GÜRCÜSTAN PUTİNİN İMİCİNİ NECƏ DƏYİŞİB

Rusiya prezidenti alicənab, müdrik filosof rəhbər obrazını aktiv şəkildə inkişaf etdirir. Putin ictimaiyyəti belə bir fikrə hazırlayır: o, Rusiyaya ürəyi istədiyi qədər rəhbərlik edəcək. “Dojd” telekanalının aparıcısı, “DW” portalının köşə yazarı Konstantin Eggert bu fikirdədir.

Məqalə müəllifi əvvəlcə Putindən bir balaca tarix öyrənməyi təklif edir: “1919-1920-ci illərdə osetinlərin soyqırımında Gürcüstan günahkardır. Stalin Gürcüstanın maraqları daxilində Beriyanın əli ilə abxazlara dəhşətli divan tutub. 2008-ci ildə Saakaşvili kimin dəstəyi ilə müharibəni qızışdırıb? Bəli! Amerikalıların. Putinin özü təmkinli, humanist bir insan kimi Mixail Nikolayeviçi Stalin kimi qələbə axtarışına çıxmamağa dilə tutub, ancaq o, buna baxmayaraq müharibəni başlatdığı üçün bədbəxt abxazları, osetinləri müdafiə etmək lazım gəlib”.

Eggert qeyd edir ki, Vladimir Vladimiroviç iyulun 9-u Yekaterinburqda mətbuat nümayəndələri ilə görüşdə onun ünvanına təhqiramiz ifadələr söyləyən Gürcüstanın “Rustavi-2” telekanalının jurnalisti Georgi Qabuniyanı danlasa da, onu məhkəməyə verməyəcək: “O, tamamilə müstəqil Dövlət Duması və tamamilə müstəqil hökumətini qonşu ölkəyə qarşı sanksiya həyata keçirməməyə çağırıb. Dövlət Duması qəhrəmancasına gürcü şərabının idxal qadağasını gündəlikdən çıxarmaqdan imtina edib. Deyəsən, onun müqaviməti uzun çəkməyəcək”.

“Uzun sözün qısası, “Armata” tankları kaponirlərdə, “Su” qırıcıları isə anqarlarda qalıb. Yekaterinburqdakı qısa görüşdə Putin sülhməramlı, müdrik və alicənab insan rolunda çıxış edib. Rəhbərliyi müxalif telekanalın aparıcısını qınayan Gürcüstan xilas edilsə də, publik məhv edilib. Bu addım dövlət televiziyasının auditoriyasının, üstəgəl, Qərbdə bütün bu “inadkar” gürcüləri, ukraynalıları və moldovalıları Moskvaya verib, sanksiyaları ləğv edib Vladimir Vladimiroviç, İroq İvanoviç və Rusiyanın digər “yaxşı ailələrinin” nümayəndələri ilə birlikdə pul qazanmaq istəyən şəxslərin tələbi ilə Putin tərəfindən atılıb”, - məqalədə deyilir.

Köşə yazarı Putinin Ural səfərinin ümumiyyətlə ənənəvi “rəisin regiona səfəri” janrından kənara çıxdığını yazır: “Tiflis böhranını sakitləşdirməklə yanaşı, Rusiya lideri Putinin gəlişindən öncə qloballığı hamıya aydın olmayan İstehsal və Sənayeləşdirmə üzrə İkinci Qlobal Sammitin iştirakçıları qarşısında proqram nitqi ilə çıxış edib. Prezident özünəməxsus sadə xalq dilində bərpa edilə bilən enerji tərəfdarlarına hücum edib: yel dəyirmanları itkidən başqa bir şey deyil, milyonlarla quş ölür, soxulcanlar torpaqdan çıxır. Əslində, o, “The Financial Times” qəzetinə verdiyi məlum müsahibənin süjet xəttini davam etdirib”.

