İRANLA MÜHARİBƏ YER ÜZÜNDƏ CƏHƏNNƏMƏ ÇEVRİLƏCƏK

Hamı İranla müharibədən qorxur. Çünki İraqla müqayisədə İrana hücum daha ciddi xarakter daşıyır. “Berlingske” nəşrinin müxbiri Kristian Mouritsen (Kristian Mouritzen) bunu səbəbini İranın daha böyük və peşəkar orduya sahib olmasında, bütün Yaxın Şərq regionu üzrə daha əhatəli əlaqələrə malik olmasında görür. İran bu müharibəni həm konvesional silahın köməyi ilə, həm də qərb hədəflərinə qarşı terrorçu metodlardan istifadə etməklə aparacaq.

ABŞ və İran nüvə sazişindən çıxdıqdan sonra hamı müharibədən qorxur. Böyük Britaniya, Almaniya və Fransa çox gec olmadan İranı israrla öhdəliklərə əməl etməyə çağırır.

Ancaq bu, kömək olmur. İran iki mühüm maddə üzrə sazişi pozduğunu elan edib. İslam Respublikası zənginləşdirilmiş uran həcmi ilə bağlı nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqramlıq limiti aşıb. Tehran həmçinin uranın 3,67 faizdən artıq zənginləşdirilməməsi şərtindən imtina edib.

Hələlik vəziyyət çətin olaraq qalır. AB İranı inandıra bilmir ki, onlar sazişin şərtlərinə əməl etsələr, Avropa, Rusiya və Çin ilə ticarət bərpa ediləcək. Amerika prezidenti Donald Tramp (Donald Trump) İran əleyhinə sanksiyaları pozacaq ölkə və şirkətləri ciddi tədbirlərlə təhdid etdikdən sonra AB bu mübarizəni ABŞ-a uduzub. Ona görə İran avropalıların bu işdə faydalı olacağını düşünmür.

Məqalə müəllifi xatırladır ki, həm İran, həm ABŞ müharibə istəmədiyini, əksinə danışıqlar yolu ilə problemi həll etmək istədiyini bəyan edib. Bəs onları danışıqlara necə məcbur etmək olar? Məsələ də elə budur.

İran qoşunlarının komandanı, general-mayor Əbdülrəhim Musavi (Abdulrahim Mussawi) yerli “Mehr” informasiya agentliyinə İranın müharibə istəmədiyini deyib. Tramp danışıqlar variantını nəzərdən keçirdiyini iddia edir, amma Amerikanın əlavə hansı məsələlərdə İrandan güzəşt tələb edəcəyinə aydınlıq gətirməyib. İran isə öz növbəsində bildirib ki, sanksiyalar ləğv olunmayanadək danışıqlara getməyəcəklər. Vəziyyət o qədər gərgindir ki, hər iki tərəf sırf təsadüf ucbatından dağıdıcı müharibəyə səbəb ola bilər.

Corctaun Universitetində Yaxın Şərq araşdırmaları professoru Trita Parsinin (Trita Parsi) sözlərinə görə, vəziyyət son dərəcə təhlükəlidir və hər iki tərəf danışıqlar masası arxasına qayıtmalıdır.

“İran sevinməlidir ki, Tramp bir neçə həftə əvvəl son böhran zamanı hərbi qarşıdurma ideyasından imtina edib”, - deyə ekspert bildirib. Ardınca Parsi əlavə edib ki, İran danışıqlar baxımından Trampa daha aktiv güzəştə gedə bilər.

Eyni zamanda o, Amerika administrasiyasında münaqişənin hərbi yolla həll edilməsini istəyən, müharibəni qızışdıran şəxslərin olduğunu vurğulayır. Xüsusilə bura Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton) və dövlət katibi Mayk Pompeo (Mike Pompeo) daxildir. Verilən məlumata görə, bir neçə həftə öncə Amerikaya məxsus dron vurulanda hər iki şəxs hərbi tədbirləri dəstəkləyib. Bu isə o deməkdir ki, ABŞ cavab tədbiri olaraq silaha əl atmağı düşünüb, sadəcə son anda Tramp fikrini dəyişib.

Amerikanın “Vox” nəşri səkkiz hərbi ekspertə müraciət edərək İranla ehtimal edilən müharibəni dəyərləndirmələrini xahiş edib. Onlardan biri “yer üzündə cəhənnəm” deyə cavab verib. Bu ölkə ilə tam miqyaslı müharibə yüz minlərlə insanın ölümünə səbəb olacaq, müharibədən sonra isə İran keçmişdə olduğu kimi uzun illər ard-arda məqsədyönlü şəkildə qərbin maraqlarına mane olacaq.

Dolayısıyla, Trampın İranla müharibə istəməməsi üçün kifayət qədər səbəb var. Bəs buna necə yol verməməli? Əsas problem də budur.

Mənbə: BERLINGSKE

FİKRİNİ BİLDİR