PENTAQONDAN TÜRKİYƏYƏ NÖVBƏTİ TƏHDİD

Lara Seliqman (Lara Seligman) “Foreign Policy” qəzetində yazır ki, Türkiyənin “F-35” qırıcılarının istehsal proqramındakı iştirakını tədricən dayandırmaqla bağlı qərar iki ölkə arasındakı münasibətlərdə ən son gərginlik əlamətidir.

Bu gün gündəlikdə duran məsələlər bunlardır: “S-400” komplekslərindən dolayı yaşanan fikirayrılığına görə Türkiyə “F-35” proqramının iştirakçısı kimi sanksiya obyektinə çevrilə bilər, ABŞ Suriya rejiminin İdlib vilayətinə zərbələri ilə əlaqədar müdaxilə etməklə təhdid edir, Nyu York polisinin rəhbəri isə simaların tanınması texnologiyalarından istifadədə israr edir.

Türkiyənin “S-400” zenit-raket komplekslərini əldə etməsi ilə əlaqədar fikirayrılığı dərinləşir. Ötən həftə ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Partik Şanahan (Patrick Shanahan) türkiyəli həmkarına göndərdiyi rəsmi məktubda xəbərdarlıq edib ki, Ankara Rusiyadan raket sistemlərinin mübahisəli tədarükünə razılıq versə, ABŞ “Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə müqavimət haqqında” qanuna (CAATSA) uyğun şəkildə sanksiya tətbiq edə bilər. Amerikalı məmurların fikrincə, bu sistemlər “F-35” qırıcılarına təhlükə kəsb edir.

Məqalə müəllifi “F-35” proqramı üzrə türk pilotların təliminin dayandırıldığını xatırladır. Şanahan Türkiyənin müdafiə naziri Hulusi Akara xəbərdarlıq edib ki, Türkiyəni qeyd edilən proqramdan tam çıxarmaq məqsədilə əhəmiyyətli addımlar atılır. Nəşr məktubun detalları ilə tanış ola bilib. Burada həyata keçirilən tədbirlər, xüsusilə Birləşmiş Ştatlarda təlim keçən türk pilotlarının iyulun 31-dək ölkəni tərk etməsinə dair tələb yer alıb. Çox güman, Türkiyənin müdafiə şirkətləri də proqramdan çıxarılacaq. Beləliklə, onlar mühüm gəlir mənbəyindən məhrum olacaqlar.

Hələlik Türkiyəni Amerikanın təzyiqinə boyun əyəcəyi görünmür, türk rəsmiləri Şanahanın məktubuna baxmayaraq Ankaranın “S-400” komplekslərinin tədarük planına əməl edəcəyini bəyan ediblər.

Keçmiş amerikalı diplomat, Brukinq İnstitutunda trans-atlantik münasibətlər üzrə ekspert Amanda Sloat (Amanda Sloat) qeyd edir ki, iki ölkə tarixində Amerika artıq bir dəfə Türkiyəyə qarşı sanksiya tətbiq edib. Bununla belə, Sloat etiraf edib ki, “CAATSA”-a uyğun sanksiya tətbiq etmək qərarı və Ankaranın “F-35” proqramında iştirakının dayandırılması onsuz da zəif olan türk iqtisadiyyatına mənfi təsir göstərəcək, habelə Rəcəb Tayyip Ərdoğanın populyarlığını zəiflədəcək. Halbuki onun partiyası İstanbulda ikinci dəfə keçirilən seçkilərdə məğlub ola bilər.

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri vurğulayıblar ki, “F-35” və “S-400” ilə bağlı ziddiyyət əsas NATO müttəfiqi ilə bir sıra məsələlər üzrə daha geniş əməkdaşlığa toxunmur.

Bununla belə ekspertlər qeyd edir ki, ABŞ-ın güclü etirazına baxmayaraq, Ərdoğanın “S-400” komplekslərinin tədarükünə razılıq verməsi ölkənin alyansdan üz döndərib, Moskvaya üz tutmasından xəbər verə bilər.

“Bununla da Türkiyə təhlükəli zəminə ayaq basır, türk ordusu isə rus müdaxiləsinə daha çox məruz qalacaq”, - Demokratiyanın Müdafiə Fondunun elmi əməkdaşı Aykan Erdemir bildirib.

FİKRİNİ BİLDİR