layihədə iştirak edən şirkətlər hesab edir ki, direktiv “Şimal axını – 2”-ni pis vəziyyətə qoymaq üçün işlənib hazırlanıb.

Cari ilin əvvəlində kansler Angela Merkel (Angela Merkel) əhəmiyyətli güzəşt müqabilində etirazlarını geri çəkib. “Şimal axını – 2” halında tədarükçü ilə birbaşa danışıqlar infrastrukturu qəbul edən birinci ölkənin, yəni Almaniyanın səlahiyyəti altındadır.

Hələlik kiçik Danimarka müqavimət göstərir. Qaz kəmərinin hazırkı marşrutu Danimarkanın ərazi sularından keçir. Kopenhagen artıq iki ildir boruların çəkilişinə icazə verməkdən imtina edir. Çünki İkinci Dünya Müharibəsi dövründən zonada qalan 800 min ton kimyəvi silahın xəsarət ala biləcəyindən ehtiyatlanır. Vəziyyət o həddə çatıb ki, “Qazprom” daha bahalı alternativ marşrutu nəzərdən keçirməyə başlayıb. Nəticədə “Şimal axını – 2” layihəsinin planlaşdırıldığı vaxtda (cari ilin sonunda) istismara veriləcəyi sual altındadır. Əlbəttə, əgər Danirmarka bu yolla Ukrayna ərazisindən keçən “Birlik” və “Qardaşlıq”  qaz kəmərləri vasitəsilə tranzit həcminə görə Rusiyadan əhəmiyyətli güzəşt əldə etməyə çalışmırsa. Bu isə Almaniyaya qaz tədarükünə təsir edə bilər...

FİKRİNİ BİLDİR