KREMLİN ƏN BÖYÜK LAYİHƏSİ YARIMÇIQ QALA BİLƏR

Danimarka yaxın həftələr ərzində öz ərazi sularında “Şimal axını – 2” layihəsinin tikintisinə  icazə verməsə, Rusiya bu mübahisəli qaz kəmərini başa çatdıra bilməyəcək. 9,5 milyard avro dəyərində olan bu boru kəməri Rusiyadan birbaşa Almaniyaya qaz nəql etmək üçün nəzərdə tutulub. Layihənin rəhbəri “Qazprom” şirkəti Baltik dənizi bölgəsindəki bir neçə ölkədən icazə alıb. Amma Danimarka razılıq vermir. Bu barədə “Financial Times” qəzeti məlumat verir.

Danimarkanın Enerji Agentliyi artıq uzun müddətdir iki müxtəlif marşrutu nəzərdən keçirir. Ona görə “Şimal axını – 2” boru kəmərinin planlaşdırıldığı kimi yanvarda işə düşəcəyi şübhəli görünür.

“Yaxın bir neçə həftə ərzində Danimarkadan icazə ala bilməsək, qrafikdə nəzərdə tutulmuş vaxtda başa çatdıra bilməyəcəyik”, - deyə mənbə bildirib.

Bir başqa mənbə qeyd edib ki, növbəti ay şübhəli layihə üçün həlledici ay olacaq: “Artıq avqust ayıdır. Bu da panika olmasa da, narahatlıq yaradır”.

Nəşr xatırladır ki, “Şimal axını – 2” boru kəməri “Qazprom” şirkətinə Ukraynadan yan keçməklə böyük həcmdə qaz tədarük etməyə imkan yaratmaq üçün nəzərdə tutulub. Onun işə buraxılacağı vaxt Kiyevlə qaz tranziti haqqında əldə edilən sazişin müddəti başa çatacağı vaxta təsadüf edir. Bundan başqa, Polşa və Baltikyanı ölkələr bu layihə sayəsində Avropanın Rusiyadan asılılığının artacağını vurğulayırlar. Donald Tramp (Donald Trump) administrasiyası isə qaz kəmərində iştirak edən şirkətləri sanksiyalarla hədələyir.

“Qazprom” isə ilin sonunadək “Şimal axını – 2” boru kəmərinin tikinti işlərini başa çatdıra biləcəyini iddia edir. Lakin ekspertlər borunun sınaqdan çıxarılmasının və onun qazla doldurulmasının elə də asan proses olmamasına diqqət çəkirlər. Buna daha bir neçə ay lazım gələcək.

Həmçinin “Qazprom” bütün Avropada yeraltı anbarlara rekord həcmdə qaz nəql edir. Bu da ondan xəbər verir ki, şirkət Ukrayna tranziti və “Şimal axını – 2” layihəsi olmadan tələbatın pik mövsümünə hazırlaşır. Ekspertlərin fikrincə, Rusiya şirkəti ən pis ssenariyə hazırlaşır, hələlik isə qış tədarükü ilə bağlı müştərilərini sakitləşdirməyə çalışır.

FİKRİNİ BİLDİR