OLİQARXİK REJİMLƏR LAXLAMAĞA BAŞLAYIB

AB-nin şərq qonşuları bu gün əhəmiyyətli demokratik transformasiyadan keçir. Həmin proseslərin dönməzliyi zamanla aydın olacaq. Ukrayna, Moldova və Gürcüstan – bütün bu ölkələrdə anti-oliqarxik ritorika siyasi dəyişikliklərin üstünlük təşkil edən elementidir. Moldovanın “Expert Group”  analitika mərkəzinin eksperti, politoloq Dionis Çenuşa (Dionis Cenuşa) “IPG” portalında dərc edilən məqaləsində bu məsələyə toxunur.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski ölkə siyasətində islahatlar keçirəcəyinə söz verib. Bura dövlət qurumlarının oliqarxların təsirindən çıxarılması da daxildir. Belə ki, Petr Poroşenko administrasiyası dövründə və ondan əvvəl də qeyd edilən vəziyyət adi hal olub.

Moldovada anti-oliqarxik geosiyasi koalisiyanın yaradılması ölkənin siyasi məkanının restrukturizasiyasında əsas hərəkətverici qüvvəyə çevrilib. Nəticədə oliqarx Vladimir Plaxotnyukun (Vladimir Plahotniuc) başçılıq etdiyi Demokratik Partiya hakimiyyətdən gedib.

Paralel olaraq Gürcüstanda baş verən son hadisələr oliqarx Bidzina İvanişvilini etirazçılara güzəştə getməyə məcbur edib. Belə ki, rusiyalı siyasətçinin səfərinə görə başlayan və bugünədək davam edən küçə nümayişləri zamanla oliqarx hakimiyyətin radikal tənqidinə çevrilib.

Politoloq xatırladır ki, Moldovanın yeni baş naziri Maya Sandu (Maia Sandu) parlamentdəki çoxluğa əsaslanaraq “lüstrasiya” keçirməyə başlayıb. Əsas məqsəd dövlət sistemini devrilən oliqarx rejimin tərəfdarlarından təmizləmək və onları açıq müsabiqə seçimi ilə gələn vicdanlı insanlarla əvəzləməkdir. 

Rusiya amili ətrafında ehtirasları sakitləşdirməyə çalışan Maya Sandu geosiyasi qarşıdurmaya fikir vermədən Rusiya ilə iqtisadi əməkdaşlığa can atır. Bu cür arqumentlərə Ermənistanın baş naziri Nikol Paşinyan əl atır. Hər iki halda korrupsiya ilə mübarizəyə, oliqarx sxemin məhvinə, həmçinin AB ilə münasibətlərin intensivləşdirilməsinə üstünlük verilir.

Küçə etirazları hesabına iqtidardan güzəşt əldə etmək Gürcüstan və Ermənistan üçün adi haldır. Hərçənd ötən il Ermənistanda etirazların intensivliyi daha az olub. İyun ayında Tiflisdə başlayan etiraz aksiyaları İvanişvili rejimini qarşıdan gələn 2020-ci il seçkilərində proporsional sistemə geri qayıtmağa məcbur edib.

Cari deoliqarxlaşma prosesini mümkün olduğu qədər tez bir zamanda dövlət qurumlarını oliqarx çevrələrin potensial müdaxiləsindən müdafiə edən daimi qoruyucu mexanizmlərlə əvəzləmək lazımdır. Bu prosesə artıq “inqilab” adı veriblər. Hərçənd onun başa çatmasına hələ çox var. Əslində Moldovada siyasi hakimiyyət yenidən bölünür. Bu da xarici dövlətlərin istəyi, xüsusilə Rusiyanın strateji maraqları olmadan mümkün olmazdı. İndiki prosesin məğzi daha çox dövlət institutlarının iş qabiliyyətinin bərpasına, daha az isə cəmiyyət tərəfindən açıq şəkildə tələb edilən inqilaba dayanır. Sistemdəki dəyişiklikləri mümkün olduğu qədər tez bir zamanda həyata keçirmək lazımdır.

Moldovadakı siyasi hadisələr “Şərq tərəfdaşlığı” ölkələrində müşahidə edilən aktual regional tendensiyalara oxşayır: 2018-ci ildə Ermənistandan sonra Ukrayna və Gürcüstanda da oliqarx rejimlər laxlamağa başlayıb. Bununla belə oliqarx təsirin kəsilməsi ayrı-ayrı oliqarxlara yönəlmiş müvəqqəti tədbir deyil, dağılmaz hərtərəfli məqsədə çevrilməlidir.

Mənbə: IPG

FİKRİNİ BİLDİR