NEFT UDUZUR

Davamı.

Rusiya neftdən asılılığını azaltmalıdır. Artıq uzun zamandır bununla bağlı fikirlər səslənir. Lakin bu asılılığın zəifləməməsi ucbatından Rusiya iqtisadiyyatının üzləşəcəyi risklər indi daha dəqiq şəkil almağa başlayıb. “Skolkovo” biznes məktəbinin energetika mərkəzi Rusiya Elmlər Akademiyasının Enerji Araşdırmaları İnstitutu ilə birgə 2040-cı ilədək dünyada və Rusiyada energetikanın inkişafı ilə bağlı proqnozunu təqdim edib. Yevlaliya Səmədova “DW” portalında bu proqnozu təhlil edir.

Rusiya üçün bunun bir anlamı var: Avropaya enerji ixracında ölkənin payı azalacaq. Rusiya Elmlər Akademiyasının Enerji Araşdırmaları İnstitutunun energetika sistemlərinin elmi əsasları şöbəsinin direktoru Fedro Veselov əmindir ki, “yanacağın ucuz olması və kapital dəyərinin yüksək olması səbəbi ilə Rusiyanın özündə elmi-texniki tərəqqi reallaşa bilməyəcək”.

2000-2007-ci illərdə Rusiya enerji resurslarının ixrac həcmini xeyli artıra bilsə də, son 10 ildə ixrac göstəricilərində durğunluq müşahidə edilir. Və 2040-cı ilədək heç bir halda artım gözlənilmir. Proqnozda deyilir ki, əgər bütün dünyada enerji keçidi aktiv şəkildə inkişaf etsə, Rusiyanın enerji siyasətində isə dəyişiklik baş verməsə, ölkənin ixracı həcm göstəricilərində 15%, mədaxil göstəricilərində isə 17% azalacaq. Bütün bunlar daha mürəkkəb ehtiyatlara keçid baş verdikcə istehsal xərclərinin artması şəraitində baş verəcək.

Birinci növbədə Rusiyadan tədarük edilən neft, neft məhsulları və kömürün həcmi azalacaq. Əlverişsiz bazar konyunkturası vəziyyəti daha da dərinləşdirəcək. Ən sərfəli şəraitdə belə neftin qiyməti 2040-cı ilədək 2007-2012-ci ilin göstəricisini aşmayacaq. Sanksiyaların saxlanılacağı təqdirdə Rusiyanın enerji şirkətlərinin borc kapitalına, yeni texnologiya və istehlak bazarına girişinin məhdudlaşdırılması da neqativ rol oynayacaq. “Enerji effektivliyinin inkişafına və istənilən aşağı karbohidrogen tərkibli texnologiyaların tətbiqinə maneçilik törədən, yanacaq-enerji kompleksində mövcud olan əlverişsiz investisiya mühiti və institusional struktur yerli iqtisadiyyatı ləngidəcək, ÜDM artımının tempini yüksəltmək üçün bütün imkanları onun əlindən alacaq”, - deyə Tatyana Mitrova qeyd edir. Ən yaxşı halda ÜDM-in orta artım tempi 1,7%, ən pis halda isə 0,6% təşkil edəcək.  

Məqalə müəllifi yazır ki, sadalanan təhlükələrə baxmayaraq, rusiyalı tənzimləyicilər enerji siyasətinə düzəliş etməyə tələsmirlər. Beynəlxalq tendensiyaların əksinə kömür sahəsinin inkişafına böyük ümidlər bəslənir. İlin əvvəlində yaxın gələcəkdə bu sahəyə təxminən trilyon yarım rubl məbləğində investisiya planlaşdırılır. Böyük neft-qaz və boru kəmər layihələri inkişaf etdirilir. Özü də ekspertlər qaz sektorunun xüsusilə maye təbii qaz sahəsində perspektivli olacağını bildirsələr də, “Şimal axını – 2” və “Sibirin gücü” kimi layihələr vurğulanır.

“Xam mal infrastrukturunun asta-asta demontaj edilməli olduğu bir vaxtda Rusiya onu aktiv şəkildə inkişaf etdirir, ona on milyardlarla dollar vəsait yatırır. Ölkə bu yolla sistemin əsirinə çevrilir, çünki investisiyaları geri qaytarmaq lazım gələcək”, -“FBK” şirkətinin Starateji Təhlil İnstitutunun direktoru İqor Nikolayev deyir. Amma “Skolkovo” əmindir ki, investisiyaların geri qaytarılması ilə bağlı heç bir zəmanət yoxdur. Mirtovanın sözlərinə görə, bu gün infrastrukturun inkişafı ilə bağlı qəbul edilən investisiya qərarları qlobal trendlərə məhəl qoymur. Yatırımlar özünü doğrultmaya bilər. Belə bir təhlükə mövcuddur. Dünyanın desentralizasiyaya doğru addımladığı bir dövrdə ənənəvi meqalayihələrə məhəbbət Rusiya Federasiyası üçün böyük riskə çevrilə bilər.

Ekspert bildirir ki, öz siyasətini nəzərdən keçirməyə və sistemin rekonstruksiya sahəsində populyar olmasa da, lazımi qərarların qəbul edilməsinə Rusiyanın 7-10 ili qalıb. İqor Nikolayev yaxın illərdə kardinal dəyişikliklərin baş verəcəyinə inanmır. “Nəzərdən keçiriləcək. Vəssəlam. Struktur problemlərin xüsusiyyəti belədir. Onları bir saatın içində dəyişdirmək mümkün deyil. Ona görə ağrılı və çətin olacaq”, - deyə ekspert qeyd edib.

Mənbə: DW

FİKRİNİ BİLDİR