Məqalə müəllifi xatırladır ki, Putin həmin müsahibədə Krım, Ukrayna ilə müharibə, ya da Skripallar haqqında bir kəlmə də işlətməyib, əvəzində qlobal “liberalizm böhranı” haqqında geniş müsahibə verib: “Sonra Putin Ural Federal Universitetinin tələbə və müəllim heyəti ilə söhbətləşib. Bununla da düşmənlərinin “Putin gənclərdən uzaqdır” fikrini rədd edib. Həmçinin çoxuşaqlı ailə ilə görüş, zirehli limuzindən geniş Federal Mühafizə Xidmətinin əməkdaşları (üzr istəyirəm, sadə Yekaterinburq camaatı) arasına “spontan” çıxış olub”.

Jurnalist qeyd edir ki, “qorxmuş soxulcan” mövzusu və siyasi kontekstdən asılı olaraq Putinin göyqurşağının bütün rənglərinə transformasiya etdiyi Stalin obrazı ilə nə qədər lazım gəlsə zarafat etmək olar, ancaq fakt fakt olaraq qalır: Rusiya avtoritar rejiminin dəyişilməz rəhbəri sağçı mühafizəkar qüvvələrin beynəlxalq lideri, inkişaf etməkdə olan ölkələrin müdafiəçisi imicini “yaşıl energetika”, sağlam düşüncəli insan, ailə dəyərlərinin müdafiəçisi kimi yeni dəbə gələn trendlərdən aktiv şəkildə təmizləyir. O, hətta buna görə şəxsi incikliyinin qisasını almamağa da hazırdır. Hərçənd kim bilir, Şimali Qafqaz sakinləri Qabuniyanın əməli ilə bağlı nə düşünüblər. Belə ki, onlar əvvəllər də həmin tənqidçilərdən küsüblər. Və tənqidçilərin sonu da ölümlə nəticələnib”.

“Putin Rusiyanın “alçaldılması” ilə bağlı uydurma hekayələrlə qərb cəmiyyətinin sadəlövh təbəqəsi arasında günah hissi yaratmağa davam edir. Və onun bu işdə uğurlu olduğunu söyləmək olar. Əvvəllər bu mövzu deşik düşənə qədər istifadə edilən, Qərbin Qorbaçova NATO-nun genişləndirilməməsi ilə bağlı verdiyi vəd idi. İndi isə yeni mövzu meydana çıxıb. Guya hiyləgər Barak Obama (Barack Obama) 2014-cü ildə Ukrayna ilə bağlı telefon danışığında əldə edilən hansısa razılığı yerinə yetirməyib. Bütün dünyada diktatorların ən yaxşı dostu, yorulmaq bilmədən Amerika imperializmi ilə mübarizə aparan rejissor Oliver Stoun (Oliver Stone) Kreml təbliğatının yeni yaylım atəşi üçün böyük məmnuniyyətlə öz xidmətlərini təklif edib”, - məqalədə deyilir.

“Həqiqi mühafizəkarlığın baniləri – lord Akton (John Dalberg-Acton, 1st Baron Acton), Uilyam Bakli (William Buckley), Fridrix fon Hayek (Friedrich August von Hayek) bu cür “davamçı”dan gorlarında pərlə fırlanırlar. Axı onlar hüquqi dövlət, azad iqtisadiyyat və azad şəxsiyyət prinsiplərini müdafiə edirdilər. Lakin onlar o biri dünyadadırlar, Putin isə bizimlədir. Və bunun hələ uzun müddət davam etməsi üçün əlindən gələni edir. Özü də indiki rolu – siyasi döyüşlər və dövlət müəssisələrinə mədaxil hesabatı arasındakı fasilələrdə dünyanın aqibəti haqqında düşünən müasir Mark Avreli (Marcus Aurelius) rolu açıq-aydın onun xoşuna gəlir”, - jurnalist yazır.

Eggert hesab edir ki, Putin eyni zamanda müasir olmağa, həm də tarixdə öz yerini möhkəmlətməyə çalışır: “O, getməyə hazırlaşmır. Nə 2024-cü ildə, nə də sonra. Bəs bu, necə təmin ediləcək? Bunun isə artıq heç bir əhəmiyyəti yoxdur”.

Mənbə: DW

FİKRİNİ BİLDİR