AZƏRBAYCANDA ƏMƏK HAQLARI ARTIRILIR, NARAHATLIQ DA ARTIR

Azərbaycan hökuməti bu il ərzində artıq ikinci dəfədir əməkhaqları və pensiya məbləğinin artırıldığını elan edir. Bu da inflyasiya artımı və devalvasiya ehtimalı ilə bağlı narahatlıq doğurur. Jurnalist Ostin Kleyton (Austin Clayton) “Eurasianet.org” saytında bu məsələyə aydınlıq gətirməyə çalışır.

Apreldə minimal pensiya məbləği demək olar iki dəfə artırılıb: 73 manatdan (43 dollar) 130 manatadək (76 dollar). Minimal əməkhaqqı isə 130 manatdan (76 dollar) 180 manata (106 dollar) çatdırılıb.

İyunun 18-i prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği 250 manat (147 dollar), minimal pensiya isə 200 manat (117 dollar) müəyyən edilib. Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəyanatında deyilir ki, artımlar 2,1 milyon nəfəri, o cümlədən 1,35 milyon işçini və 750 min pensiyaçını əhatə edəcək. Nazirliyin məlumatına görə aprel artımları 3 milyondan çox vətəndaşa şamil edilib.

Müəllif qeyd edir ki, əməkhaqqı və pensiyaların artırılması dövlət büdcəsinə əlavə 4 milyard manata başa gələcək. Artım ailələrin çoxuna yardım edəcək. Buna baxmayaraq, iqtisadçılar qorxur ki, bu qərar onsuz da yüksək olan inflyasiya səviyyəsini daha da artıracaq. Dövlət Statistika Komitəsinin iddialarına əsasən inflyasiya 2,4% təşkil edir. Lakin analitiklərin çoxu real göstəricinin qat-qat çox olduğunu düşünür, Azərbaycanda infylasiya səviyyəsinin rəsmi rəqəmlərdən ən azı 4-5 dəfə yüksək olduğunu qeyd edirlər.

Ölkə əhalisinin çoxu iqtisadi sabitlikdən əmin deyil və istehlak məhsullarının qiymətinin artacağından ehtiyat edir. Sosial şəbəkə istifadəçiləri yüksək qiymətlərdən şikayət edir. Bu, xüsusilə ərzaq məhsullarına aiddir. Onlar qiymətlərin daha da arta biləcəyini düşünürlər.

Bəziləri əməkhaqları və pensiyalara olan artımları növbəti devalvasiya ehtimalı kimi qiymətləndirir. 2015-ci ildə ölkədə artıq iki devalvasiya halı baş verib.

Müəllif xatırladır ki, Azərbaycanda ixracın 91%-i enerji daşıyıcılarının payına düşür. İstehsal qabiliyyəti olmayan və əlavə dəyər vergisi yarada bilməyən ölkələrdə əməkhaqları və pensiyaların artırılması inflyasiya həcminin yüksəlməsinə və milli valyutanın ucuzlaşmasına gətirib çıxarır.

Çoxları gələcəyə əminliklə baxmır və hökumətin qiymətləri nəzarətdə saxladığına inanmır. “Bu gün mağazada bütün qiymətləri qeydə aldım. Sentyabrda qiymətlər 50% artanda bu çeki onların gözünə soxacam”, - “Facebook” istifadəçilərindən biri yazır.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR