KONQRESDƏKİ DEMOKRATLAR TRAMPIN ADMİNİSTRASİYASINA TƏZYİQİ GÜCLƏNDİRİB

İyunun 11-i Konqresdə Nümayəndələr Palatasının üzvləri ABŞ-ın baş prokuroru, ədliyyə naziri Uilyam Barr (William Barr) və Ağ Evin keçmiş baş hüquq məsləhətçisi Don Makqanın (Don McGhan) xüsusi prokuror Robert Müllerin (Robert Mueller) Rusiya ilə bağlı hesabatını tam ictimailəşdirmək məsələsində Konqreslə əməkdaşlıqdan imtina etdikləri halda onlara qarşı hüquqi tədbirləri asanlaşdıracaq qətnaməni səs çoxluğu ilə qəbul ediblər. Xüsusilə qətnamə Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cerold Nadlerə (Jerry Nadler) Barr və Makqana qarşı federal məhkəməyə mümkün mülki iddialar göndərməyə imkan yaradır. Bu barədə “DW” portalı məlumat verir.

Bu vaxtadək bu qəbildən olan iddialar əvvəlcə hər iki palatanın plenum iclasında səsverməyə çıxarılmalı idi. Konqresdə 229 deputat qətnamənin lehinə, 191 konqresmen isə əleyhinə səs verib.

Bir müddət əvvəl komitə Makqanı mayın 21-i ABŞ prezidenti Donald Trampın (Donald Trump) Rusiya ilə ehtimal edilən əlaqələrinin araşdırılmasına maneçilik törətməklə bağlı məsələyə dair Konqresdə çıxış etməyə dəvət edib. Lakin Tramp Ağ Evin sabiq hüquq məsləhətçisinin Konqresdə ifadə verməməsinə göstəriş verib.

Bugünədək Barr Müllerin hesabatının tam dərc edilməsinə razılıq verməyib. Ancaq bu yaxınlarda demokratlara güzəştə gedən baş prokuror Müllerin araşdırmasında istifadə etdiyi sənədlərin bir neçəsini Ədliyyə Komitəsinə təqdim etməyə razılaşıb.

Xatırladaq ki, iki il davam edən araşdırma cari ilin mart ayında başa çatıb. Bu zaman xüsusi prokuror həm Tramp, həm onun komanda üzvlərinin 2016-cı il seçkiqabağı kampaniya ərzində Rusiyanın nümayəndələri ilə dəfələrlə görüşdüyünü təsdiqləyib. Lakin Müller Trampa qanun pozuntusu ilə bağlı formal ittiham irəli sürmək üçün bu faktların kifayət etmədiyini düşünür.

Mənbə: DW

FİKRİNİ BİLDİR