AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ÜÇÜN ÇIXIŞ YOLU

David Qoqoxiya “Qruziya Online” portalında yazır ki, sovet dövründə “parçala və hökmranlıq et” imperiya prinsipi üzrə monastır ərazisindən Gürcüstan və Azərbaycan SSR arasından inzibati sərhəd salınıb. Məqsəd onlar arasında gələcəkdə ərazi mübahisəsinin əsasını qoymaq olub.

Müəllif xatırladır ki, Sovet İttifaqı dağıldıqdan sonra inzibati sərhəd dövlət sərhədinə çevrilib, lakin indiyədək, ölkələr demarkasiya və delimitasiya haqqında saziş imzalayanadək şərti hesab edilir. Bunun üçün xüsusi Gürcüstan-Azərbaycan komissiyası fəaliyyət göstərir.

Bütün hüquqi nüanslara baxmayaraq, hər iki tərəf uzun illər ərzində zəvvar və turistlərin mağaralardan ibarət Qareci monastırına ziyarətinə imkan yaradıb. Ziyarətçilərin böyük bir hissəsi Gürcüstan tərəfdən gələnlər olub.

Ancaq bu yaxınlarda, fevral ayının sonu Azərbaycan sərhədçiləri heç bir səbəb olmadan insanların kompleksə aid, Azərbaycan ərazisində yerləşən üç monastıra girişinə qadağan qoyublar. Bu da Gürcüstan ictimaiyyətində neqativ rezonansa səbəb olub.

Bəzi ekspertlər bu addımı Gürcüstan prezident Salome Zurabişvilinin bəyanatı ilə əlaqələndiriblər. Belə ki, Bakıda rəsmi səfərdə olan Zurabişvili iki ölkə arasında sərhədin delimitasiya prosesinin tez bir zamanda bərpa edilməsinin zəruri olduğunu vurğulayıb. Ancaq Azərbaycan rəhbərliyindən bununla bağlı rəsmi açıqlama daxil olmayıb. Sərhədin bağlanma səbəbi indiyədək məlum deyil.

Hadisədən bir neçə gün sonra monastıra keçid bərpa edilsə də, gürcü və azərbaycan ictiamiyyətində xoşagəlməz təəssürat və əndişə hələ də qalmaqdadır. Hər iki ölkənin qonşuları ilə ərazi problemləri olduğunu nəzərə alsaq, onlar bir-birini düşünülməmiş söz və bəyanatlarla incitməmək, bir-birlərinin xətrinə dəyməmək üçün bütün diplomatiya məharətlərindən istifadə etməlidirlər. Çünki hər iki tərəfdə artıq belə hallar yaşanıb.

Aydındır ki, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı və rəhbərliyinin ölkə ilə bağlı istənilən ərazi problemində reaksiyasını kəskinləşdirir. Azərbaycanlıların David Qarecidən elə-belə Gürcüstanın xeyrinə, sırf iki ölkə arasındakı dostluğa əsaslanaraq imtina edəcəyinə gözləmək lazım deyil.

Eyni zamanda Gürcüstanın da ərazi münaqişələri var. Qeyd etmək lazımdır ki, ölkə ərazisinin 20%-i Rusiya tərəfindən işğal edilib. Üstəlik, Rusiyanın aqressiv siyasəti hər gün “sürünən işğal” şəklində həyata keçirilir. Ona görə istənilən ərazi mübahisəsi Azərbaycan ictimaiyyətində olduğu kimi gürcü xalqı tərəfindən də həssas qarşılanır.

Mübahisənin mərkəzində xristian dini obyektinin olması David Qareci məsələsini daha da çətinləşdirir. Gürcüstanda dindarlığın son dərəcə yüksək olduğunu və burada dini müqəddəs yerlərə həssas münasibəti nəzərə alsaq əminliklə demək olar ki, gürcü xalqı ölkə rəhbərliyinin monastırla bağlı məsələdə hər hansı birtərəfli güzəştə getməsinə icazə verməyəcək.

Ən müdrik və düşünülmüş addım qarşılıqlı fayda əsasında ərazi mübadiləsi ola bilər.

Gürcüstan rəhbərliyi Azərbaycana gürcü xalqına elə də böyük dini əhəmiyyət daşımayan başqa bir ərazi müqabilində Qareci monastırını mübadilə etməyi təklif edə bilər.

Beynəlxalq hüquqda belə bir təcrübədən geniş istifadə olunur. Belə ki, 2016-cı ildə Niderland və Belçika münasibətlərdə iqtisadi, siyasi və sosial çətinliklərə yol verməmək üçün mübasəli torpaqların bərabər sahələrini mübadilə ediblər. Bu cür nümunələrə təkcə “inkişaf etmiş, mütərəqqi Avropada” rast gəlinmir.

Bir başqa mübadilə prosesi 2018-ci ildə postsovet məkanında yaşanıb. Özbəkistan və Qırğızıstan bir-birinə bərabər torpaq sahəsi verməklə mümkün münaqişədən qaça biliblər.

Mübadilə uğurla nəticələnsə, hər iki tərəf razı qalacaq – Azərbaycan eyni torpaq sahəsinə malik olacaq, Gürcüstan isə mühüm dini abidəni özünə qaytaracaq. Ən vacibi də odur ki, ölkələr mehriban dostluq münasibətlərini saxlayacaq, gələcəkdə lazımsız gərginliyə yol verməyəcəklər. Azərbaycan ilə Gürcüstanın olduğu vəziyyətdə başqa inkişaf ssenarisinə yer yoxdur.

FİKRİNİ BİLDİR