QƏRB RUSİYANI ÇİNƏ HƏDİYYƏ ETMƏK İSTƏYİR?

Böyük Qərb dövlətləri iyunun 6-ı müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxarılmasının 75 illik yubileyini qeyd edərkən Almaniyanı tədbirə dəvət etdikləri halda, Moskvaya dəvətnamə göndərməyi lazım bilməyiblər. Halbuki İkinci Dünya Müharibəsində Hitlerə məxsus diviziyaların 80%-ni (Qərbin maddi və informasiya dəstəyi ilə) məhz rus ordusu məhv edib. Vladimir Putin bu cür diplomatik ədəbsizliyə görə publik etirazını bildirməyib. Həmin gün onun daha vacib işləri olub. Rusiyanın dövlət başçısı Çin liderini Kremldə qəbul edib. Si Tsinpin (Xi Jinping) rusiyalı həmkarı ilə əsl dost kimi görüşüb, Çin ilə Rusiyanın strateji tərəfdaşlığının möhkəm olduğunu vurğulayıb və bu münasibətlərin heç vaxt bu qədər sıx olmadığını qeyd edib. Rusiya gələcək beşinci nəsil şəbəkələrinin inkişafı üçün “Huawei” şirkətinin texnologiyalarından yana seçim etdiyini elan edib. Dempinq və casusluqda ittiham edilən bu şirkət bu yaxınlarda ABŞ hökumətinin qara siyahısına düşüb. Amerika müəssisələrinə onunla hər hansı biznes fəaliyyəti qurmaq qadağan edilib. “Le Figaro” qəzetinin siyasi icmalçısı Reno Jirar (Renaud Girard) məqaləsində bu məsələyə aydınlıq gətirir.

Müəllif xatırladır ki, Henri Kissincer (Henry Kissinger) Amerika diplomatiyasına başçılıq edərkən ÇXR ilə diplomatik münasibətləri bərpa etmək, SSRİ ilə silah yarışını ləngitmək üçün danışıqlar aparanda özünün məşhur Vaşinqton-Pekin-Moskva üçbucağı haqqında doktrinasını işləyib hazırlayıb. Diplomatın fikrincə, Amerika xarici siyasətində Çin və Rusiyaya daha yaxın olmalıdır, nəinki bu iki Asiya ölkəsi bir-biri ilə. Bu gün belə bir məsələ müzakirə edilmir. ABŞ bu iki ölkəyə qarşı cəzalandırma siyasətini (2014-cü ildən bəri Rusiyaya qarşı fərdi və iqtisadi sanksiyaları, cari ilin yazından Çinə qarşı gömrük rüsumları və texnoloji boykot) davam etdirməklə onları bir-birinin qucağına atıb.

50 il əvvəl SSRİ-nin Ussuri çayı yaxınlığında ÇXR ilə sərhəd qarşıdurmasında taktiki nüvə raketləri yerləşdirməkdən imtina etməsi üçün Amerika SSRİ ilə münasibətdə diplomatik səylərə start verib. Bu gün Rusiya Çini dəstəkləmək üçün Sakit okean donanmasının gəmilərini cənuba göndərir. Çin donanması qorxa-qorxa Aralıq dənizində görünməyə başlayıb, lakin Rusiyanın dənizçiləri Sakit okeanda çinli müttəfiqlərini qorxmadan, cəsarətlə dəstəkləyiblər.

Çin ABŞ üçün əsl strateji rəqibdir. Rusiya daha bu statusa iddialı ola bilməz, çünki onun iqtisadiyyatı Amerikanın iqtisadiyyatından yeddi dəfə kiçikdir. İstənilən halda, Rusiya böyük hərbi dövlət olaraq qalır, Sibir isə nəhəng təbii resurslara malikdir. Ona görə Qərb I Pyotrun dövründən Avropa mədəniyyətinə aid olan xalqı Çinin ağuşuna atmaqla böyük strateji səhvə yol verir.

Müəllif yazır ki, Amerikanın neo-mühafizəkar ideoloqları Qərbin maraqlarına ağlasığmaz ziyan vurublar. Onlar Fransa, Almaniya və Polşanın başçılığı altında 21 fevral 2014-cü ildə imzalanan ukraynadaxili siyasi sazişi pozaraq Rusiyanın Krımdakı reaksiyasına səbəb olublar. Putin sonradan Kiyevə qarşı çıxan separatçı hərəkatı dəstəkləmək üçün Donbasa müdaxilə etməkdə haqlı olub? Əlbəttə ki, yox. Bununla belə, Kremlin bu səhvi Rusiyanı 2014-cü ildə böyük səkkizlikdən qovan Qərbin bu ölkəyə qarşı sərgilədiyi sürgün siyasətinə haqq qazandırmır. Kissincer Moskva və Pekin arasında mövcud olan fikirayrılığından kənara çıxmadan onlarla danışıqlar apara bilirdi. Neo-mühafizəkarlar isə hər şeyi ağ-qara rəngdə görür. Onlar nəsihət xarakterli ritorikalarından sərxoş olduqları üçün praqmatik dialoq qura bilmirlər. Rusiyanın diplomatik boykota məruz qalması Qərbin ən böyük səhvi olub. Çünki Qərbin Sakit okeanda Rusiyaya ehtiyacı var. Qərb Almaniya ilə SSRİ-nin 1922-ci ilin aprel ayında imzaladığı Rapal sazişləri ilə etdiyi səhvi təkrarlayır. Onda Ratenau (Walther Rathenau) Çiçerindən (Georgy Chicherin) Rusiyada Almaniyanın zirehli tank ordusu və aviasiyası üçün məxfi təlim düşərgələrinin yaradılmasına nail olmuşdu...

Sonda jurnalist qeyd edir ki, Paris NATO müttəfiqlərinə (xüsusilə Baltikyanı ölkələrə) hərbi yardım göstərməyə davam etməlidir, lakin Rusiyanı çıxarılması gərəkməyən Avropa ailəsinə geri qaytarmaq üçün mütləq şəkildə onunla dost əlaqələrini bərpa etməlidir.  

Mənbə: LE FIGARO

FİKRİNİ BİLDİR