RUS QAZI QƏRB DÖVLƏTLƏRİ ARASINDA NECƏ NİFAQ YARADIR

“Şimal axını – 2” Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan qaz kəməridir. Onun uzunluğu 1200 kilometr, qiyməti isə 80 milyard dollardır. Layihə Rusiyanın ən böyük şirkətlərindən biri “Qazprom”-a məxsusdur. Tikinti işlərinin bu il başa çatacağı gözlənilir. Bu barədə Norveçin “VG” nəşrinin müxbiri Per Olav Edeqar (Per Olav Ødegård) yazır.

Almaniya layihənin ən böyük dəstəkçilərindən biridir. Bir çox AB ölkəsi onun əleyhinə çıxır. ABŞ boru kəmərini kəskin şəkildə tənqid edir. Prezident Donald Tramp (Donald Trump) layihənin tikintisində iştirak edən bütün şirkətləri sanksiyalarla hədələyir. Ancaq Rusiya Avropanın ən böyük qaz ixracatçısıdır. Avropa hələ Sovet İttifaqı dövründə Rusiyadan qaz alıb.

Bəs onda niyə bu qaz kəmərinin ətrafında bu qədər səs-küy yaranıb? Bu gün Rusiya AB-nin qaza olan ehtiyacının 33%-ni təmin edir. Amma ölkə inkişaf edən bazarda daha böyük pay sahibi olmaq istəyir. Avropaya dəniz yolu ilə maye təbii qaz (MTQ) nəql etməyi təklif edən ABŞ da eyni şeyi istəyir. Bu baxımdan baş verənlər ticarət müharibəsidir. ABŞ ilə Rusiya qaz bazarında rəqabət aparır. Lakin məsələ dah açox siyasi və təhlükəsizlik xarakteri daşıyır.

“Şimal axını – 2” sayəsində qaz qərbə, valyuta isə, əksinə, şərqə gedəcək. Bu, Almaniyanı enerji, Rusiyanı isə böyük gəlirlə təmin edəcək. 2014-cü il Rusiya Krımı ilhaq etdikdən sonra başlayan Şərq-Qərb münaqişəsində enerji effektiv silaha çevrilib.

Məqalədə deyilir ki, AB-nin qarşısında duran tapşırıq enerji mənbələrini diverfikasiya etməkdir. Bununla belə “Şimal axını – 2” boru kəməri Avropanı rus qazından asılı vəziyyətə salacaq. Bu da layihəni siyasi müstəviyə çıxarır.

Donald Tramp dəfələrlə Almaniyanı NATO-nun müdafiəsinə çox az maddi vəsait ayırmaqda, bu zaman rus qazının idxalından asılı duruma düşməkdə ittiham edib. Aprel ayında vitse-prezident Mayk Pens (Mike Pence) bildirib ki, “Şimal axını – 2” boru kəmərinin inşası davam etsə, Almaniya Rusiyanın “girovuna” çevrilə bilər. Energetika naziri Rik Perri (Rick Perry) isə layihənin prezident Vladimir Putinə hədiyyə olduğunu deyib.

Krımın ilhaqından sonra Rusiyaya qarşı iqtisadi sanksiyaları bütün qərb ölkələri dəstəkləyir, amma rus qazının alışı ilə bağlı onlar müxtəlif mövqe tutublar.

“Şimal axını – 2” layihəsinin tikintisində iştirak edən və ya ona maliyyə dəstəyi göstərən böyük Avropa şirkətləri Amerikanın cəza tədbirlərinə məruz qala bilər. Boru kəməri ilə bağlı ziddiyyətlər Şərqlə Qərb, ABŞ ilə mühüm avropalı müttəfiqləri arasındakı münasibətlərin nə qədər gərgin olduğunu göstərir. Avropa ölkələri arasında mübahisə, ABŞ tərəfdən təhdidlər Putinə sərf edir. Qərb ittifaqında birliyin zəifləməsi Rusiyanın uzunmüddətli maraqları çərçivəsindədir. Ona görə yeni qaz kəməri Rusiya üçün təkcə iqtisadi baxımdan vacib deyil. “Şimal axını – 2” layihəsinin icrası daha böyük siyasi qələbəyə çevriləcək.

Layihənin tikinti işləri qrafikdən geri qalır, çünki Danimarka öz ərazi sularında boru kəmərinin salınmasına icazə verməyib. Bu yay inşaat işləri ilə məşğul olan şirkət Danimarkanın ərazi sularından istifadəni nəzərdə tutan ərizəsini geri götürüb. İndi iki alternativ marşrut nəzərdən keçirilir. Danimarkanın yeni xarici işlər naziri Yeppe Kofod (Jeppe Kofod) deyir ki, indi müzakirələr daha xarici siyasi amillərə deyil, yalnız ətraf mühitə və dəniz trafikinə toxunur.

Bütün bu vəziyyət birbaşa Ukraynaya təsir edir. Ölkə uzun müddətdir Rusiya ilə münaqişə şəraitindədir. Avropaya qaz tədarükü ilə bağlı Rusiya və Ukrayna arasında qüvvədə olan sazişin müddəti cari ilin sonu başa çatır. Yeni qaz kəməri sayəsində Rusiya gələcəkdə təbii qazın tranzit ölkəsi kimi Ukraynadan yan keçə biləcək. Bu da Ukraynanı böyük gəlirdən məhrum edəcək.

Mənbə: VG

FİKRİNİ BİLDİR