RUSLAR BƏŞƏR ƏSƏDİ DƏYİŞMƏYƏ HAZIRLAŞIR?

Fransa kəşfiyyatının istefada olan zabiti, Fransa Kəşfiyyat Araşdırmaları Mərkəzinin direktor müavini, İslam terrorizmi və mütəşəkkil cinayətkarlıq üzrə ekspert Alen Rodye (Alain Rodier) “Atlantico” nəşrinə müsahibəsində iddia edir ki, hal-hazırda Suriyada yaranmış vəziyyətdə irəliləyiş gözə dəymədiyi üçün danışıqlar aparmaq lazım gələcək.

“Suriyanın hökumət qüvvələri daim hücuma məruz qalsalar da, onlar ölkənin şimal-qərbində yerləşən, Türkiyənin dəstəyindən istifadə edən sonuncu müqavimət ocağı olan İdlibi çıxmaq şərtilə ölkənin bütün qərb bölgəsini nəzarətdə saxlayırlar. Bu anklavı hərbi yolla tabe etdirmək mümkün deyil, çünki Tehran və Rusiya ordusunun rəhbərliyi altında xarici döyüşçülərin dəstəyi ilə də Suriya qoşunlarının bunun üçün texniki və mülki vəsaiti yoxdur. Düşmən həddən artıq güclüdür, fövqəladə vəziyyətdə isə ona Ankara kömək edəcək. Üstəlik, Türkiyə artıq üç milyon qaçqını qəbul edib və yeni qaçqın axınına sığınacaq vermək iqtidarında deyil. Suriyanın hökumət qoşunlarının bu rayonda hücuma keçməsi faciəvi nəticələrə səbəb ola bilər”, - deyə ekspert qeyd edir.

“ABŞ tədricən Suriyanı tərk edir. Çünki onun bu gün başqa yerlərdə birbaşa maraqları var. Öz növbəsində Türkiyə bütün diqqətini PKK-a verərək cənub sərhədində təhlükəsizliyi təmin etməyə çalışır. İranın Amerika sanksiyaları, Səudiyyə Ərəbistanı və BƏƏ münasibətlərində artan gərginlikdən dolayı başqa problemləri var. Nəhayət, Rusiya istədiyini alıb. Beləliklə, bütün bunlar ciddi danışıqların başlamasına imkan yaradır, ancaq Əsədsiz”, - deyə Rodye bildirir.

“Problem ondadır ki, Moskvanın nəzərdən keçirdiyi siyasi variant çətinlik yaradır, çünki Əsəd klanına potensial varis namizədlər artıq Qərbin qara siyahısına düşüb və onların Beynəlxalq Cinayət Məhkəməsinin qarşısına çıxmaq perspektivi fon rolunu oynayır”, - həmsöhbət nəşrə bildirir.

“Bəşər Əsədin yaxın müşaviri, Hava Kəşfiyyat Qüvvələrinin üzvlərindən və banilərindən biri general mayor Əli Məmlük (Ali Mamlouk) mümkün xələf hesab edilir. O, iyulun 7-i təhlükəsizlik məsələləri üzrə Suriyanın vitse-prezidenti təyin edilib. Əvvəllər Milli Təhlükəsizlik Bürosuna başçılıq edən Məmlük Suriyada bütün xüsusi xidmət orqanlarının işinə nəzarət edib”, - deyə Rodye məlumat verir.

“Ümumilikdə Qərb ölkələrinə səfər etmək Məmlükə qadağan edilsə də, onun keçmiş vəzifəsi həm Suriyada, həm başqa yerlərdə bir çox xarici rəsmi şəxslərlə görüşməyə imkan verib. O, Moskva, Qahirə və Ammanda rəsmi səfərdə olub. Çox güman, onu Ankara, Ciddə, hətta Romada da böyük ehtiyatla qəbul ediblər (kifayət qədər təhlükəli addımdır, çünki yaxın həmkarlarından biri kimi orada həbs edilə bilərdi). Bundan başqa, Məmlük Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanla (Mohammad Ben Salman) görüşüb. Orada generalı ən yaxşı qəbul gözləyib. Hamı bilir ki, şahzadə prezident Donald Trampın (Donald Trump) etibar etdiyi şəxslərdən biridir. Tramp növbəti 2020-ci il prezident seçkilərində şəxsi uğuru kimi təqdim edə biləcəyi sazişə nail olmaq üçün Avropanın fikrini nəzərə almamağa da hazırdır (və ilk belə hal deyil)”, - deyə ekspert bildirir.

Rodye xatırladır ki, ruslar general Məmlükü çox yaxşı tanıyırlar. Belə ki, hələ SSRİ dağılmadan öncə onların uzun illər generalla yaxın münasibətləri olub.

“Suriya kəşfiyyatının bütün rəhbər əməkdaşları əvəzlənib. Bu, təsadüf ola bilməz. Bəziləri bunda Suriyada Tehranı geridə qoymağa can atan Moskvanın təsirini görürlər. “Ruslar həqiqətən Suriyanı öz əllərinə alıblar” – indi bunu iddia etmədən öncə gözləmək lazım gələcək. Problem ondadır ki,  həmişə kimi 2011-ci ildən davam edən vətəndaş müharibəsinə görə mülki əhali bədəl ödəyir. Buna son qoymağın vaxtıdır”, - ekspert sonda qeyd edir.

Mənbə: ATLANTICO

FİKRİNİ BİLDİR