PENTAQONUN BƏYANATI NEFTİN QİYMƏTİNİN ARTMASINA SƏBƏB OLDU

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) başçısı tərəfindən səsləndirilən bəyanat neftin qiymətinin artmasına səbəb olub. Üç saat ərzində “Brent” markalı neftin qiyməti 1 dollardan çox bahalaşıb. Bu barədə “Reuters” agentliyi xəbər verib. CENTCOM-un başçısı İrana məxsus ikinci dronun vurulması haqqında məlumat verdikdən sonra neftin qiyməti artıb. “Brent” markalı neftin qiyməti 64 dollardan baha satılıb. “Reuters” agentliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 20:00-da “Brent” markalı neftin qiyməti 63 dollardan aşağı olduğu halda, CENTCOM rəhbəri Kennet Makkenzinin (Kenneth F. McKenzie) “CBS News “ telekanalına verdiyi müsahibədən sonra qiymət artaraq maksimum 64,44 dollarlıq həddə çatıb. 23:30 radələrinə olan məlumata görə, “Brent”-in bir bareli 64 dollar civarında satılıb.

Makkenzi müsahibəsində bildirib ki, ötən həftə ABŞ hərbçiləri İranın bir deyil, iki dronunu vurublar. Generalın dəqiq məlumatı olmayıb. İddialara əsasən, pilotsuz uçuş aparatı radarların ekranından yox olub, lakin onun yerə düşməsi haqqında hərbçilər informasiya əldə edə bilməyib.

“Lipow Oil Associates” şirkətinin prezidenti Endryu Lipou (Andrew Lipow) bazarın bu xəbərə bu cür reaksiyasını onunla izah edib ki, vəziyyət son dərəcə gərgin hal alıb və regionda gərginliyin artacağını göstərən kiçik bir işarə qiymət artımına təsir edir.

İyulun 20-i Hörmüz boğazında İranın neft tankerlərini saxlaması “Brent” markalı neftin 2% bahalaşaraq 63,18 dollara çatmasına səbəb olub. Lakin birja bağlananadək ticarət sessiyası çərçivəsində yekun qiymət təxminən 62,84 dollara düşüb.

 

Mənbə: REUTERS

FİKRİNİ BİLDİR