RUSLAR “ŞİMAL AXINI – 2”-YƏ MANE OLAN AB QAYDALARINI LƏĞV ETMƏYƏ ÇALIŞIRLAR

Rusiya tərəfi istəyir ki, Avropa Məhkəməsi apreldə AB-nin qaz direktivinə qəbul edilən düzəlişləri ləğv etsin. Bu barədə “Süddeutsche Zeitung” nəşri xəbər verir.

“Şimal axını – 2” layihəsinin operator şirkəti Avropa Məhkəməsinə müraciət edib. Şirkət birliyin qaz direktivinə olunan düzəlişlərin ləğv edilməsini tələb edir. “Qazprom” əmindir ki, bu dəyişikliklər Baltik dənizinin dibindən keçən yeni boru kəmərinin tikintisinə mane olmaq və onu cəzalandırmaq üçün işlənib hazırlanıb.

Məqalədə deyilir ki, “Şimal axını – 2” layihəsinə rəhbərlik edən “Qazprom” şirkəti bu halın AB-nin bərabər münasibət və proporsionallıq haqqında hüquqi prinsiplərinə zidd olduğunu düşünür. Nəşr xatırladır ki, qaz direktivinə düzəlişlər aprel ayında qəbul edilib. Həmin dəyişikliklərə əsasən, bundan sonra AB-nin enerji qaydaları üçüncü ölkələrlə AB-ə üzv olan ölkələri birləşdirən boru kəmərlərinə də şamil ediləcək.

Müvafiq şəkildə eyni şirkət həm qaz hasilatına, həm qaz nəqlinə nəzarət edə bilməz. “Şimal axını – 2” layihəsində isə məhz bu vəziyyət yaşanır. Bundan başqa, operator şirkət müvafiq ödəniş müqabilində başqa qaz istehsalçılarına “kəmərlərdən” istifadə etməyə icazə verməlidir.

AB-nin qaz direktivinə dəyişikliklər “Şimal axını – 2” boru kəmərinə qarşı səslənən tənqidlərə cavab olub. Bir çox ölkə əmindir ki, Rusiya və Almaniya hökuməti bu layihə vasitəsilə Avropanın Moskvadan asılılığını artırır. Üstəlik, yeni boru kəməri Şərqi Avropa ölkələrinə, həmçinin AB-nin Ukrayna kimi tərəfdaş ölkələrinə ziyan vurur.

FİKRİNİ BİLDİR