“TESLA” ELEKTROMOBİLLƏRİN KORPUSUNU BÜTÖV QƏLİBDƏN ÇIXARACAQ

“Tesla” mühəndisələri mütəmadi olaraq bu şirkətin avtomobillərinin daha etibarlı, funksional, ən əsası isə istehsalda ucuz və dolayısıyla daha əlçatan olması üçün müxtəlif dəyişikliklər üzərində işləyirlər. Bu zaman korpusun istehsalı şirkətə çox baha başa gəlir. İlon Mask (Ilon Musk) da məhz bu problemi həll etmək istəyir. O, vaxt və vəsait sərf edib, korpusu ayrı-ayrı detallardan yığmaq yerinə bütövlükdə qəlibinin çıxarılmasını istəyir.

Mask “Tesla Model Y” modelinin istehsalında bütöv korpus üçün yeni avadanlıqdan istifadə etməyə hazırlaşır.

Şirkətin nümayəndələri yeni yanaşmanın məqsədəuyğunluğunu aşağıdakı şəkildə izah edirlər: “Adətən nəqliyyat vasitəsinin korpusunun istehsalı kontekstində müxtəlif komponentlərin qəlibinin çıxarılmasında təzyiq altında tökmə prosesi üçün bir neçə aparatdan istifadə edilir. Bu zaman maşının bir hissəsi xüsusilə bunun üçün yaradılmış avadanlıqda hazırlanır. Və bu cür onlarla avadanlıq ola bilər. Ardınca bütün komponentlər birlikdə montaj edilməlidir. Hər detalın istehsal xətti müvafiq heyət tərəfindən təmin edilməlidir”.

Yeni təklif məntiqlidir. Belə ki, xətti avandalıqların sayı azaldılsa və minimuma çatdırılsa, onda istehsal xərcləri də xeyli azalacaq.

Yeni avadanlığın Çində yeni “Gigafactory 3” fabrikində quraşdırılacağı gözlənilir. Tətbiq ediləcək yenilik sayəsində montaj işlərinə daha az vaxt lazım olacaq. İstismar xərcləri azalacaq və montaj sexinin təşkili üçün daha kiçik sahəyə ehtiyac olacaq.

Yeni sistemin işə buraxılması uğurla həyata keçirilsə, İlon Mask arzusuna daha bir addım yaxınlaşacaq. Belə ki, Mask avtomobil istehsalını tamamilə avtomatlaşdırmaq istəyir.

FİKRİNİ BİLDİR