ERMƏNİSTANIN VİTSE-BAŞ NAZİRİNDƏN GÖZLƏNİMƏZ BƏYANAT

Ermənistanın vitse-baş naziri Mqer Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Ermənistan istehlak məqsədilə qaz idxalı ilə bağlı İranla danışıqlar aparır. Bu yaxınlarda Tehranda səfərdə olan Qriqoryan Ermənistan-İran İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edib, həmçinin prezident Həsən Ruhani ilə görüşüb. Bu barədə “lragir.am” köşə yazarı Akop Badalyan məlumat verir.

Vitse-baş nazir İranla danışıqların hələ təzə başladığını, hələlik detallı məlumat verə bilməyəcəyini, ancaq danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, söhbət elektrik enerjisi və ya başqa məhsulların əvəzində daxili istehlak üçün qaz tədarükündən gedir. Qriqoryan deyib ki, əvvəllər oxşar danışıqların aparılıb aparılmadığından xəbərsizdir.

Məqalə müəllifi bunun misli görünməmiş bəyanat olduğunu düşünür: “Çünki rəsmi İrəvan əvvəllər heç vaxt istehlak qazı ilə bağlı danışıqlardan bəhs etməyib. Bundan başqa, əvvəllər jurnalistlər rus qazına alternativ kimi İrandan qaz tədarükünün mümkün olub olmaması ilə bağlı rəsmi şəxslərə sual ünvanlayanda onlar İranın rəqabət qabiliyyətli qiymət təklif etmədiyi üçün danışıqların aparılmadığını bildiriblər”.

Sanki Ermənistan İrandan təklif gözləyib. Tehran öz növbəsində Ermənistanla danışıqlara hazır olduğunu bəyan edib.

Qriqoryan deyir ki, qazla elektrik enerjisini barter etmək Ermənistana sərf edir, çünki energetika sahəsində ümumi effekt əldə etməyə imkan yaradır. Ermənistan çoxdandır elektrik enerjisi əvəzində İrandan qaz alır. Tehran dəfələrlə bu enerjinin ona lazım olmadığını vurğulayıb, ancaq dost Ermənistana lazımdırsa, güzəştə getməyə razı olduğunu bildirib.

Bu, o deməkdir ki, belə bir variant İranın ürəyincə deyil? Və ABŞ sanksiyaları sərtləşdirsə, nəticədə İranda elektrik enerjisinə defisit yaransa, vəziyyət dəyişə bilərmi? Onda İrəvanın təklifi müzakirə edilə bilər.

İrəvanla Moskva arasında çətin qaz danışıqları davam edir. Çətinliyə səbəb hərbi-siyasi kontekstdir. Başqa sözlə, bu çətinlik Ermənistan suverenliyinin bərpa edilməsinin bədəlidir.

Məqalə müəllifi qeyd edir ki, suveren Ermənistan Tehran üçün mühüm hərbi-siyasi amildir və bu kontekstdə qaz məsələsi İran üçün iqtisadi mənfəətlə müqayisədə mühüm siyasi əhəmiyyət qazanır. Bu çətin danışıqlarda İran Ermənistana mövqeyini möhkəmlətməyə kömək edəcəkmi?

Bu, Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edə bilər. Belə ki, Vaşinqton Ermənistan-İran əməkdaşlığına əngəl törətmədən Ermənistanın suverenliyinin bərpası istiqamətində bu cür vacib fraqmentə mane olmaya bilər.

Mənbə: LRAGIR.AM

FİKRİNİ BİLDİR