“S-400” TÜRKİYƏNİ KİMDƏN MÜDAFİƏ EDƏCƏK?

ABŞ və NATO-nun təhdidlərinə rəğmən müstəqil və ciddi bir dövlət kimi “S-400” qərarından vaz keçməyən Türkiyə artıq təslimat üçün gün sayır. Bu arada “S-400” sistemlərinin yerləşdiriləcəyi yerlər və radarların aktiv olub olmayacağı ilə bağlı müzakirələr gedir. Bəziləri hətta raketlərin strateji deyil, taktiki-operativ məqsədlə istifadə ediləcəyini iddia edir.

Bununla əlaqədar “S-400” sistemlərinin Türkiyə baxımından əhəmiyyətini növbəti dəfə təhlil etmək lazımdır. Çünki mübahisələr bu komplekslərin strateji cəhətdən nə qədər vacib olduğunu göstərir. Xüsusilə, hərbi kəşfiyyat baxımından. Yəni qeyd edilən sistemlər mümkün təyyarə və raket hücumlarının qarşısını almaqla yanaşı, həssas radarların köməyi ilə regionda bütün aktivliyi izləmək və qəfil hücum riskini aradan qaldırmaq imkanına malikdir. ABŞ-ın bu qədər səs-küy qoparmasının səbəblərindən biri də budur.

Verilmiş mərhələdə aktiv müzakirə edilən bir başqa məsələ də var: “S-400” Türkiyəni kimdən müdafiə edəcək? Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin sabiq rəhbəri, istefada olan general-polkovnik İsmail Hakkı Pelin bu məsələ ilə bağlı “Milliyet” qəzetinin müxbiri Tunca Benginin suallarını cavablandırır.

“Yunanıstan tərəfdən hava hücumları ola bilər. İsrail təyyarələri və ballistik raketləri vasitəsilə hücuma keçə bilər. Bir də İran var. Hərçənd o, indi düşmən deyil, ancaq sabah nə olacaq, bilmək olmur. Nəticə etibarilə İranın 2000-2500 kilometr radiusa malik ballistik raketləri var. Ermənistanı da istisna etmək olmaz. Türkiyənin bütün mümkün təhlükələrdən müdafiə çətiri yoxdur. 7-8 kilometr məsafəyə malik, çiyindən buraxılmaq üçün nəzərdə tutulan “Stinger”-lərimiz və zenit silahımız var. Amma bütün bunlar quru qoşunlarını birbaşa hava hücumundan müdafiə etmək üçün nəzərdə tutulub. Bilavasitə hərbi dəniz qüvvələrinə məxsus gəmilərin müdafiəsini təmin edən sistemlər var. O da gəmilərin hamısında yoxdur. Tutaq ki, hərbi hava qüvvələrində sizin təyyarə, bombardmançı təyyarə və qırıcılarınız var. Yəni rəqib hücumuna qarşı təyyarələri göyə qaldırırsınız, qarşı tərəfin hava və ya qurudakı hədəflərini məhv edirsiniz. Lakin hazırda vəziyyət elə dəyişib ki, təyyarələr 150-200 kilometrlik məsafədən atəş aça bilir. Məsələn, Tel-Əvivdən qaldırılan təyyarə sərhədi pozmadan 150-160 kilometrlik məsafədən Türkiyə istiqamətində raket buraxa bilər. İndi bizə bu cür hücumların qarşısını almağa imkan verən sistemlər lazımdır. Ancaq bunu təyyarələrin köməyi ilə etmək alınmayacaq. Bir sözlə, düşmən kim olursa olsun, ətrafımıza baxıb, təhlükənin artdığını görürük”, - deyə hərbçi bildirir.

General-polkovnik Rusiyadan asılılığa da toxunur: “F-35” və “Patriot”-ları alanda ABŞ-dan asılı olduğumuz kimi burada da Rusiyadan asılı olacağıq. Hərçənd Türkiyə imkanlarını inkişaf etdirməyə çalışır. “S-400” sistemlərinin tədarükü ilə birgə müəyyən mənada texnologiya da əldə etmiş olacağıq. Texnologiya mübadiləsi ilə Türkiyə bir müddətdən sonra özünün hava hücumundan müdafiə sistemlərini istehsal edə bilər. Türkiyə bunu edəcək, bunu etməlidir”.

“Türkiyənin ABŞ ilə müharibə aparmaq niyyəti yoxdur. Deyəsən, ABŞ-ın da. Belə bir şey baş versə belə, Türkiyə başqa tədbirlərə əl atacaq, asimmetrik müdafiə sistemini nəzərə alacaq və ABŞ-a böyük çətinlik yaradacaq. Yəni ABŞ raket atacaq, amma peşman olacaq. Bu, ABŞ-ın qlobal liderliyinin sonu olacaq”, - deyə Pelin bildirib.

Beləliklə, məqalə müəllifi sonda qeyd edir ki, Türkiyə “S-400” sistemlərini kiminləsə müharibə aparmaq üçün deyil, milli maraqlarını müdafiə etmək məqsədilə alır. Dolayısıyla, bu raketlər Türkiyənin gücünün artırılması baxımından strateji əhəmiyyət daşıyacaq. Əlbəttə, yerləşdirildiyi andan aktiv olsa.

Mənbə: MİLLİYET

FİKRİNİ BİLDİR