KREML SOSİAL ETİRAZ DALĞASININ ÖHDƏSİNDƏN NECƏ GƏLƏCƏK

Moskvada baş verən dramatik hadisələr ölkədəki vəziyyətin tədricən dəyişdiyini göstərir. Əhali açıq siyasi etiraza cəsarət edir, iqtidar isə publik siyasət sahəsində real rəqabəti geri qaytarmaq və hər hansı güzəştə getmək fikrində olmadığına dair dəqiq ictimai mesaj göndərir. İqtisadçı, akademik Vladislav İnozemtsev “RBC” agentliyində bu barədə yazır.

Son illər əsasən narazılığa siyasi məkanın “betonlaşdırılması” deyil, həyat səviyyəsinin aşağı düşməsi və davam edən iqtisadi böhran səbəb olur. Neft qiymətlərinin nisbətən yüksək olmasına və 2018-ci ilin yekunlarına dair federal büdcənin rekord profisitinə baxmayaraq, əhalinin real gəlirləri azalır və bu trendin davam edəcəyi gözlənilir.

Digər tərəfdən, müəllif hesab edir ki, siyasi cəbhədə təzyiqi zəiflətmək üçün iqtisadi sahədə güzəştə getməyin faydası var. Çünki yaxın gələcəkdə təkcə Moskvada böyük etiraz aksiyaları gözlənilmir. Belə ki, avqustun əvvəlində Novosibirsk sakinləri isti su tarifinin növbəti dəfə artması ilə əlaqələdar küçələrə çıxmaq niyyətindədir.

Ancaq mərkəzdə, deyəsən, yerlərdə vəziyyətə baxılmır, yalnız orta statistika qiymətləndirilir. Həmin statistikaya əsasən elə həmin Novosibirskdə mənzil-kommunal xidmətlərində tarif artımı 3,2%-i üstələməyəcək. Və bu, çox təhlükəli haldır, çünki ən problemli vəziyyət Moskva, ya da Peterburqda yaranmır. Milyonçu 15 şəhərdən 10-da (Samaradan tutmuş Krasnoyarska qədər) tariflər 6-9% artıb. Ən yüksək artım isə Omskda qeydə alınıb. Bu şəhərin ümumi büdcəsi paytaxtın abadlıq işləri üçün göndərdiyi məbləğdən 10,7 (!) dəfə azdır.

Ekspert hesab edir ki, yaranmış vəziyyətdə əhalinin maliyyə yükü azaldılmalıdır. Söhbət ilk növbədə mənzil-kommunal xidmətləri, nəqliyyat tarifləri, benzin qiymətləri, çoxsaylı cərimələr, həmçinin çox vaxt alçaldıcı, hətta yerinə yetirilməsi qeyri-mümkün görünən prosedurlarla müşayiət olunan müxtəlif müavinətlərdən gedir.

Siyasi qeyri-sabitlik şəraitində iqtidar taktikasını dəyişməlidir: loyal ekspertlərin gücü adət edilən informasiya kontentinin istehsalı üçün deyil, ictimai əhval-ruhiyyənin effektiv monitorinqi və ən ağrılı məqamların müəyyənləşdirilməsi üçün istifadə edilməlidir. Hər bir şəhərdə, hər bir regionda yüzlərlə, minlərlə vətəndaşı “burada və indi” narahat edən məsələlər, mövzular var. Bu gün həmin məsələləri identifikasiya etmək və onları ya əhalinin sosial aktiv hissəsinin istəklərinə uyğun həll etmək, ya da əksinə, bu qruplar tərəfindən arzuolunmaz kimi qiymətləndirilən ssenariləri reallaşdırmağa çalışmaq  son dərəcə vacibdir.

Bir çox şərhçi Moskvadakı etirazları belə qiymətləndirib: hakimiyyət kiminləsə razılığa gəlməyə və siyasi rəqabət imitasiyası canlandırmağa çalışmır. Lakin bu cür mövqe son dərəcə zəif görünür, iqtidarın narazı qrupla deyil, bütün ictimaiyyətlə qəti qarşıdurmasını yaxınlaşdırır.

Mənbə: RBC

FİKRİNİ BİLDİR