NİYƏ JURNALİSTİN HƏBSİ İCTİMAİYYƏTƏ TOXUNMALIDIR?

“Araşdırmaçı jurnalist İvan Qolunov guya narkotik maddələrin ticarəti ilə məşğul olduğu üçün ev həbsinə məhkum edilib. Bu məhkəmə işi Rusiyada böyük rezonansa səbəb olub”, - İsveçrənin “Neue Zürcher Zeitung” nəşri yazır.

Qəzetin Moskva müxbiri Markus Akeret (Markus Ackeret) xatırladır ki, Moskva rayon məhkəməsi Rusiyanın aparıcı araşdırmaçı jurnalistlərindən biri İvan Qolunovu istintaq təcridxanasına deyil, iki aylığına ev həbsinə göndərmək qərarına gəlib. Müəllif qeyd edir ki, məhkəmə qərarı rus hakimin ittihamçı tərəfin tələb və şikayətlərini hüquq mühafizə orqanlarınkından yüksək qiymətləndirdiyi nadir hallardan biridir”.

“Məhkəmə işi ilə bağlı öz fikrini ifadə edən hər kəsə aydındır ki, İvan Qolunova qarşı ciddi ittihamlar əsaslı deyil. Onlar ehtimal edirlər ki, söhbət Rusiyada tez-tez rast gəlinən “sifarişli” prosesdən gedir. Bu iş jurnalistin araşdırmaları ilə mane olduğu çevrələr tərəfindən başladılıb”, - məqalədə deyilir.

“Cümə günündən etibarən prosesdə bir sıra uyğunsuzluqlar bəlli olmağa başlayıb. Onlar da narkotik maddələrin başqaları tərəfindən atılması ilə bağlı şübhələri daha da gücləndirib, - Akeret davam edir. – Şübhə doğuran paketlər Qolunovun bel çantasında ən üst yerdə olub. Məgər onsuz da ehtiyatlı tərpənən, addımbaşı müxtəlif təhdidlər alan jurnalist informatorla görüşə yollanarkən bu qədər açıq şəkildə narkotik daşıya bilərmi? Sonradan məlum olub ki, jurnalistin evindəki axtarış da son dərəcə məqsədyönlü şəkildə aparılıb”.

Məqalədə deyilir ki, Qolunova 12 saatdan çox qohum və vəkilləri ilə əlaqə saxlamağa icazə verilməyib: “Onun narkotik maddələrlə kontaktda olub olmamasına dair araşdırma aparılmayıb. Aydındır ki, jurnalistə qarşı fiziki şiddət tətbiq olunub. Çox güman, onu bu yolla qorxutmaq, ram etmək və ondan müstəntiqlərin eşitmək istədiyi, Qolunovun nüfuzunu şübhə altına qoyacaq ifadə almaq məqsədi güdüblər”.

“Qolunovun məhkəmə işi Rusiyada müstəqil medianın getdikcə daha çox məhdudlaşan imkanlarına və hökumətin onların qarşısını almaq təcrübəsinə aydınlıq gətirir. Bu hadisə onu göstərir ki, dövlət hakimiyyətinin elementləri bütün sahəni qorxuya salmaq üçün ittihamları ən biyabırçı şəkildə saxtalaşdırmaqdan çəkinmir”, - Akeret qeyd edir.

“Qolunovun məhkəmə işi vətəndaşların rüşvətxor təhlükəsizlik və ədliyyə aparatından nə qədər asılı olduğunu göstərir. Və bununla əlaqədar rüşvətxor dövlət hakimiyyəti, təhlükəsizlik orqanları və mütəşəkkil cinayətklarlıqdan ibarət qarışığı ifşa etməyin nə qədər vacib olduğunu nümayiş etdirir”, - nəşr bildirir.

Akeret hesab edir ki, bu cür proseslər, xüsusilə vətəndaş cəmiyyəti, media və ya mədəniyyət sahəsinin tanınmış nümayəndələrinə qarşı yönəlmiş işlər, məsələn, rejissor Kirill Serebrennikovun məhkəmə işi “gizli ictimai narazılıq və siyasi qeyri-müəyyənlik dövründə Rusiya dövlətinin azadlığı getdikcə daha çox məhdudlaşdırdığına dair sübutdur”.

“Qolunovun ev həbsi ilə bağlı şadyanalıq edən hər kəsə aydındır ki, bu son dərəcə şübhəli məhkəmə işinə qarşı əsl mübarizə hələ indi başlayır. İvan Qolunovun azadlığa çıxmasına hələ çox var. Və bu işdə marağı olan ictimaiyyət azadlıq hüququ uğrunda mübarizəsini davam etdirməlidir”, - nəşr sonda qeyd edir.

FİKRİNİ BİLDİR