ƏRDOĞAN POPULYARLIĞINI NECƏ QAYTARACAQ?

“İstanbulu alan, Türkiyəni alır”. Bir vaxtlar Türkiyə prezidenti Ərdoğan belə deyirdi. Görünür, o, indinin özündə də belə düşünür. Əks təqdirdə, martda müxalifətin qalib gəldiyi mer seçkilərinin ləğvinə təzyiq göstərməzdi. Bu barədə Kirill Jarov Karnegi Moskva Mərkəzi üçün yazır.

Lakin qərar kömək olmadı. Təkrar seçkilərdə iqtidarın namizədi yenidən məğlub olub, özü də bu dəfə daha böyük fərqlə. İndi İstanbula müxalifət rəhbərlik edir. Həmçinin Ankara, İzmir, Antalya və Adanaya. Bu şəhərlər Türkiyənin mühüm mərkəzləri, külli miqdarda maliyyə axınının dövr etdiyi turizm, kənd təsərrüfatı regionlarıdır.

Bu il Ərdoğan regional seçkilərdə həddi aşanda xalqın özünü necə apardığını gördü. Müxalifət artıq respublikanın inkişafında yeni dövrdən, Ərdoğan və hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) yaxın sonundan bəhs edir. Həqiqətən, Türkiyə prezidenti 17 illik hakimiyyəti dövründə ən ciddi böhranla üz-üzədir. O, mövqeyini möhkəmlətmək üçün effektiv tədbirlər görməlidir, əks təqdirdə hakimiyyəti itirə bilər.

İstanbulda təkrar mer seçkiləri ölkədə hakim AKP və şəxsən Ərdoğana etimad referendumu kimi qəbul edilib. Ona görə iqtidar uduzduqdan sonra hamı artıq növbəti il növbədənkənar parlament və prezident seçkiləri perspektivini aktiv şəkildə müzakirə etməyə başlayıb.

Məqalə müəllifi xatırladır ki, seçkilər plana əsasən 2023-cü ildə keçirilməlidir. Amma populyarlığını təsdiq etmək imkanı əldə etmək üçün Ərdoğana bu qədər uzun müddət gözləmək sərf etmir. O, mövcud tendensiyaları qırıb, müxalifətin möhkəmlənməsinə icazə verməmək üçün bunu daha tez etməlidir.

İstanbuldakı nəticələri nəzərə alsaq, inandırıcı qələbəyə zəmanət yoxdur. Lakin hələlik Ərdoğanın reytinqlərini möhkəmlətmək şansı var.

Çox güman, türk lider ilk olaraq partiyasını birləşdirməyə çalışacaq ki, o, yenidən bütöv bir orqanizm kimi işə düşsün. Hazırda AKP sıralarında prezidentin addımlarını bəyənməyən kifayət qədər insan var. Onlar partiyanı tərk etməyə namizədlərdir. AKP həmişə narazıların üstündən adlayıb, onları çoxluğun rifahı naminə aktiv şəkildə işə qoşulmağa hazır olan yeni insanlarla əvəzləyə bilib.

Hakim partiyadan başqa, prezident hökuməti də yoluna qoymalıdır. Nazirlər kabineti mövcud tərkibdə ölkədəki iqtisadi böhranın öhdəsindən açıq-aşkar gələ bilmir. Ötən ildən bu yana milli valyuta 30%-dən çox dəyər itirib. Əsas məhsulların qiyməti orta hesabla 2-4 dəfə artıb. Ölkəyə investisiya axını kifayət qədər deyil, beynəlxalq reytinq agentlikləri isə Türkiyəyə yatırımın riskli olduğunu bildirirlər.

Məqalədə deyilir ki, postundan uzaqlaşdırılmağa əsas namizəd Ərdoğanın kürəkəni, maliyyə naziri Berat Albayrakdır. Vaxtilə onun bu vəzifəyə təyin edilməsi nəinki müxalifət düşərgəsində, eyni zamanda mötədil türklər, hətta AKP tərəfdarlarının narazılığına səbəb olmuşdu. Prezidentin yaxın qohumunun hökumətə düşməsi azmış kimi, üstəlik maliyyə sahəsində əsas postlardan birinə təyin edilmişdi. Hərçənd təyinata kimi Albayrakın dövlət aparatında yüksək vəzifələrdə iş təcrübəsi olmayıb.

İkinci namizəd kimi daxili işlər naziri Süleyman Soylunun adı çəkilir. O, qiyamçılarla – həm real, həm də 2016-cı ildə dövlət çevrilişi cəhdinin yalançı iştirakçıları ilə amansız mübarizənin simvollarından biridir. Onun rəhbərliyi altında nazirlik sui-qəsdçi axtarışının “ağını çıxarıb”. Sui-qəsdçilərlə bu qədər qızğın mübarizə rejimin populyarlığına təhlükə kəsb etməyə başlayıb.

Kənd təsərrüfatı naziri Bekir Pakdemirli də postunu tərk edə bilər. Buna səbəb meyvə və tərəvəzin qiymətində müşahidə edilən kəskin bahalaşmadır. Türk fermerlər iflas olmaq təhlükəsi qarşısında qalmadan orta qiymət təklif edə bilmir. Və indi dövlət aparatında kimsə hakimiyyətin sosial həssas məsələdəki uğursuzluğuna görə cavab verməlidir.

Türk iqtisadiyyatı ressesiyadadır, inflyasiya, işsizlik artır, Türkiyənin ənənəvi aqrar sektoru ağır böhran vəziyyətindədir. Ərdoğan bu sahələrdə nəzərəçarpan müsbət dəyişikliyə imza atmasa, populyarlığını bərpa edə bilməyəcək.

İnadkar sabiq baş nazir Əhməd Davutoğlu, keçmiş iqtisadiyyat naziri Əli Babacan və eks-prezidneti Abdulla Gül yeni partiya yaratmaq istəyirlər. Bu insanlar da Ərdoğan kimi siyasi islamı təbliğ edirlər, amma mərkəzə doğru meyl etmirlər və hazırkı prezident kimi güclü rəhbər ədaları nümayiş etdirmirlər. Onların siyasi çəkisi və təcrübəsi var. Onların arxasınca gedənlər olacaq. Bura AKP üzvləri də daxildir. Bu istiqamətə axın edən seçicilərin sayı çox ola bilər və adı çəkilən siyasətçilərin AKP ilə koalisiya yaratmaq istəyəcəyi də fakt deyil.

FİKRİNİ BİLDİR