ABŞ-IN QAZLA BAĞLI TƏKLİFİ DAHA ÇOX RUSİYAYA SƏRF EDİR

Rusiyanın enerji konserni “Novatek” və Belçikanın qaz infrastrukturunun operatoru “Fluxys” ötən ilin payızında Rostok limanında MTQ terminalının tikintisi üçün torpaq icarəyə götürdüklərini bəyan etdikdə bu xəbər yalnız mütəxəssislərin marağına səbəb olmuşdu. Onda bildirilmişdi ki, qaz emalı üzrə terminalın gücü illik 300 min ton təşkil edəcək. Bu barədə “Handelsblatt” nəşrinin müxbirləri Morits Kox (Moritz Koch) və Klaus Ştratmann (Klaus Stratmann) yazır.

Beynəlxalq standartlara əsasən maye qazın emalı üçün nəzərdə tutulan bu qurğu nisbətən balaca qurğulara aid ediləcək. Gələcəkdə terminal Rostok limanında kruiz gəmilərini ekoloji cəhətdən təmiz yanacaqla təmin edə biləcək.

Lakin ölçüləri ilə müayisədə qurğunun əhəmiyyəti xeyli böyükdür. Rostok Rusiya ilə Amerikanın yanacaq rəqabətinin rəmzinə çevrilib. Orada geosiyasətlə geoiqtisadiyyat birləşib. Çünki Almaniyaya mümkün olduğu qədər böyük miqdarda qaz satmaq  istəyən təkcə ruslar deyil. Amerikalıların belə bir planı var.

MTQ terminalarının tikintisini dəstəkləyən ABŞ Moskva ilə enerji tərəfdaşlığını dərinləşdirməsindən dolayı Almaniya federal hökumətini xəbərdarlıq edir. Almaniya Vaşinqtonun tələblərinə güzəştə getmək istəmir. “Şimal axını – 2” qaz kəmərinin tikinti işləri də bundan xəbər verir. Eyni zamanda Berlin maye qaz üçün infrastrukturu genişlədir.

Bu yaxınlarda Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer (Peter Altmaier) yeni bir qərarın qəbuluna nail olub. Belə ki, MTQ terminallarını ümumi qaz şəbəkəsi ilə birləşdirəcək boru kəmərlərinin xərci terminalların investorları tərəfindən ödənilməməlidir, onlar tənzimlənən qaz şəbəkəsinin bir hissəsi olacaq.

Həmin boru kəmərlərinin tikinti və istismar xərcləri ümumi ödəniş sistemi vasitəsilə istehlakçılar arasında bölünəcək. Bunun sayəsində MTQ terminallarına investisiyalar daha cəlbedici olmalıdır. Brunsbyuttel, Ştade və Vilhemsxafendə yeni terminalların tikintisi üzrə konkret planlar mövcuddur. Ancaq nəticə etibarilə, ABŞ ilə müqayisədə bundan daha çox Rusiya udacaq.

Trans-atlantik münasibətlər heç vaxt indiki kimi pis olmayıb. Və Donald Trampın (Donald Trump) Ağ Evə rəhbərlik etdiyi müddət ərzində bu münasibətlərin düzələcəyi gözlənilmir. Almaniya-Rusiya münasibətləri daha da pisdir. Ancaq burada heç olmasa son bir neçə ildə ilk dəfə gərginliyi azaltmaq istiqamətində səylər gözə çarpır. Cümə axşamı Köninqsvinterdə hər iki ölkənin nümayəndələri arasında “Peterburq dialoqu” ilə bağlı görüş start götürüb.

