ABŞ RAKET SAZİŞİNDƏN ÇIXIR. NƏLƏRİ BİLMƏK LAZIMDIR?

Avqustun 2-i ABŞ “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” (OYMR) sazişi rəsmi olaraq tərk edir. Sənəd çərçivəsində Rusiya və ABŞ bütün orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli balistik və qanadlı raket komplekslərini məhv etməyi, gələcəkdə isə bu tip raketləri istehsal etməməyi, sınaqdan keçirməməyi və yerləşdirilməməyi öhdələrinə götürüblər. 1987-ci ildə Mixail Qorbaçov və Ronald Reyqan (Ronald Reagan) tərəfindən imzalanan saziş müddətsiz xarakter daşıyıb. Bu zaman “sazişin məzmunu ilə əlaqədar xüsusi halların ali maraqlarını təhlükə altına atdığına” qərar verən tərəflərdən hər birinin sazişi tərk etmək hüququ olub. “RBC” agentliyinin müxbiri Yevgeni Pudovkin sənədin əhəmiyyətini, gələcək riskləri araşdırıb.

Ekspertlər iddia edir ki, ABŞ-ın OYMR müqaviləsində iştirakını dayandırmasının başlıca səbəbi Çinin hərbi potensialını artırması, həmçinin orta və yaxın mənzilli raketlər istehsal etməsidir. Hal-hazırda Rusiya və ABŞ ilə yanaşı daha beş ölkə (Çin, Hindistan, Pakistan, İsrail və KXDR) nüvə başlıqlı, yer bazalı orta mənzili ballistik raketlərlə təchiz edilib.  

Öz növbəsində Vladimir Putin fevralın 2-də OYMR müqaviləsində ölkənin fəaliyyətinin  dayandırılmasına göstəriş verib. Müvafiq qanun iyulun 3-ü imzalanıb.

OYMR sazişi ABŞ və SSRİ-i arasında əldə olunan, böyük dövlətləri öz nüvə arsenalını məhdudlaşdırmağa, bütöv bir silah növündən imtina etməyə və yoxlama təsis etməyə məcbur edən ilk saziş olub. Sənəd “Raketəleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması” və “Strateji hücum silahlarının məhdudlaşdırılması” (SHS-3) haqqında sazişlərlə birgə silaha nəzarət sisteminin əsasını təşkil edən mühüm müqavilələrdən biri hesab edilib.

Ekspertlərin fikrincə, sazişin pozulması ABŞ, Rusiya və dünya təhlükəsizliyini ciddi risk atır. Analitiklər OYMR müqaviləsinin qüvvədən düşməsinin səbəb olacağı mənfi təsirlər arasında dörd amili xüsusi qeyd edir:

1.             Yenidən böyük miqyaslı silah yarışı başlayacaq. Bu da Rusiya və ABŞ üçün əlavə maliyyə xərclərinə gətirib çıxaracaq;

2.             ABŞ Avropada, məsələn, Şərqi Avropada raket yerləşdirsə, siyasi gərginlik artacaq;

3.             OYMR çərçivəsində təftiş halları Rusiya və ABŞ arasında inamın yox olmasına səbəb olacaq. Bu da əlavə qeyri-müəyyənlik yaradacaq;

4.             Silaha nəzarət sistemi bütünlükdə məhv ola bilər. Bu da digər mühüm sənədin – “SHS-3” sazişinin qüvvədən düşməsinə gətirib çıxara bilər.

ABŞ artıq yer bazalı yeni raketlərin istehsalına hazırlıq işlərinə başlayıb. Hələ 2017-ci ilin sonundan texnologiyalar araşdırılıb. Dəniz bazalı  “Tomahawk” raket kompleksinin yer bazalı variantının testləri artıq avqust ayında həyata keçiriləcək.

Fevralda Vladimir Putin qanadlı “Kalibr” raketinin yer bazalı variantının və yeni orta mənzilli hipersəsli raketin yaradılması üzrə planı təsdiqləyib. Artıq birinci silahla bağlı  nəinki elmi araşdırma, eyni zamanda təcrübə-konstruktor işləri planlaşdırılıb.

“PIR-mərkəz”-in eksperti Andrey Baklitski agentliyə açıqlamasında bildirib ki, ABŞ Avropada orta və yaxın mənzilli raketləri yerləşdirmək qərarına gəlsə, onda bu məqsəd üçün ən aşkar namizədlər Şərqi Avropa ölkələridir. Onun fikrincə, region bu yolla öz təhlükəsizliyini artırmaq istəyir. Axı belə olduğu təqdirdə, ABŞ-ın həmin dövlətlərin suverenliyini müdafiə etməyə əlavə stimulu olacaq. Rusiya buna raketlərini Kalininqradda yerləşdirməklə cavab verə bilər.

Mənbə: RBC

FİKRİNİ BİLDİR