NEFT UDUZUR

Rusiya neftdən asılılığını azaltmalıdır. Artıq uzun zamandır bununla bağlı fikirlər səslənir. Lakin bu asılılığın zəifləməməsi ucbatından Rusiya iqtisadiyyatının üzləşəcəyi risklər indi daha dəqiq şəkil almağa başlayıb. “Skolkovo” biznes məktəbinin energetika mərkəzi Rusiya Elmlər Akademiyasının Enerji Araşdırmaları İnstitutu ilə birgə 2040-cı ilədək dünyada və Rusiyada energetikanın inkişafı ilə bağlı proqnozunu təqdim edib. Yevlaliya Səmədova “DW” portalında bu proqnozu təhlil edir.

Təqdim edilən hesabata əsasən üç ssenari mövcuddur. Birincisi mühafizəkar ssenaridir. Bu halda həm texnologiyaların inkişafında, həm də dövlət siyasətində mövcud vəziyyət olduğu kimi qalır. İkincisi innovativ ssenaridir. Bunda texnoloji inkişafın tezləşdirilməsi və onların beynəlxalq transferinə əngəllərin aradan qaldırılması nəzərdə tutulur. Üçüncü – enerji keçidi ssenarisinə əsasən, elmi-texniki tərəqqi əlavə olaraq tezləşdirilir və bütün ölkələrin enerji siyasəti dekarbonlaşma məqsədi istiqamətində səylərini səfərbər edir. Ancaq bütün variantlarda Rusiyanı uzunmüddətli iqtisadi durğunluq gözləyir.

Ekspertlər qeyd edir ki, dünya iqtisadiyyatı “dördüncü enerji keçidi” adlanan əsrə - yeni transformasiya əsrinə qədəm basıb. Bu keçid enerji istehlakı strukturunun dəyişdirilməsini nəzərdə tutur. Bu halda enerji mənbələrinin payı azalacaq, bərpa edilə bilən mənbələrin payı isə artacaq.

Birinci enerji transformasiyası XIX əsrin ikinci yarısında baş verib. Həmin dövrdə kömür biokütləni sıxışdırıb çıxarıb. İkinci transformasiya neftin yayılması ilə əlaqəlidir. 1915-ci ildə 3% təşkil edən neftin 1975-ci ildə payı 45%-ə yüksəlib. Üçüncü keçid isə həm kömür, həm neftin tədricən aradan çıxarılması hesabına təbii qazdan geniş istifadəyə səbəb olub. 1930-cu ildə payı 3% təşkil edən təbii qaz 2017-ci ildə 23%-ə çatıb.

Dünya üzrə enerji istehlakında bərpa edilə bilən mənbələrin payı 2017-ci ildə 15% təşkil edib. Müxtəlif proqnozlara əsasən bu göstərici 2040-cı ilədək 3 dəfə arta bilər.

Baş verən proseslər ənənəvi enerji daşıyıcılarına olan tələbatın azalmasına gətirib çıxarır. “Skolkovo” energetika mərkəzinin innovasiya proqnozuna əsasən neftə olan tələbatın pik göstəricisi təxminən 5 il sonra geridə qalacaq. Kömürə olan pik tələbat isə artıq keçmişdə qalıb.

Yanacaqlar arası rəqabətin güclənməsi enerji keçidinin qaçılmaz nəticəsidir. İlk növbədə nəqliyyatda neft məhsullarının monopoliyası dağılır. Belə ki, elektromobillər artıq bu gün daxili yanma mühərrikindən istifadə edən avtomobillərin real rəqibinə çevrilib. 2040-cı ilədək elektrik nəqliyyatının ssenaridəki payı təxminən 1%-dən (2015-ci il) 32%-dək artacaq. Bütün sahələrdə elektrik enerjisinin payı artır. Bu zaman məhz elektrik enerjisində bərpa edilə bilən mənbələrə aktiv keçid baş verir. 2040-cı ilədək elektrik enerjisinin istehsalında bərpa edilə bilən mənbələrin payı təxminən 50%-ə çata bilər. Özü də bu zaman hidroenerji (20-30%) nəzərə alınmır.

Dünyada və Avropada enerji keçidinin əsas təkanları dövlət enerji siyasəti, texnologiyaların inkişafı və “ekoloji düşüncədir”. Enerji təhlükəsizliyini artırıb, karbohidrogen idxalından asılılığı azaltmaq əvvəlki kimi Avropa siyasətinin əsasını təşkil edir. Energetikada yeni texnoloji həll yollarının meydana çıxması texniki tərəqqiyə səbəb olub. Bu sahə subsidiyalar, vergi güzəştləri və başqa tənzimləyici tədbirlərin köməyi ilə dövlət tərəfindən təşviq edilir.

Müəllif qeyd edir ki, son on il ərzində iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində dünya iqtisadiyyatında parnik qazlarının tullantılarının azaldılmasına yönəlmiş dekarbonlaşma siyasəti prioritetlərdən birinə çevrilib. Belə ki, Dünya Bankının məlumatına görə, ötən il artıq 45 dövlət və 25 muxtar region karbon qazı tullantılarının ticarəti ilə bağlı milli sistemi işə salıb, ya da yaxın gələcəkdə işə salmağı düşünür. Mərkəzin direktoru Tatyana Mitrova “DW” portalına açıqlamasında bildirib ki, Rusiya üçün dekarbonlaşma siyasətinin əsas tapşırıqlar siyahısına düşməsi “hələlik arzu olaraq qalır”.

Yaxın illər yeni texnoloji inqilab gözlənilmir. Buna baxmayaraq, araşdırma müəlliflərinin sözlərinə görə texnoloji “irəliləyiş” qaçınılmazdır. Artıq təsdiqlənən bu tədbirlər bərpa edilə bilən enerjinin planlı şəkildə ucuzlaşmasına, eyni zamanda enerji effektivliyinin artmasına səbəb olur. Hesabatda deyilir ki, umumilikdə yeni texnologiyalar həqiqətən inqilibi təsirə malikdir: məhz onlar dünyada enerji istehlakının artım tempinin xeyli aşağı düməsini təmin edir.

Mənbə: DW

FİKRİNİ BİLDİR