RUSİYA AVROPALILARA NEFT SATMAQDA İRANA KÖMƏK ETMƏYƏ ÇALIŞIR

İran ilə əldə olunan beynəlxalq nüvə sazişini xilas etmək üçün avropalıların effetkli variantı yoxdur. “Neue Zürcher Zeitung” nəşrinin icmalçısı Cerald Hosp (Gerald Hosp) bu fikirdədir.

Nəşr xatırladır ki, ötən ilin may ayında ABŞ prezidenti Donald Tramp (Donald Trump) nüvə sazişində ABŞ-ın iştirakına xitam verildiyini və İrana qarşı iqtisadi sanksiya paketinin sərtləşdirildiyini elan edib. Vaşinqton ilk növbədə İran neftinin ixracına qadağa qoymaq istəyir. Nəticədə Tehran əsas gəlir mənbəyindən məhrum olacaq. İranı dəstəkləmək üçün bir neçə AB ölkəsi xüsusi “INSTEX” mexanizmi yaradıb. Onlar bu mexanizmin köməyi ilə Amerika sanksiyalarından yan keçmək istəyirlər. Hələlik “INSTEX” özünü doğrultmayıb. Bundan başqa, mexanizm dərman preparatları, əczaçılıq məhsulları, həmçinin ərzaq və kənd təsərrüfatı mallarına şamil edilir.

“Financial Times” qəzetinin məlumatına görə, Rusiya İranla ticarətdə “INSTEX”-dən istifadə etməyə hazır olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Moskva AB ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu zaman nüvə sazişi ətrafında yaranmış vəziyyəti sakitləşdirmək üçün mexanizm İran nefti ilə bağlı sazişləri də əhatə etməlidir. Əvvəllər “INSTX”-ə şübhə ilə yanaşan Rusiya indi bu məsələdə Tehrana yardım edir. Avropa ölkələrinin göstərdiyi səylərlə qane olmayan İran rejimi mexanizmə neft ixracının daxil edilməsini tələb edib.

İranla nüvə sazişini imzalayan ölkələr arasında Rusiya, Çin, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ olub. Moskva ötən illər ərzində Tehranla əlaqələrini möhkəmlədib, Yaxın Şərq regionunda mühüm oyunçuya çevrilib. AB Moskva ilə Pekinin “INSTEX”-də iştirakının ticarət kanalını möhkəmlədəcəyini başa düşür. Bundan başqa, Tehran 2015-ci ildə əldə olunan sazişin əsas bəndlərindən birini pozaraq, uranın zənginləşdirilmə dərəcəsinə qoyulan limiti aşaraq nüvə sazişini dəstəkləyən Avropa ölkələrinə təzyiqi artırır.

AB-nin xarici işlər üzrə ali nümayəndəsi Federika Mogerini (Federica Mogerini) bir neçə gün öncə bildirib ki, “INSTEX”-də üçüncü ölkələrin iştirakına da icazə verilməlidir. Bu mexanizm yanvarda Almaniya, Fransa və Böyük Britaniya tərəfindən yaradılıb. Onun iyunda fəaliyyətə başlaması üçün bir sıra əngəlləri aşmaq lazım gəlib. Hal-hazırda “INSTEX”-də 10 AB ölkəsi iştirak edir. Mogerinin müşaviri, politoloq Natali Toççi (Nathalie Tocci) İran neftinin tədarükünü təmin etmək üçün artıq çoxdandır Çin-Rusiya əməkdaşlığını dəstəkləyir.

“INSXTEX” –in iş prinsipi ondan ibarətdir ki, İran və başqa ölkələr məhsullara görə bir-birindən ödəniş almadan ticarət həyata keçirirlər. Bununla da beynəlxalq ödəmə sistemləri vasitəsilə tranzaksiyalardan yan keçirlər. Neft sahəsində bu, İran və rus neftinin mübadiləsi anlamına gələ bilər. Bu zaman Rusiya şirkətləri İrandan neft alır, rus nefti Avropaya nəql olunur, Avropa şirkətləri isə dərman məhsulları ixrac edir.

Məqalə müəllifi hələlik “INSTEX”-in “dişsiz” olduğunu qeyd edir. Çünki Avropa şirkətləri Amerikanın qəzəbindən qorxur, ona görə İranla dolayı sazişlərdən imtina etməyə üstünlük verirlər. Əgər Rusiya həqiqətən neft sazişləri ilə bağlı mexanizmdə iştirak etsə, Vaşinqton qəzəblənə, Avropa ölkələri ilə münasibətlər daha da korlana bilər. Trans-atlantik münasibətlərdə yaranan soyuqluq isə Moskvaya sərf edir.

Tehran da Avropa ölkələrinin vəziyyətini çətinləşdirir. Bir neçə həftə əvvəl britaniyalılar Cəbəllütariqdə İran gəmisini saxladıqdan sonra ötən həftə İranın katerləri Britaniyaya məxsus tankerin hərəkətinə mane olmağa çalışıblar. Bundan başqa, bir neçə həftə öncə yük gəmilərinə hücum həyata keçirilib. Həmin insidentdə İran günahlandırılıb. O vaxtdan bəri gərginlik bir qədər səngisə də, ötən cümə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu neft qaçaqmalçılığına görə xarici tankerin saxlanıldığını deyib. Vaşinqton Tehranı danışıqlar masası arxasına əyləşdirmək üçün “maksimal təzyiq” siyasətini davam etdirmək niyyətindədir. Avropalılar isə münaqişənin mərkəzindədir.

FİKRİNİ BİLDİR