RUSİYA ABŞ-I SURİYADAKI NEFT OBYEKTLƏRİNİ TALAMAQDA İTTİHAM EDİB

Suriyadakı amerikalılar ölkənin qanuni hökumətinə məxsus neft obyektlərini və yataqlarını talayır. “RIA Novosti” agentliyinin məlumatına əsasən, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, amerikalılar əslində qaçaqmalçı biznesi İŞİD-in əlindən alıblar: “Fərat çayının şərq sahilində yerləşən, Suriyanın “Konako”, “Əl-Ömər” və “Tanak” yataqlarından neftin hasilatı və satışı təşkil edilib. Suriya neftinin transsərhəd kriminal tədarük sxemi fəaliyyət göstərir”.

Rusiya Baş Qərargahının rəsmi nümayəndəsi qeyd edib ki, özəl hərbi şirkətlərin artıq sayı 3,5 min nəfərə çatan əməkdaşları milli sərvətin qarəti ilə məşğul olur. Rudskoy açıqlamasında bildirib ki, onların fəaliyyəti “beynəlxalq anti-terror koalisiyasının aviasiyası tərəfindən gizli şəkildə həyata keçirilir”.

O, həmçinin Amerika hərbçilərinin döyüşçülərin hazırlığı ilə məşğul olduqlarını deyib. “Ət-Tənfa ətrafında 55 kilometrlik zonada ABŞ instruktorları “Maqavir əs-Saura” böyük silahlı dəstəyə  və ərəb tayfalarının ordusu adlanan kiçik döyüşçü qruplarına hazırlıq keçir. Döyüşçülərin ümumi sayı 2700 nəfərə çatıb”, - deyə Rudskoy bildirib. Döyüşçülər sonradan  Suriya hökumətinin nəzarətində olan ərazilərə göndərilir. Məqsəd sabitliyi pozmaq və diversiya həyata keçirməkdir.

Moskva birinci dəfə deyil ki, ABŞ-ın başçılığı altında qərb koalisiyasını döyüşçülərə dəstəkdə ittiham edir. Öz növbəsində qərb ölkələri dəfələrlə bəyan edib ki, rus hərbçiləri və Suriyanın hökumət qüvvələri mülki əhalini, mötədil müxalifət qruplaşmalarını atəşə tutub.

ABŞ Suriyaya qarşı çoxlu sayda sanksiya tətbiq edib. Cəza tədbirləri əsasən Suriya neftinin idxalına, həmçinin Yaxın Şərq ölkəsinə yeni investisiyalara qadağa qoyur.

Mənbə: RBC

FİKRİNİ BİLDİR