NİYƏ TÜRKİYƏ RUSİYANIN TƏKLİFİNDƏN İMTİNA ETMİR?

Ankara Rusiyanın “S-400” zenit-raket komplekslərindən imtina etməli, Amerikanın raketəleyhinə “Patriot” komplekslərini əldə etməlidir. ABŞ prezidenti Donald Tramp (Donald Trump) Türkiyəyə belə bir tələb irəli sürüb. ABŞ Türkiyəyə ultimatum irəli sürərək, ən gec iyulun 31-i “S-400” komplekslərindən imtina etməsini tələb edib. Ankara tələbi yerinə yetirməsə, Vaşinqton hazırda Amerikada təlim keçən türk pilotlarını geri göndərəcək və türk şirkətlərinin “F-35” proqramındakı iştirakına son qoyacaq. Bunu  ABŞ-ın müdafiə nazirinin maddi-texniki təchizat məsələləri üzrə müavini Ellen Lord (Ellen Lord) iyulun 7-i jurnalistlərə bildirib. Bu barədə Daniel Bellut “DW” portalında işıq üzü görən məqaləsində yazır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Anadolu” dövlət informasiya agentliyinə bildirib ki, Rusiya rəhbərliyi Ankara ilə “S-400” komplekslərinin tədarükü ilə bağlı saziş imzalayıb və Türkiyə bu müqavilədən imtina etmək niyyətində deyil. Müqavilənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir.

Türkiyə rəhbərliyini Moskva ilə sazişdən imtina etməyə məcbur etmək üçün Vaşinqton son bir neçə ay ərzində NATO tərəfdaşına sərt təzyiq göstərib. ABŞ prezidenti Tramp dəfələrlə Türkiyənin bu istəyini tənqid edib. Dövlət katibi Mayk Pompeo (Mike Pompeo) isə Ankaranı sanksiyalarla hədələyib.

Amerikanın “CNBC” telekanalının məlumatına görə, Tramp administrasiyası hətta Ərdoğana ultimatum irəli sürüb. Türkiyə Rusiya ilə əldə olunan sazişdən imtina etməsə, ABŞ “F-35” qırıcılarının tədarükü ilə bağlı proqramda Ankaranın iştirakına son verəcək. Türk ordusu beşinci nəsil çox funksiyalı 100 ədəd qırıcı sifariş edib, pilotlar isə artıq təlim keçməyə başlayıblar. Amerika administrasiyası tərəfdən bu cür tədbirlər Ankaraya sərf etməyəcək.

İstisna edilmir ki, nəticə etibarilə ABŞ-ın təzyiqi Türkiyəni Rusiya ilə sazişdən imtina etməyə vadar edəcək. Ötən ildən bəri ölkə ciddi iqtisadi-maliyyə böhranı ilə üzləşib. Amerika sanksiyalarının ölkə iqtisadiyyatına nə qədər təsir etdiyini ötən ilki nümunədən görmək mümkündür. Belə ki, həmin vaxt Türkiyə məhkəməsi amerikalı keşiş Endryu Bransonu (Andrew Branson) azad etməkdən imtina etdikdən sonra Vaşinqton Türkiyənin alüminium məhsullarına rüsum tətbiq etmişdi.

Təhlükəsizlik siyasəti üzrə ekspert Ulrix Kun (Ulrich Kuhn) hesab edir ki, Tramp administrasiyası ilahiyyatçı Fətullah Güleni ekstradisiya edilməsi ilə bağlı Türkiyənin xahişini yerinə yetirməməklə Ərdoğan hökumətinin qəzəbinə səbəb olub.

Bundan başqa, ABŞ Türkiyənin terrorçu hesab etdiyi Suriya və İraqdakı kürd üsyançılarını müttəfiq elan edib. “İndi söhbət Vaşinqtona veriləcək cavabdan və geosiyasi cəhətdən böyük əhəmiyyət daşıyan Türkiyənin öz maraqlarını müdafiə etməsi ilə bağlı göndərəcəyi mesajdan gedir”, - deyə Ulrix Kun aydınlıq gətirir. Onun fikrincə, Türkiyənin Rusiya ilə əldə etdiyi saziş hərbi cəhətdən özünü doğruldur: “Bu komplekslər təhlükəsizliyin qeyri-sabit olduğu yerlərdə yerləşdiriləcək. Məsələn, Türkiyənin cənub sərhədi təhlükəlidir”. Hərçənd qonşu ölkələrdən heç biri Türkiyəyə zərbə endirməyə hazırlaşmır.

Bundan başqa, rus silahının tədarükü başqa əhəmiyyət də daşıyır. “Türkiyə özünü yeni texnikaya giriş imkanı ilə təmin edə bilər. Hərbi heyətə təlim keçirilib. Ankara lisenziya əldə edib və nə vaxtsa zenit-raket komplekslərini müstəqil şəkildə istehsal etməyi öyrənəcək”, - deyə Kun bildirir.

Prezident Ərdoğan bu həftə bildirib ki, Vaşinqton da Rusiya kimi yaxşı şərtlər təklif etsə, Ankara Amerikanın “Patriot” komplekslərini əldə etməyə razılıq verəcək. Rusiyanın “S-400” kompleksləri Amerikanın “Patriot” sistemlərindən qat-qat ucuzdur və daha müasir və effektli hesab edilir.

Ancaq müəllif qeyd edir ki, Rusiyadan silah tədarükü sadəcə əlverişli saziş demək deyil. ABŞ və NATO-a üzv olan digər ölkələr ilk növbədə “S-400” komplekslərinin texnoloji cəhətdən alyansın Türkiyədə yerləşdirdiyi sistemlərlə uyğun olmamasından dolayı narahatdır. İkincisi, Moskva “F-35” qırıcıları ilə bağlı məxfi informasiyanı ələ keçirə bilər, çünki Türkiyə eyni zamanda həm Rusiyanın zenit-raket komplekslərindən, həm Amerika təyyarələrindən istifadə edəcək.

Ankara dilemma qarşısındadır. O, ABŞ-a güzəştə getsə, Moskvanı hirsləndirəcək. Birləşmiş Ştatlar kimi Kreml də Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. Eyni hadisə 2015-ci ildə də yaşanıb. Türklər Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus “Su-34” bombardmançı təyyarəni vurduqdan sonra Kreml qarşı tərəfə sanksiya paketi tətbiq edib. Ərdoğan hansı tərəfin qaydaları ilə oynamağa razılıq verirsə versin, istənilən halda digər tərəfi ciddi şəkildə qəzəbləndirəcək.

Mənbə: DW

FİKRİNİ BİLDİR