RUSİYA MÜXALİFƏTİ YENİ AKSİYALARA BAŞLAYIR

Moskva Şəhər Dumasına seçkilərdə namizədliyi qeydə alınmayan Dmitri Kloçkov və Gennadi Qudkovun ofisinin başçısı Elvira Vixareva avqustun 10-u və 11-i mitinqlərin keçirilməsi üçün Moskva meriyasına müraciət edib. Bu barədə “Interfax” agentliyi məlumat verir.

“Müstəqil namizədlərə dəstək aksiyalarının keçirilməsi üçün iki ərizə ilə müraciət etmişik. Yalnız bir tədbirə icazə veriləcəyini düşünürük. Ona görə müxtəlif tarixlərə müraciət etmişik”, - deyə Vixareva bildirib.

Ərizəyə əsasən ictimai tədbirin məqsədi Moskva Şəhər Dumasına seçkilərdə namizədlərin bərabər imkanlarla təmin edilməsi ilə bağlı tələbin dəstəklənməsidir. Hər müraciətdə təşkilatçılar tərəfindən 100 min nəfərin iştirak edəcəyi ilə bağlı ehtimal yer alıb.

Təşkilatçılar aksiyanın keçiriləcəyi ərazi kimi Yeni Arbatı qeyd ediblər. Alternativ variant kimi Kaluqa meydanından Böyük Yakimanka ilə mitinqin planlaşdırıldığı Bolotnı meydanınadək yürüş təklif edilib.

Həmçinin məlumat verilib ki, Moskva meriyasına avqustun 10-u yeni etiraz aksiyasının keçirilməsi ilə bağlı müraciət daxil olub. Bu barədə seçkilərə buraxılmayan namizədlərdən biri Yelena Rusakova “Interfax” agentliyinə bildirib. Aksiya formatı kimi Strastnı bulvarından Saxarov prospekti boyu yürüş, həmçinin Volxonki küçəsində və ya Azad Rusiya meydanında mitinqlər nəzərdə tutulub.

Rədd cavabı alan növbəti namizəd, Korrupsiya ilə mübarizə fondunun hüquqşünası Lyubov Sobol “Facebook” səhifəsində yazıb: “Aydındır ki, avqustun 3-dən sonra avqustun 10-u aksiya keçirilməlidir. O, Rusakova və digər potensial müraciətçilərlə əlaqədə olduğunu bildirib. “Biz, qeydiyyatdan keçməyən namizədlər hakimiyyət tərəfindən təxribatdan qaçmaq üçün əlimizdən gələni edirik”, - deyə Sobol vurğulayıb.

Hüquqşünas avqustun 3-ü qeydiyyatdan keçməyən namizədləri dəstəkləmək üçün Bulvar dairəsində keçiriləcək aksiyaya çağırır.

Bir müddət öncə təşkilatçı qismində çıxış edən Libertarian partiyası aksiyaların keçiriləcəyi yerlə bağlı Moskva meriyasına təklif etdiyi hər üç alternativ varianta rədd cavabı alıb. İqtidar nümayəndələri Saxarov prospektini təklif ediblər, halbuki müxalifət Moskvanın mərkəzi meydanlarında israr edir.

İyulun 30-u meriyada baş tutan danışıqlardan sonra partiyanın liderlərindən biri Mixail Svetov həbs edilib. O, Moskvanın Presnenski məhkəməsinin 30 iyul tarixli qərarına əsasən, 30 gün inzibati həbs cəzasına məhkum edilib. Bu barədə “Mediazona” məlumat verib.

Xatırladaq ki, iyulun əvvəli Moskva bələdiyyə dairələrinin seçki komissiyaları sentyabrın 8-i Moskva Şəhər Dumasına keçirilən seçkilərdə bir sıra müstəqil namizədin iştirakına icazə verməyib. Bu da kütləvi etiraz aksiyalarına səbəb olub. İyulun 27-i baş tutan sonuncu nümayiş Moskva meriyası ilə razılaşdırılıb. Polisin rəsmi məlumatına görə, mitinqdə 1000 nəfərdən çox iştirakçı saxlanılıb. Nümayişin dağıdılması nəticəsində təxminən 80 nəfər xəsarət alıb. Qərb, xüsusilə AB hüquq mühafizə orqanlarının dinc nümayiş iştirakçılarına qarşı kobud davranışını qınayıb.

29-30 iyulda Moskva məhkəmələri aksiya zamanı saxlanılan 61 etirazçını həbs edib. Onlar 3 sutkadan 30 sutkayadək inzibati həbs cəzası ilə üzləşib. Həbs edilənlər arasında Moskva Şəhər Dumasında deputatlığa namizədlər İlya Yaşin, İvan Jdanov, Aleksandr Solovyov, Konstantin Yankauskas, siyasətçi Vladimir Milov olub. “Interfax” agentliyi 161 nəfərin cərimləndiyini bildirir.

Mənbə: INTERFAX

FİKRİNİ BİLDİR