RUSİYA YENƏ YALAN DANIŞIB. NÜVƏ QƏZASINI GİZLƏDİB

Rusiya 2017-ci ilin payız aylarında ölkə ərazisində radiasiya sızmasına səbəb olan qəzanın baş verdiyini dəfələrlə təkzib edib. Lakin beynəlxalq ekspertlər qrupunun apardığı araşdırmanın nəticələri Moskvanın yenə yalan söylədiyini göstərib. Bu barədə “Gazeta Wyborcza” nəşrinin müxbiri Pyotr Çieslinski (Piotr Cieslinski) məlumat verir.

Qəzet xatırladır ki, 2017-ci il sentyabrın sonlarında bir çox Avropa ölkəsində, xüsusilə, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Fransa, Yunanıstan, Norveç, Rumıniya, Bolqarıstan və Polşada radioaktiv rutenium-106 elementi qeydə alınıb. Avropa ölkələrinin çoxunda ölçmə cihazları iki həftə ərzində bu izotopu aşkar edib.

Polşa ərazisində radioaktiv materialın ən yüksək səviyyəsi bir kub metrdə 6,4 milyon bekkerelə çatıb. Bu, elə də böyük göstərici deyil. Avropada ən yüksək fon Rumıniyada qeydə alınıb: 170 milyon bekkerel. Ancaq bu da təhlükəli səviyyə deyil.

Buna baxmayaraq, Avropa xidmətləri narahatlıq keçirib. Rutenium-106 izotopuna təbiətdə rast gəlinmir. Bu, uranın parçalanması nəticəsində əldə olunan məhsuldur. Yeri gəlmişkən, atom elektrik stansiyalarından sızma mümkün variantlar siyahısından çıxarılıb. Əks təqdirdə, ruteniumun yanında havada başqa radioaktiv izotoplar meydana çıxmalı idi. Bəs radiasiya buludunun mənbəyi nə olub?

Beynəlxalq araşdırma başladılıb. Rutenium-106 istifadə edilmiş nüvə yanacağından alınır. Fransanın nüvə təhlükəsizliyi agentliyi  (IRSN) atmosferdən götürülən nümunələri təhlil etdikdən sonra müəyyənləşdirib ki, ruteniumun yayıldığı mənbə Rusiya və ya Qazaxıstan ərazisində ola bilər.

Hələ o vaxt Fransa qeyd edib ki, Çelyabinsk vilayətində yerləşən Ozerskadan atmosferə radioaktiv maddə düşə bilər. Belə ki, həmin ərazidə Rusiyanın ən böyük atom obyektlərindən biri, bir vaxtlar nüvə başlıqları üçün plutonium istehsal edən “Mayak” zavodu yerləşir. Hazırda zavodda atom elektrik stansiyalarının mühərriklərindən daxil olan nüvə yanacağı istifadə edilir. IRSN insidentin böyük miqyasda olduğunu qeyd edib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 7-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik üzv ölkələrə mümkün sızma mənbələrini yoxlamağı tapşırıb. Şübhələri üstündən atmaq üçün Rusiya elə həmin ilin dekabr ayı belə bir ehtimal irəli sürüb ki, rutenium-106 generatorlarında bu maddədən istifadə edilən hansısa peykdən düşə bilər.

ABŞ Elmlər Akademiyasının (PNAS) rəsmi saytında dərc edilən hesabatda peyk ehtimalı rədd edilir. Üstəlik, sənəddə aşkarlanan rutenium-106 və rutenium-103 izotoplarının hərəkəti araşdırılıb. Məlum olub ki, radioaktiv materialların mənbəyi Uralın cənub bölgəsinə düşür. Leybnits Universitetindən Georq Ştaynhauzer (Georg Steinhäuser) və IRSN-dən Olivye Massonun (Olivier Masson) başçılığı altında ekspert qrupu bunun “Mayak” kompleksi ola biləcəyi qənaətinə gəlib. Onlar həmçinin araşdırmada qeyd ediblər ki, Rusiyada nüvə qəzası 25 sentyabr 2017-ci ildə təqribən saat 18:00-da, ya da ertəsi gün günortaya qədər baş verib.

Nəşr qəzanın detalları haqqında məlumat əldə etmək lazım gəldiyini yazır. Çünki əldə edilən məlumatlar hadisənin miqyasının böyük olduğunu göstərir. Çox güman, insident itkisiz ötüşməyib. “Radioaktiv rutenium buludunun yaxınlığında olan işçi üçün bu, son dərəcə yüksək şüalanma deməkdir”, - deyə Ştaynhauezer bildirib.

FİKRİNİ BİLDİR