AZƏRBAYCANLI DEPUTATLAR MALTA BAŞ NAZİRİNİ NƏDƏN QORUYUBLAR?

“Times of Malta” qəzeti azərbaycanlı və rusiyalı deputatların Avropa Şurasının müzakirəsinə çıxarılan hesabatın qarşısını almaq üçün göstərdikləri birgə səy barədə yazır. Müəllif Ceykob Borq (Jacob Borg) baş nazir Cozef Muskatın (Joseph Muscat) əsas köməkçilərini – şəxsi müsahibini və nazirini necə müdafiə etdiyini detallı əks etdirən hesabatla bağlı AŞ-da keçirilən müzakirəyə aydınlıq gətirir.

Azərbaycanlı deputatların hesabatın yumşaldılması üçün düzəlişlərin əlavə edilməsi ilə bağlı göstərdikləri canfəşanlıq avropalı deputatların təəcübünə səbəb olub. Azərbaycanlı deputatlar Kit Şembri (Keith Schembri), Konrad Mizzi (Konrad Mizzi) və Brayn Tonnanın (Brian Tonna) baş nazir Cozef Muskatın şəxsi himayəsi altında cəzadan yayındıqlarını vurğulayan hissənin hesabatdan çıxarılmasında təkid ediblər.

Müəllif yazır ki, 2017-ci ildə qətlə yetirilən korrupsiya araşdırmaçısı Dəfnə Karuana Qalliziyanın (Daphne Caruana Galizia) işi üzrə aparılan istintaqla bağlı “ciddi narahatlığı” özündə ehtiva edən hissəyə də azərbaycanlı deputatlar düzəliş edilməsini tələb ediblər. Hesabatda jurnalistin maşınına bomba qoymaqda şübhəli bilinənlərlə təmasda olan iqtisadiyyat naziri Kris Kardonanın (Chris Cardona) müstəntiqlər tərəfindən dindirilməməsi məsələsi də yer alıb. Azərbaycanlı deputatlar təklif etdikləri düzəlişlə bu hissəni hesabatdan tamam çıxarmağa çalışıblar.

Qəzetin yazdığına görə jurnalistin qətli ilə bağı baş nazirə yaxın adamların adları çəkilən hesabatdakı bütün müddəalar azərbaycanlı deputatların diqqət mərkəzində olub. Lakin təklif olunan düzəlişlər qəbul olunmayıb.

Müəllif keçmiş sovet respublikası ilə Malta arasındakı yaxınlıği siyasi elitalar arasındakı yaxınlıqla əlaqələndirir. “Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Malta leyborist partiyasının həyata keçirdiyi elektrostansiya layihəsində əsas tərəfdaşdır. Jozef Muskat Kit Şembri və Konrad Mizzi ilə birgə Azərbaycan prezidenti İlham Əliyevlə gizli görüş keçirib. Bu görüşdə dövlət məmurları iştirak etməyiblər”.

Dəfnənin araşdırmaları ARDNŞ-nin elektrostansiya ilə bağlı anlaşmadan milyonlar qazandığını göstərir.

“The Guardian” qəzetinin əlinə keçən gizli məlumatlar isə maye təbii qazın nə istehsalında, nə də ticarətində heç bir təcrübəsi olmayan ARDNŞ-nin “Electrogas” konsorsiumu üçün qazın alınmasında necə agent kimi fəaliyyət göstərməsinə aydınlıq gətirilir.

Qzəet yazır ki, jurnalist Qalliziya qətlinə qədər “Electrogas”-la bağlı araşdırma aparırdı. Jurnalist həm də ölümündən öncə Azərbaycanın siyasi elitasının hazırda fəaliyyəti dayandırılmış “Pilatus” bankdan istifadə edərək Avropada gizlətdiyi milyonlar barədə araşdırma dərc etmişdi.

“Bu ayın əvvəlində mərhum jurnalistin ailəsi Latviyanın maliyyə cinayətləri ilə mübarizə bürosuna şübhəli əməliyyat barədə hesabat göndərib. Hesabatda guman edilir ki, İrana məxsus olan bank Azərbaycan və Maltanın dövlət rəsmiləri, eləcə də onların ailə üzvləri və tərəfdaşları üçün ən böyük pul yuyuyan şəbəkə olub”, - deyə qəzet yazır.

Sonda müəllif Azərbaycanın insan haqlarının pozulması və çoxlu sayda siyasi motivli həbslərlə bağlı beynəlxalq ictimaiiyət tərəfindən tənqidə məruz qaldığını xatırladır.

FİKRİNİ BİLDİR