AZƏRBAYCANDA MƏTBUAT ÜÇÜN BAYRAM ETMƏYİN MƏNASI VARMI?

22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Ancaq azad mətbuat baxımından qeyd ediləsi bir şey yoxdur. “Human Rights Watch” təşkilatından Ketrin Pilişvili  (Catherine Pilishvili) bu fikirdədir:

“Məsələn, Seymur Həzidən soruşun. O, müxalif “Azadlıq” qəzetinin əsas icmalçısı və “Azərbaycan saatı” adlı müxalif internet kanalının aparıcısı olub. Saxta dələduzluq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilən Həzi 2014-cü ilin avqustundan etibarən həsbxanadadır.

Ya da hakimiyyəti tənqid etdiyi üçün dəmir barmaqlıqlar arxasına düşən altı jurnalistdən – Əfqan Muxtarlı, Ziya Əsədli, Araz Quliyev, Elçin İsmayıllı, Polad Aslanov və Şəfəq Ağabalayevadan (Ağacan) soruşun.

Uzun illər ölkəni tərk edə bilməyən jurnalistlərin bir neçəsinin qadağası bu yaxınlarda götürülüb. Rəsmi izahat olmadan belə bir məhdudiyyət digərlərinə, məsələn, Şahvələd Çobanoğlu və Babək Bəkirə qarşı hələ də davam edir.

Üç il əvvəl “Azadlıq” qəzetini fəaliyyətini dayandırmağa məcbur ediblər. Onun veb-saytı isə Azərbaycanda həmişəlik bloklanıb. Hökumət milli təhlükəsizliyə təhdid olduğunu bəyan edərək 2017-ci ilin may ayında digər məşhur müstəqil və müxalif KİV-lərin, o cümlədən, “Azadlıq Radiosu”nun Azərbaycan Xidmətinin, Berlindən yayımlanan “Meydan TV” telekanalının və “Azərbaycan saatı”nın veb-saytının yayımına ölkə ərazisində qadağa qoyub.

2018-ci ildə daha üç sayt (az24saat.org, xural.com və monitortv.info) hakimiyyət tərəfindən böhtan atmaqda ittiham edilərək bloklanıb. 2017-ci ildə hakimiyyətlə bağlı tənqidi materialları ilə tanınan azərbaycanlı jurnalist, siyasi fəal Əfqan Muxtarlı Gürcüstanın paytaxtı Tiflisdə oğurlanıb. O, qanunsuz yolla Azərbaycana sərhədinə çatdırılıb. Jurnalist artıq ertəsi gün Azərbaycan polisinin nəzarətində olub.

Vaşinqtonda mühacir kimi yaşayan Sevinc Osmanqızı 200 minə yaxın izləyici kütləsinin olduğu “OsmanqİziTV” adlı “YouTube” kanalında Azərbaycandakı siyasi vəziyyətdən bəhs edir. Yaz mövsümündə ona qarşı ölkədəki müstəqil və müxalif səslərə məkrli hücumları ilə tanınan, iqtidaryönlü “özəl” xəbər kanalı “Real TV” tərəfindən təşkil edilən böhtan və hədə-qorxu kampaniyası başladılıb. Onlar Osmanqızını hədələyiblər ki, əgər jurnalist yayımı davam etdirsə,   telekanal qanunsuz yolla mobil telefonundan əldə edilən şəxsi fotoşəkilləri ictimailəşdirəcək. Hakimiyyət guya Osmanqızının doğma bacısını da ondan üz döndərməyə məcbur edib.

Lakin Azərbaycan hökuməti jurnalistlərin hamısı ilə belə davranmır. İqtidar tərəfindən təsdiqlənən materiallar hazırlayan jurnalistlərin bəziləri hakimiyyətin imtiyazlı münasibətini qazanır. Məsələn, 2017-ci ildə dövlət başçısı jurnalistlərə təxminən 250 mənzil hədiyyə edib. O, “ölkədə bütün azadlıqların, o cümlədən söz azadlığının müdafiə olunduğunu” bildirib. Həmin jurnalistlər mənzillə təmin oluna bilər, ancaq azadlıqla təmin olunmayıblar”.

Mənbə: OC MEDIA

FİKRİNİ BİLDİR