AVROPA RUSİYADA DƏYİŞİKLİYƏ HAZIR OLMALIDIR

Əgər Rusiyada hər şey konstitusiyada möhkəmlənən təqvim və qaydalara uyğun şəkildə getsə, onda 2024-cü ildə artıq Vladimir Putinin xələfinin andiçmə mərasimi baş tutacaq.

Hakimiyyətin yeni əllərə ötürülməsi məsələsi artıq indidən Rusiya dövlətində daha çox hiss edilməyə başlayır. Ölkədə bu cür dövrlər həmişə təhlükəli olub, təəccüblü deyil ki, onun üzərində qanlı, ya da çox qanlı iğtişaş kabusu dolanmağa başlayır. Bu barədə Vaslav Radzivinoviç (Wacław Radziwinowicz) “Gazeta Wyborcza” nəşrində yazır.

Müəllif xatırladır ki, Boris Yeltsinin dövründə1996-cı il seçkilərindən dərhal sonra, Kreml rəhbərinin ikinci, eyni zamanda sonuncu səlahiyyət müddəti başladıqda “2000-lər problemi” (prezidentin xələfinin axtarışı və taxta çıxarılması) müzakirə predmetinə çevrilib. Bir neçə il bir növ “kastinq” keçirən Yeltsin gah liberallara, gah da güc strukturlarına meyl edib. O, “rəhbər” üçün maliyyə, siyasi və media bazası hazırlayaraq eyni zamanda diqqətlə “cehiz yığıb”. Seçilmiş şəxsin məhz Vladimir Putin olacağı o vaxt bəlkə də heç kimin ağlına gəlməzdi.

Dəyişikliklər Rusiyanın qonşularını çox narahat etməyib. Çünki ölkə keçmiş prezidentin dövründə demokratik simasını saxlamağa çalışıb. İndi Kreml siyasətinin əsas memarlarından biri Vladislav Surkov açıq-aşkar deyir ki, demokratik cəfəngiyyat qonaq gedərkən əynimizə geydiyimiz kostyumdur. “Evdə isə ev paltarında oluruq”, - o deyir. Yeri gəlmişkən, bu gün Rusiyada “ev” paltarı hərbi, daha çox döyüş forması olur.

“Xələf” meydana çıxmaya da bilər. Moskvalı “qırğılar” Putinin hakimiyyətdə qalmasını istəyirlər. Hansı rolda olursa olsun, istər prezident, istər baş nazir, istərsə da parlament spikeri. Rusiyada zarafatla deyirlər ki, Putin Lenin adına kitabxananın direktoru vəzifəsində də ölkəni idarə edə bilər.

Müəllif qeyd edir ki, hakimiyyətə “xələfi” gətirmək, ya da Konstitusiyaya “xalqın lideri”ni sükan arxasında qalmasına imkan yaradacaq dəyişiklik etmək üçün siyasi kapital, yəni geniş ictimai dəstək lazımdır. Tarixçi Aleksandr Fedutanın söylədiyi kimi, “çar legitim olmalıdır”, yəni xalq tərəfindən seçilməlidir. Şübhəsiz, Putin son iyirmi ildə belə bir “çar” olub, amma tədricən “teflon” populyarlığını itirməyə başlayıb. Ölkə əhalisi ötən il pensiya yaşının artması, qiymətlərdəki artım və artıq altı ildir real gəlirlərin aşağı düşməsindən dolayı özünü aldadılmış hiss edir.

Kreml ictimai rəydəki dəyişikliyə əsəbi şəkildə reaksiya verir və həqiqəti bəzəməyə çalışır, sosialoqlara Putinə hazırda əhalinin üçdə bir hissəsinin inandığını göstərən sorğu nəticələrini deyil, xalqın ali baş komandana sevgisinin azalmadığını göstərən başqa araşdırma nəticələrini xəbər verməyi tapşırır.

Dramaturq Anton Çexov deyirdi ki, əgər tamaşanın birinci aktında divarda silah görürüksə, onda üçüncü aktda həmin silah atəş açacaq. Rusiyanın siyasi səhnəsində olan aktyorların hərbi dekorasiyalardan ötrü ürəkləri gedir. Vətəndaşların həyat səviyyəsini yüksəltmək mümkün deyil, reytinqlə nəsə etmək lazımdır – belə bir şəraitdə “səfərbərlik partiyası” (Putinin partiyası) artıq sınaqdan çıxarılmış vasitəyə, yəni hərbi əməliyyatlara müraciət etməyə üstünlük verir. Putini hakimiyyət başına Çeçenistan müharibəsi gətirib, sonra Gürcüstanla müharibə və Ukraynaya hücum sayəsində onun reytinqi göyə qalxıb.

Putinin dəstəklədiyi, Tula vilayətinin qubernatoru 47 yaşlı Aleksey Dyumin xələfliyə ideal namizəddir. General-leytenant, Rusiya Federasiyası Xüsusi Əməliyyatlar Qüvvələrinin sabiq komandanı Dyuminin başçılığı altında Rusiya 2014-cü ildə Krımın işğalı üzrə hərbi cəhətdən parlaq əməliyyat həyata keçirib. Yeni Ukrayna ekspedisiyası, ya da Estoniyanın Narva şəhərinə silahlı basqın xüsusi əməliyyatlar üzrə mütəxəssis nüfuzu ilə Dyumini milli qəhrəman edə bilər. O, qorxaq NATO-nun öz Baltikyanı üzvünü Rusiyadan qorumağa cəsarəti çatmadığını göstərə bilsə, hərbi ruh yüksəkliyi dalğasında asanlıqla “legitim çar” ola bilər.

AB-nin yeni rəhbərliyi hazır olmalıdır: seçkiqabağı tamaşada rus silahı hansısa bir məqamda açılacaq. Bu, Gürcüstanda, Belarusda, ya da Qazaxıstanda baş verə bilər. Belə ki, Qazaxıstanda bazar günü keçirilən seçkilərin nəticələri əsasında hakimiyyət çox güman rusyönlü deyil, çinyönlü mövqe sərgiləyən Qasım-Jomart Tokayevə keçəcək. AB buna cavab verməli olacaq.

Müəllif başqa mümkün ssenarilərin də olduğunu qeyd edir. Rusiyada elə bir xaos yarana bilər ki, nəticədə kommunistlər üzə çıxa bilər. Bu da yeni təhlükələr yaradacaq və Avropa həmin problemləri həll etməli olacaq.

İndiyədək iqtisadi qurumlarda fəaliyyətlərini davam etdirən “liberallar”ın “səfərbərlik partiyası”ndan üstün olacağı gözlənilmir. Xarici müşahidəçilərin düşündüyü kimi zəif olmayan məhz bu insanlar sayəsində “ümumi burulğan”a (sanksiyalar, əks-sanksiyalar, neft qiymətlərinin ucuzlaşması, hərbi xərclər və başqa fəlakətlər) düşən rus iqtisadiyyatı hələ də ayaq üstdədir.

Putinin 24 il ərzində məşğul olduğu bütün bu fəaliyyətdən sonra 2024-cü ildə islahatlar başlatmaq qərarına gəlib, “liberallar”a bel bağlayacağını gözləmək çətindir. Lakin AB bu varianta da hazır olmalıdır.

FİKRİNİ BİLDİR