ABŞ-IN "ŞİMAL AXINI-2" LAYİHƏSİ İLƏ BAĞLI SANKSİYALARI YAXINLAŞIR

“Çoxdandır “Şimal axını – 2” layihəsini tənqid edən Tramp (Donald Trump) dəfələrlə Almaniyaya hücum edib. İndi Senatda Baltik dənizindən keçən qaz kəmərinə sanksiyaların tətbiqini dəstəkləyən çoxluq formalaşıb”, - Almaniyanın “Handelsblatt” qəzeti yazır.

Çərşənbə günü Senatın beynəlxalq məsələlər üzrə komitəsi səs çoxluğu ilə “Avropanın enerji təhlükəsizliyinin müdafiəsi” haqqında qanun layihəsini təsdiqləyib. “Bu layihə birbaşa “Şimal axını – 2” boru kəmərinə qarşı yönəlib”, - deyə jurnalist Morits Kox (Moritz Koch) qeyd edir.

Komitənin sədri Cim Riş (Jim Risch) bildirib ki, qanun layihəsi “Şimal axını – 2” və “Tük axını” boru kəmərlərinin çəkilişi ilə məşğul olan gəmilərə xidmət edən müəssisələrə qarşı sanksiyaların həyata keçirilməsini nəzərdə tutur.

“Bu boru kəmərləri Ukraynada sabitliyin daha da pozulmasına, Putin rejiminin sərvət toplamasına səbəb ola, həmçinin NATO-a üzv ölkələrin təhlükəsizliyini riskə ata bilər”, - deyə Riş vurğulayıb.

Məqalə müəllifi qeyd edir ki, qanun layihəsinin həqiqətən qüvvəyə minməsini hadisələrin mümkün inkişafı kimi nəzərdən keçirmək lazımdır: “Rusiyaya qarşı məhdudlayıcı tədbirlərin tətbiqi respublikaçılarla demokratların razılığa gələ biləcəyi tək-tük siyasi qərarlarından biridir. Prezident Donald Tramp dəfələrlə “Şimal axını – 2” layihəsini kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, Almaniya layihəni dəstəkləməklə böyük səhvə yol verir”.

Sanksiyalar qüvvəyə minsə, xüsusilə, İsveçrənin “Allseas Group” şirkəti, həmçinin şirkətin boru çəkilişi üçün nəzərdə tutulan “Pioneering Spirit” gəmisi  zərər görəcək.

Sanksiyalar Almaniya hökumətinə ağır zərbə vuracaq. Berlin boru kəmərini Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas layihə kimi nəzərdən keçirir. Almaniya nüvə enerjisindən imtina etdiyi və kömür enerjisi istehsalından imtina etməyə hazırlaşdığı üçün keçid texnologiyası kimi təbii qazdan çox asılıdır. Bu baxımdan rus qazı xüsusilə əlverişli hesab edilir.

Hərçənd Berlin amerikalıların həqiqədən “Şimal axını – 2” layihəsini dayandıra biləcəyini düşünmür. Çox güman, sanksiya paketi sadəcə ilin sonuna planlaşdırılan işləri ləngidəcək və xərcləri artıracaq. Rusiya xəbərdarlıq edib ki, Amerika sanksiyaları qüvvəyə minsə, layihəni öz üzərinə götürəcək. Ancaq onun müstəqil şəkildə boru çəkmək üçün texniki imkanları yoxdur.

Mənbə: HANDELSBLATT

FİKRİNİ BİLDİR