"AZƏRBAYCAN HAKİMİYYƏTİ İFADƏ AZADLIĞINA BASQIYA SON QOYMALIDIR"

“Azərbaycanda ifadə azadlığı əvvəlki kimi təhlükə altındadır”, - deyə Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç (Dunja Mijatoviç) Azərbaycana səfərinin yekunları haqqında danışaraq bildirib.

Özbaşına həbslərin və hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyəti fəallarının və insan hüquqları müdafiəçilərinin saxlanılması ilə bağlı həyəcanlı mənzərənin əks olunduğu Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını xatırladan Miyatoviç deyib ki, “öz baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi prioritet olaraq qalmalıdır”. O, diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öz çağırışını bir daha dilə gətirib.

Bundan başqa komissar hakimiyyətin qarşısında jurnalistlərin, vəkillərin, siyasi fəalların və hüquq müdafiəçilərinin səfərlərinə qadağa məsələsini də qaldırıb.“Hakimiyyət səfərlərə özbaşına qadağa tətbiqi ilə bağlı praktikadan imtina etməlidir”, - deyə o, bildirib.

Komissarın səfərinin başqa bir istiqaməti Azərbaycanda vəkillərin vəziyyəti ilə bağlı olub. Komissar qeyd edib ki, hər 100 000 insana düşən vəkil sayına görə Azərbaycan Avropa Şurası ölkələri arasında ən aşağı yerdədir. Bu, vəkillərin sayının çox az olduğu yerlərdə, əsasən kəndlərdə, ədalət mühakiməsinə çıxış imkanlarını azaldır.

Xanım Miyatoviç prezidentin ədalət mühakiməsi sistemində islahatlarla bağlı fərmana toxunaraq bildirib ki “həmin islahatlara əlavə olaraq hökumət ölkədə, əsasən də regionlarda vəkil çatışmazlığı probleminin effektiv həlli üzrə səylərini artırmalıdır. Eyni zamanda Vəkillər Kollegiyasına qəbulun şəffaf təsnifat prosesi və obyektiv meyarlara əsaslanması təmin edilməlidir”.

Komissar qeyd edib ki, vəkillərin fikrinin ifadə edilməsi azadlığı vəkilliyin müstəqilliyi ilə bağlıdır. O, intizam icraatının qaldırılması yolu ilə vəkillərin ifadə azadlığının pozulduğunu qeyd edib.

Komissar, həmçinin daxili köçkün şəxslərin vəziyyətinə də toxunub. O, Dağlıq Qarabağda və onun ətrafında həll edilməmiş münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunmasının vacibliyini qeyd edib. Oraya qayıtmaq istəyən köçkünlər bunu könüllü əsaslarla, təhlükəsiz şəraitdə həyata keçirməlidir.

FİKRİNİ BİLDİR