KOSMOSUN RESURSLARI UĞRUNDA DÜNYA MÜHARİBƏYƏ HAZIRDIRMI?

Bütün ağır sənayeni kosmosa daşımaq – elmi fantastika kimi səslənir. Hələ on il əvvəl bu ideya ağılsızlıq kimi görünə bilərdi, bu gün isə qulağa çox məntiqli gəlir. Milyarderlər və dünyanın güclü şəxsləri Yerdə kosmosun qalıqlarını toplamaq yerinə başqa planetlər və asteroidlərdə resursların toplanılmasını təklif ediblər. Təkcə Günəş sistemində resursların miqdarı Yerdəkindən milyard dəfə çoxdur. Bu, bütün bəşəriyyətin sağ qalması üçün mühüm əhəmiyyət kəsb edə bilər. Ancaq bir “əmma” var. 

Mərkəzi Florida Universitetindən planetoloq Fil Metsger (Philip Metzger) deyir ki, Günəş sistemi Yer ilə müqayisədə milyard dəfə çox sənaye dəstəkləyə bilər: “Sivilizasiya planetin imkanlarını aşanda, bizim üçün ağlasığmaz şeylər yarada bilər”.

İnsanlar Yer planetinin resurslarından istifadə etdikcə, əhalinin sayı artır, torpaq azalır, iqlim pisləşir və hər bir kəs nədənsə imtina etməli olur. İstənilən halda, yaxın kosmosun mənimsənilməsi ilə bağlı yeni dalğanın əsasında məhz bu ideya dayanır.

 “Planetary Resources” şirkəti asteroidlərdə faydalı ehtiyatların hasilatı üçün texnologiyaların işlənib hazırlanmasına on milyonlarla dollar vəsait cəlb edib. Lakin gücünü yaxşı hesablamayıb. Hələlik şirkətin asteroiddə birinci missiyası qeyri-müəyyən müddətə təxirə salınıb. Ancaq əmin olun, gün gələcək və bu missiya baş tutacaq.

 

Dünyanın ən imkanlı şəxslərindən biri, “Blue Origin” və “Amazon” şirkətlərinin təsisçisi Ceff Bezos (Jeff Bezos) da kosmik resurslara ümid edir.

 “Məncə, Yeri xilas etmək üçün kosmosa yola düşməliyik. Uzunmüddətli və fundamental problem ondan ibarətdir ki, Yerdə enerji başa çatacaq. Sadə hesabatdır. Bu, baş verəcək”, - deyə Bezos ötən ay bildirib.

Hətta Amerikanın milli kosmik agentliyi “NASA” bu yaxınlarda ay kraterlərinin və asteroidlərin tədqiqində kömək edə biləcək texnologiyalara milyonlarla dollar investisiya edib. Planetin problemlərini təkcə fiziki resurslar həll etməyəcək. Kosmosda günəş elektrik stansiyaları bizi demək olar limitsiz enerji ilə təmin edə bilər. Və Çin artıq bu istiqamətdə iş görməyə başlayıb.

 

Yerdəki istehsalı kosmosa köçürmək üçün milyarderlər çox iş görməli olacaq. Alimlər belə bir imkanın öyrənilməsinə hələ təzə başlayıb. Hələ 10 il əvvəl heç kim bu barədə düşünmürdü. Cəmi 5 il öncə “Made In Space” şirkəti çəkisizlik şəraitində ilk dəfə 3D-obyekt çap edib. Ötən il NASA aerokosmik sinif metallar hesab edilən titan və alüminiumdan detalların istehsalı üçün sistemin yaradılmasını məhz bu şirkətə təklif edib.

 

Bütün bunlar hələ çox uzaq görünür. Hansı ölkə bu resursların adından çıxış etmək hüququ əldə edəcək? Hələlik bu məsələyə aydınlıq gətirmək lazımdır. Onlar öz aralarında razılığa gələ biləcəklərmi? Ola bilsin, qarşıda bizi kosmik resusrlar uğrunda müharibə gözləyir. İqlim dəyişiklikləri və resursların sürətlə tükənməsi bizi doğma planetin hüdudlarından kənara baxmağa məcbur edir.

FİKRİNİ BİLDİR