ALMANİYA KİV-İ KANSLERİN XƏSTƏLİYİNİ MÜZAKİRƏ EDİR

“Angela Merkeli titrətmə tutur. O, özünü idarə etməli olur. Xəstəliyi ilə mübarizə aparan güclü qadın görürük.  O, mətanətlə, hətta israrla problemin nə olduğunu demir”, - Nikolaus Blome (Nikolaus Blome) “Bild” tabloidində yazır.

Məqalə müəllifi qeyd edir ki, ölkə əhalisinin böyük əksəriyyəti kimi beynəlxalq kütləvi informasiya vasitələri də mərhəmət və çaşqınlıq içində baş verənləri izləyir.

1997-ci ildə ətraf mühitin mühafizəsi naziri postunu tutan Angela Merkel elə həmin vaxt öz kitabında yazırdı: “Gələcəkdə siyasətdən getmək üçün doğru zamanı müəyyənləşdirmək istərdim. Bu, düşündüyümdən qat-qat çətin oldu. Ancaq mən yarıölü, haldan düşmüş vəziyyətdə getmək istəmirəm”.

Əlbəttə, kansler yarıölü vəziyyətdə deyil. Lakin, deyəsən, doğru zamanı əldən buraxıb. İdarəolunmaz əsmə buna ən pis nümunədir.

2010-cu ilin avqustunda XDİ-dən olan iki baş nazir demək olar bir-birinin ardınca bütün postlardan istefa verdiklərini elan edəndə Angela Merkel bunu anlayışla qarşılayıb. Hər ikisi 10 ilə yaxın vəzifədə olub. Həmin vaxt kansler “kifayətdir” deyib.

Merkelin özünün on illiyi 2015-ci ildə başa çatıb, amma o getməyib, qalıb. Avro və Yunanıstanla yaşanan böhran tədricən qaçqın böhranına keçib. Həmin vaxt istefa? Merkel üçün belə bir qərar fərariliyə bərabər idi, ona görə də bu məsələ heç müzakirə edilmirdi. Hamıya nümayiş etdirməli olduğu borc hissi, xidməti etikası və iradə gücü hər şeydən üstün oldu.

Ola bilsin, kansler bu gün bu qərarına, habelə 2017-ci ildə bundestaq seçkilərində iştirak etmək qərarına görə peşmandır. O bilirdi ki, elə ilk gündən etibarən hakimiyyətdən uzaqlaşması əsas mövzulardan birinə çevriləcək. Onu da bilirdi ki, sonuncu kadensiyasının üstünə əvvəldən kölgə düşəcək. Bununla belə, növbəti səlahiyyət müddətinə razılaşmaq yalnış addım olub. Ən azından, geri boylananda bunu etiraf etmək lazım gəlir.

Ancaq kanslerin hakimiyyət yükünü on il məhdudlaşdırmaq da səhv olardı: demokratik cəmiyyətdə yalnız seçicilər hakimiyyət müddətini məhdudlaşdırmaq, başqa sözlə, onun sonunu müəyyənləşdirmək hüququna malikdir.

Angela Merkel siyasətdən gedəcəyi tarixi özü müəyyənləşdirmək istəyirdi. Bunu sağlam vəziyyətdə və könüllü şəkildə etmək istəyirdi. Amma kansler tərəddüd etdikcə, bu imkanı əldən verir.

Mənbə: BILD

FİKRİNİ BİLDİR