"PUTİN XARİZMATİK DOĞULSAYDI PREZİDENTLİYƏ ÇATMAZDI"

“Baş nazir postunu tutduğu 4 ili də nəzərə alsaq, Vladimir Putin 18 ildir Rusiyaya rəhbərlik edir. O, bu müddət ərzində, şübhəsiz, adından söz etdirən liderə çevrilib. Bunun səbəbi onun başçılığı altında Rusiyanın yenidən ayağa qalxması deyil, planlı və uğurlu bir şəkildə imicinin formalaşdırılmasıdır”, - “Medya Günlüğü” Cenk Başlamış və Okay Depremin “Vladimir Vladimiroviç Putin: Rusiyanı ayağa qaldıran lider” kitabından maraqlı hissələri təqdim edir.

“Gah hərbi təyyarənin kabinasında, gah leopardın yanında, gah da qurşağa qədər çılpaq halda at belində gördüyümüz Putin “maço” obrazı yaradır. Qarşımızda təhlükəli vəziyyətdən qorxmayan, qeyri-etik ifadələrdən çəkinməyən, yumruğunu masaya vurmaqdan qorxmayan lider var. İmicin formalaşması üzərində gedən işlər o qədər uğurlu alınıb ki, Putinin ayının üstündə təsvir edildiyi “fotoşoplu” şəkli həqiqi sayanlar olub. Məhz bu səbəblərdən dolayı hamı bir nəfərə kimi həm Rusiyada, həm xaricdə “Putin xarizmasından” bəhs edir və demək olar bunu etirazsız qəbul edir”, - məqalədə deyilir.

Müəlliflər Putinin hər hansı bir fotoşəklini götürüb, onu diqqətlə incələməyə çalışır: “Boyu sadəcə 1,7 metrdir. Buna rəğmən 65 yaş üçün möhkəm, hətta əzələli vücudu sahibdir. Son illər çəki aldığını söyləmək olar, lakin bu, hələ kritik səviyyəyə çatmayıb. Üzündə qırışların olmamasını şayiələrə görə 2000-ci illərin ortalarında keçirdiyi plastik əməliyyata borcludur. Onsuz da incə olan sarı saçları tədricən tökülməyə başlayıb”.

“Beləliklə, bütün bunları nəzərə alsaq, qarşımızda xarizmatik bir kişidən daha çox yaşına görə xeyli yaxşı qalmış adi bir rus var. Moskva və ya Rusiyanın başqa şəhərlərində küçədə qarşımıza çıxa biləcək və dönüb baxmayacağımız tiplərdəndir. Sovet İttifaqı və Rusiyanın keçmiş liderlərinin, məsələn, Vladimir Lenin, İosif Stalin, Leonid Brejnev, Mixail Qorbaçov və onu əvəzləyən Boris Yeltsinin xarizmatik özəllikləri olub. Putin anadangəlmə, doğuşdan belə xüsusiyyətə malik olmadığı üçün onun xarizması sonradan rus dövlətinin təbliğat maşınının köməyi ilə yaradılıb”, - məqalədə deyilir.

Əlbəttə, xarizmanın yoxluğu cinayət deyil, bu məqalənin məqsədi də tənqiddən daha çox müşahidələri bölüşmək istəyidir.

“Putinin KQB-nin hədəfinə düşməsi, sonradan onun sadiq əməkdaşına çevrilməsinin səbəbi də məhz budur: “gözə çarpmayan” xarici görünüşü. Hansı məxfi xidmət xarici görünüşü diqqət çəkən kişi və ya qadını xüsusi agent kimi işə cəlb edər? Əksinə, agent diqqət cəlb etməməlidir. Dolayısıyla, Putinin iqtidar nərdivanında yüksəlişini xarizması deyil, əksinə adi görünüşü təmin edib. Hətta bəlkə də həqiqətən xarizmatik görünüşə malik olsaydı, rəqibləri tərəfindən qarşısı çoxdan alınardı”, - nəşr yazır.

 

FİKRİNİ BİLDİR