AB İSLAHATLARIN DAVAM ETDİRİLMƏSİNDƏ ERMƏNİSTAN HÖKUMƏTİNƏ YARDIM GÖSTƏRƏCƏK

Avropa Şurasının sədri Donald Tuskun (Donald Tusk) İrəvana səfəri qısa alınsa da, dolğun keçib. İyulun 10-u prezident Armen Sarkisyanla görüşən Tusk Sevan monastırına da baş çəkməyə vaxt tapıb. Lakin səfər proqramının əsas punktu Tuskla Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları olub. Bu barədə “DW” portalının İrəvandakı müxbiri Aşot Qazazyan məlumat verir. 

Payızda postunu tərk edəcək Tusk görüşün yekunlarına dair birgə brifinqdə Ermənistanın inkişaf dinamikasını müsbət qiymətləndirib. O, həmçinin əmin edib ki, Ermənistanla AB arasında əldə olunan Hərtərəfli və geniş tərəfdaşlıq haqda Sazişin icrası üçün İrəvana texniki və maliyyə yardımını davam etdirəcək.

Öz növbəsində Paşinyan Avropa Şurasının rəhbərindən xahiş edib ki, Ermənistanın sənədin ratifikasiya prosesini bir an öncə başa çatdırmaq istədiyini AB ölkələrinə çatdırsın. Baş nazir Ermənistanın Avropa Şurasının müvafiq orqanları ilə birgə sazişin icrası ilə bağlı yol xəritəsi işləyib hazırladığını və sənədin iyulun 1-i onlar tərəfindən təsdiqləndiyini vurğulayıb.

Tərəflər danışıqların yekunlarından razı görünüb. Tuskun sözlərinə görə, AB ümumilikdə Ermənistanın təkmilləşdirilməsini, həmçinin müstəqil, effektiv və səriştəli məhkəmə sistemi yaratmaq, qanunun aliliyi və insan hüquqlarına hörməti təmin etmək, korrupsiya ilə mübarizəni davam etdirmək istəyini dəstəkləyir.

Tusk, həmçinin bildirib ki, AB bu sahədə də həm ekspert resursları, həm əlavə maliyyə yardımı ilə İrəvana kömək edəcək. Paşinyan çıxışında AB ilə Ermənistanın viza rejiminin liberallaşdırılmasının əhəmiyyətini vurğulasa da, qonaq bu məsələni gözardı edib.

Mənbə: DW

FİKRİNİ BİLDİR