KEŞİKÇİDAĞDA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

Bu gün Keşikçidağ məsələsi üzrə işçi qrup Gürcüstan hökumətinə rəsmi müraciət edərək kompleks ilə bağlı mövcud danışıqlarda baza vəziyyətlə tanış olmaq istədiyini bildirib. İşğal əleyhinə “Gücümüz birliyimizdədir” hərəkatının lideri David Kasarava və məsləkdaşları Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə komissiya ilə geniş tərkibdə ictimai görüş tələb edir. Bu barədə “Exo Kavkaza” portalı məlumat verir.

Azərbaycanın sərhəd xidməti ən azından publik izahat vermədən, mədəni-tarixi kompleksə daxil olan Çiçxituri, Udabno və Voskreseniya monastırlarına girişi məhdudlaşdırıb. Bəyanatda deyilir ki, aprelin 25-dən sonra Keşikçidağ monastır kompleksində status-kvo pozulub, nəticədə Gürcüstan tərəfinin ölkənin mədəni irsinə aid üç obyektə giriş imkanı yoxdur.

Müraciətin müəllifləri qeyd edir ki, gürcü rəhbərliyi məsələyə məsuliyyətsiz münasibəti ilə Azərbaycana açıq bəyanatlarda yuxarıda qeyd edilən ərazilərin onun suverenliyi altında olduğunu söyləməyə, eyni zamanda mübahisəli ərazidə infrastrukturu abadlaşdırmağa  imkan verib. Halbuki komissiyanın işi hələ başa çatmayıb. Fəallar israr edir: Gürcüstanın mövqeyi guya delimitasiya komissiyasının 1996-cı il tarixli birinci protokolunda qeydə alınan şərtə əsaslanmalıdır. Həmin sənəddə Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin təyin edilməsində baza xəritə kimi 1938-ci ilin xəritəsi götürülüb. Petisiya müəlliflərinin iddiasına əsasən, həmin sənəd Bakının rəsmi imzası və dövlət möhürü ilə təsdiqlənib.

Kilsə yenidən məsələyə müdaxilə etməyə başlayıb. Arximandrit Kirion Keşikçidağda vəziyyətin son dərəcə gərgin olduğunu, azərbaycanlı sərhədçilərin bütün perimetri bağladığını, zəvvarlar, turistlər və din xadimlərinin monastıra buraxılmadığını bildirib. Onun sözlərinə görə, gürcü sərhədçilərinin də ora girişi məhdudlaşdırılıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi bugünkü vəziyyətdə ən çox qızğın gürcü vətəndaşlarını günahlandırır. Xarici işlər nazirinin müavini Laşi Darsaliyanın sözlərinə görə, iyulun 14-ü Gürcüstan-Azərbaycan sərhədində Keşikçidağ zonasında yerli sakinlərlə azərbaycanlı sərhədçilər arasında baş verən qarşıdurmanı “hər iki ölkənin sərhəd xidmətlərinin birgə, təxirəsalınmaz fəaliyyəti” nəticəsində aradan qaldırmaq mümkün olub. Sərhədçilərin sayının artması isə həmin insidentin nəticəsidir.

Darsaliya bildirib ki, iki ölkə arasında sərhədin delimitasiyası məsələsində Gürcüstan və Azərbaycan aktiv əməkdaşlıq edir və bütün müvafiq qurumlar komissiyanın işində iştirak edir. Nazir müavininin sözlərinə görə, Bakıda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Gürcüstanın hökümətlərarası komissiyanın 23-24 mayda keçirilən iclasında müəyyənləşdirilib ki, komissiyanın ekspertləri yerlərdə müəyyən işlər aparacaq. Bu zaman Darsaliya ekspertlərin ilk görüşünün 19-23 avqusta planlaşdırıldığını qeyd edib.

Gürcüstan prezidenti də məsələyə münasibət bildirib. Salome Zurabişvili adəti üzrə jurnalistlərə açıqlama verməkdən çəkinsə də, mətbuat katibi Xatia Moisprapişvili dövlət başçısının fikrini ictimaiyyətə çatdırıb: “Gürcüstan prezidenti hesab edir ki, komissiya mütləq işləmək imkanı əldə etməlidir. Əlbəttə, heç kimdə belə bir illüziya yoxdur ki,  bu, bu gün və sabah baş verəcək, amma komissiyanın dinc, effektiv şəraitdə işləmək imkanı olmalıdır”.

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR