"QAZPROM" AMERİKANIN TƏBİİ QAZINI AVROPADAN SƏXƏŞDIRIB ÇIXARIR

“Qazprom” yarım milyondan çox səhmdara hər səhmə görə 0,24 avro ödəyəcək, bu da nə az nə çox gəlirin 27%-ni təşkil edəcək. Gələcəkdə dividendlər daha da arta bilər. Şirkət rəhbərliyi məqsəd kimi 50%-lik rəqəm göstərib. “Handelsblatt” qəzetinin icmalçısı Andre Ballin (Andre Ballin) yazır.

Konsernin başçısı Aleksey Miller böyük məmnuniyyətlə şirkətin ötən il “maliyyə rekorduna” imza atdığını qeyd edib, həmçinin gələn il gəlirin daha da artacağına əmin edib. Bunun üçün səhmdarlar ümid edir ki, “Qazprom” yeni bahalı layihələrə başlamayacaq, inşa edilən, ya da tikintisi davam etdirilən qaz kəmərləri (“Sibirin gücü” və ya “Şimal axını – 2”) tezliklə tam gücü ilə işə düşəcək.

Hal-hazırda hasilat səviyyəsi ötən ilki göstəricidən 2,3% çoxdur. İxrac həcmi cəmi 5,9% (95,3 milyard kub metr) azaldılıb. İndi avropalılar səylə boş anbarları doldururlar. Tezliklə “Qazprom” üçün balans yaxşılaşa bilər. Miller ötən həftə cari il üçün ixrac proqnozunu 198,6 milyard kub metrdən 201 milyard kub metrədək yüksəldib.

Maraqlıdır ki, məhz qazın qiymətinin aşağı olması “uğurun sirri”nə çevrilir. Niderlandın “TTF” (Title Transfer Facility) virtual qaz birjasında yanacaq on illik minimumda ticarət edilir. Min kubun fyuçersləri 110 avrodan ucuzdur. Analitiklər iyulda ucuzlaşmanın davam edəcəyini gözləyirlər. Norveçin enerji bazarında ixtisaslaşan “Montel” portalının apardığı sorğuya əsasən elektrik enerjisinin istehsalı baxımından bir MVT/saatın qiyməti 10,51 avrodan 9,50 avroya düşəcək.

Amerika maye təbii qazının (MTQ) böyük həcmdə tədarük edilməsi qiymətlərin sürətlə ucuzlaşmasına gətirib çıxarıb. ABŞ prezidenti Donald Trampın (Donald Trump) “Şimal axını – 2” layihəsinə elan etdiyi “müharibə” öz bəhrəsini verir. Son illər ABŞ-da maye qazın istehsalı kəskin artıb. Amerikalılar yeni satış bazarları axtarır. Onların arasında Avropa da var.

Məqalə müəllifi xatırladır ki, bu yaz MTQ daşıyan çoxlu tanker Avropa terminallarına üz tutub. Martda onların sayı 77, apreldə isə 79-a çatıb. Avropa bazarı sözün əsl mənasında qaz ilə “dolub daşıb”. Ancaq indi MTQ istehsalçıları ucuz qiymət nəticəsində təzyiq altına düşüblər. Çünki istehsal və nəqliyyat xərcləri maye qazın satışından gələn gəlirdən çoxdur.

Belə olduğu təqdirdə MTQ istehsalçıları Asiya bazarına üz tuta bilər, amma orada da təklifin çox olduğunu nəzərə alsaq, marja kifayət qədər az olacaq. Operatorların çoxu itki ilə üzləşib. Qiymətlər ucuzlaşmağa davam etsə, onlar iflas ola bilərlər.

Qiymətlərin ucuzlaşması “Qazprom” üçün elə də böyük problem deyil. Qaz kəmərləri artıq tikilib qurtarıb, Rusiyadan marşrutlar Atlantik okeanından keçən yollardan nəinki qısadır, üstəlik yanacağın gəmilərlə tədarükündən qat-qat ucuzdur. Bundan başqa, MTQ-nin yenidən qazlaşdırılması kimi mürəkkəb prosedura ehtiyac yoxdur. Ona görə ruslar mühüm üstünlük əldə ediblər.

Cari ildə qiymət mübarizəsi gəliri bir qədər azaltsa da, “Qazprom” Avropa bazarında əlavə pay ələ keçirəcək. Hələ ötən il rus inhisarçısı rekord göstəricilərə imza atıb. Payını 34,7%-dən 36,7%-dək artıran “Qazprom” tranzitlə əlaqədar Ukrayna ilə yaşanan uzunmüddətli mübahisəyə baxmayaraq Avropadakı mövqeyini daha da möhkəmlədib.

Bu tendensiya cari ildə də davam edə bilər. Ən geci qış mövsümü başlayan kimi qaz yenidən bahalaşmağa başlayacaq.

Mənbə: HANDELSBLATT

FİKRİNİ BİLDİR