PUTİNDƏN SONRA RUSİYA: ALMAN TARİXÇİNİN ÜÇ SSENARİSİ

Bonn Universitetinin Şərqi Avropa tarixi üzrə professoru Martin Aust (Martin Aust) “DW” portalına müsahibəsində Rusiyanın keçmişinin gələcəyinə təsirindən, Putinin səhvlərindən və milli səfərbərlikdən bəhs edib.

Tarixçi bugünkü Rusiyanı ümumiyyətlə imperiya hesab etmədiyini vurğulayır: “1991-ci ildən sonrakı Rusiyanı çar Rusiyasından tutmuş Sovet İttifaqına kimi erkən tarixi formasiyaları ilə müqayisə etdikdə belə bir nəticəyə gəlmək olar. 1991-ci ildən sonra Rusiya çoxlu ərazi itirib. Həmin torpaqlar çar Rusiyası və Sovet İttifaqının tərkib hissəsi olub. Məncə, Rusiya postimperiya mərhələsindədir. Onun ağır imperiya mirası var, imperiya keçmişi ona təzyiq göstərir, ancaq onun özü imperiya deyil”.

Rusiyanın işğal etdiyi ərazilərə (Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Krım) toxunan Aust bildirir ki, burada bütün bu ərazilərin müxtəlif statusa malik olmasına diqqət yetirmək lazımdır: “Rusiya Krımı özünə birləşdirib. Biz bunu ilhaq olaraq qiymətləndiririk. Lakin bunu Dnestryanı, Cənubi Osetiya və Abxaziya ilə müqayisə etmək çox çətindir. Ən azından ona görə ki, Krım tarixi səbəblərdən dolayı Rusiya üçün daha böyük emosional dəyər kəsb edib. Eyni sözləri Dnestryanı, Abxaziya və Cənubi Osetiya haqqında söyləmək olmaz. Təssəvvür edin, birdən Dnestyanını Rusiyaya Federasiyasına birləşdirmək istədilər. Sözsüz, bu hadisə ölkədə 2014-cü ildə Krımla əlaqədar yaşanan vətənpərvər coşqunluğa səbəb olmayacaq.

Və bütün bunların proqram, Moskvanın ardıcıl strategiyası olduğunu düşünmək çox çətindir. Mənim fikrimcə, Rusiyanın siyasi rəhbərliyi improvizə edir, şəraitə uyğun hərəkət edir. Doğrudur, bu, gələcəkdə Kremlin başqa regionları da Rusiyaya daha sıx bağlamaq istəyəcəyini istisna etmir. Burada söhbət ilk növbədə Belarusdan gedir. Yenə də burada ardıcıl, hesablanmış stratgiya, vahid proqram görmürəm”.

Ardınca tarixçi Putinin səhvə yol verdiyini deyir: “Əgər vəziyyəti Putinin məqsədi olan Avrasiya İqtisadi İttifaqı cəhətdən nəzərdən keçirsək, onda deyə bilərik ki, Kreml Ukraynanın bu ittifaqa daxil olmasını çox istəyib. 1991-ci ildən rus siyasətinin prioritetlərindən biri Ukraynanı mümkün olduğu qədər Rusiyaya sıx bağlamaq olub. Ukrayna prezidentlərinin çoxu bunu hesaba almaya bilməzdi. Bu səbəbdən onlar Rusiya ilə AB arasında manevr ediblər. 2014-cü ildə baş verən ekspansiya buna son qoyub. Ukrayna seçimini edib, Avropanı seçib. Yəni, Putin məhz yol vermək istəmədiyi şeyə nail olub. Rusiya Ukraynanı itirib”.

Aust vətənpərvərlik dalğasının tədricən yatmasına diqqət çəkir: “2014-cü ildə milli səfərbərlik əldə olunub. 2015-ci ildə də bu əhval-ruhiyyə davam edir, lakin indi...Üstəlik, söhbət dövlət büdcəsindən düşəndə tənqidi səslər eşidilməyə başlayır”.

Tarixçi Putindən sonra Rusiyanın başına gələ biləcək üç mümkün ssenariyə aydınlıq gətirir: “Birinci ehtimal – demək olar, Krımın davamıdır. Yəni, mümkün olduqca, şərait yarandıqca Moskva başqa regionları ələ keçirəcək. Hazırda ən real “namizəd” Belarusdur.

O biri, belə deyək, tamam əks ssenaridir. O, Rusiyada iqtisadi vəziyyətin kəskinləşməsi, resursların daha kifayət etməməsi, enerji daşıyıcılarının ixracının məhdudlaşdırılması və valyuta axınının azalması ilə müəyyənləşəcək. Bu, ilk növbədə, yeni dezinteqrasiya dalğasına təkan verəcək. Putinin gedişindən sonra hakimiyyət vertikalı zəiflədikdə regionlardakı narazı əhali daha cəsarətli, sərbəst olacaq, mərkəzdənqaçma tendensiyaları güclənəcək. Mərkəzdən asılılığın aradan qaldırılması nəzəri olaraq ayrı-ayrı regionların institusional müstəqillik əldə etmək istəyinə gətirib çıxara bilər.

Putinin gedişindən sonra Rusiyada üçüncü mümkün inkişaf ssenarisi yuxarıda qeyd edilən iki variantın hardasa ortalarındadır. İqtisadiyyatındakı durğunluq və əhalinin narazılığı hərbi xərclərin və xarici siyasi ambisiyaların azalmasına gətirib çıxaracaq. Xarici ekspansiya yox olacaq. Daha çox daxili məsələlərlə məşğul olmaq lazım gələcək.

Lakin istənilən halda imperiya keçmişinin yükü, imperiya mirası hələ uzun müddət Rusiyanın istənilən inkişaf yolunu çətinləşdirəcək”.

Gələcəyə ekstrapolyasiya edilə biləcək tarixi təcrübəyə gəldikdə tarixçi bir məqama diqqət çəkir: “Rusiya tarixində güclü avtoritar rəhbərlərin uzunmüddətli hakimiyyət dövrü tez-tez gözlənilmədən başa çatır, qeyri-sabitlik dövrü başlayır. Ən azından İvan Qroznı, I Pyotr və sair bu kimi rəhbərlərdən sonrakı dövrləri yada salın...”

Sonda Aust bildirir ki, qəti şəkildə bir məsələni qeyd etmək olar: “Putindən sonra Rusiyanı hakim təbəqədə güclü, amansız rəqabət mübarizəsi gözləyir. Həmin mübarizənin nə ilə nəticələnəcəyini isə əvvəldən proqnozlaşdırmaq çətindir.

Ümumiyyətlə bu gün dövlətə kimin başçılıq edə biləcəyini təsəvvür etmək qeyri-mümkündür. Və bunu Stalindən sonrakı dövrlə müqayisə etməzdim. Onda mümkün namizədlərin “yaxın çevrəsi” elə də böyük deyildi, sadəcə bir neçə nəfərdən ibarət idi. Putinin çevrəsi isə Stalinin və Yeltsinin çevrəsindən daha böyükdür”.

Mənbə: DW

FİKRİNİ BİLDİR