Bu sosial-siyasi forum yüksək səviyyədə keçir. Almaniyanın xarici işlər naziri Hayko Maas (Heiko Maas) və onun rusiyalı həmkarı Sergey Lavrov danışıqlar aparmaq niyyətindədir. “Rusiya ilə dialoqa əvvəlki kimi ehtiyac var”, - görüşdən qabaq Maas söyləyib. Bütün bunlarla yanaşı Köninqsvinterdə iqtisadi əməkdaşlıq və enerji tərəfdaşlığı müzakirə ediləcək. “Novatek” bundan yararlanmaq istəyir. Şirkət ən azı MTQ sahəsində Rusiyanın dövlət konserni “Rosneft”-in ixrac monopoliyasını dağıda bilib.

“Novatek” artıq Baden-Vyurtenbergin enerji təchizatı ilə məşğul olan “EnBW” şirkəti ilə tədarük haqqında saziş imzalayıb. Əgər Almaniyada əlavə MTQ terminalları meydana çıxsa, onda “Novatek” və Rusiyanın başqa ixracatçı şirkətləri qarşısında yeni imkanlar açılacaq.

Lakin məqalə müəllifi qeyd edir ki, bu, ABŞ-ın AB-də Rusiyanın qaz tədarükçüsü kimi əhəmiyyətini azaltmaq istiqamətində həyata keçirdiyi siyasətə ziddir. ABŞ rəhbərliyi hadisələrin gedişatını narahatlıqla izləyir. ABŞ-ın Almaniyadakı səfirliyinin rəsmi nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, MTQ tədarükü ilə bağlı Rusiyaya müraciət etmək Almaniyanın enerji təhlükəsizliyində geri çəkilməyə bərabərdir. Onun sözlərinə görə, ABŞ qazı Avropada rəqabət qabiliyyətli olduğunu sübut edib.

Berlin isə Rusiyadan MTQ tədarükünü müsbət qiymətləndirir. Xarici İşlər Nazirliyi hesab edir ki, Rusiyadan maye qazın tədarükünə etiraz etməyə heç bir səbəb yoxdur. İqtisadiyyat Nazirliyi də Rusiyadan MTQ tədarükünə maneəçilik törədilməsində heç bir məna görmür. “Boru kəmərləri ilə nəql olunan qazda olduğu kimi, özəl şirkətlər, yəni bazar qazı hansı yolla əldə etmək lazım gəldiyinə qərar verməlidir”, - nazirlikdən bildirilib.

“Handelsblatt” qəzetinə açıqlmasında “Almaniya enerji agentliyi”nin (“Dena”) rəhbəri Andreas Kulman (Andreas Kuhlmann) deyib: “Siyasi motivli monopoliyaların yaranmasına icazə vermək olmaz. O cümlədən MTQ sahəsində”. O, MTQ bazarında satıcıların sayının artmasını müsbət qiymətləndirir: “MTQ bazarında qlobal rəqabət getdikcə dinamik hal alır. Və bu, çox yaxşı haldır. Bu, qaz tədarükündə diverfikasiyaya, dolayısıyla, rəqabətə və sahənin effektivliyinə səbəb olur. Nəticədə Almaniyada və bütün Avropada kömürdən qaza keçid zərurətini tezləşdirəcək sərfəli qiymətlər meydana çıxacaq”.

“Elm və texnika” fondunun eksperti Kirsten Vestpal (Kirsten Westphal) da bu fikirdədir: “Rusiya MTQ-i qlobal MTQ bazarının maraqlı tərkib hissəsidir. Ayrı-ayrı oyunçuları təcrid etməyə çalışmaq qlobal bazarın məntiqinə ziddir”.

Həqiqətən, son vaxtlar Avropada Rusiya maye qazının əhəmiyyəti xeyli artıb. Vestfal qeyd edib ki, ötən qış mövsümü ABŞ ilə müqayisədə Rusiyadan AB-ə daha çox MTQ tədarük edilib. “Asiyanın MTQ bazarında qiymətlərin aşağı düşməsi katalizator rolunu oynayıb”. Ekspertin proqnozuna əsasən, çox güman, gələcəkdə Avropanın qaz bazarında MTQ-nin əhəmiyyəti artacaq.

Mənbə: HANDELSBLATT

FİKRİNİ BİLDİR