“KƏRPİC” ÇAP EDƏN 3D LAZER PRİNTERİ AYA GÖNDƏRİLƏCƏK

Bu gün kosmik agentliklərin və özəl şirkətlərin demək olar hamısı Ayda stansiya tikmək istəyir, ancaq bir problem var ki, Yer planetinin təbii peykində inşaat materialları yoxdur, onları Yerdən aparmaq lazımdır. “Laser Zentrum Hannover” qeyri-kommersiya institutunun tədqiqatçılarının apardığı hesablamalara əsasən 1 kiloqramlıq inşaat materialını Aya göndərmək şirkətlərə 782 min dollara başa gələcək. Xərcləri aradan qaldırmaq üçün onlar “Moonrise” adlı üçölçülü lazer printerdən istifadə edərək ay reqolitindən tikinti blokları hazırlamağı təklif ediblər.

Məlumdur ki, 3 kiloqram çəkiyə malik “Moonrise” aparatı 9 ay, onun lazer və optik sistemi isə daha uzun müddətə yaradılıb. Aparat hələ də sınaq mərhələsindədir, ancaq cihazın yaradıcıları artıq 2021-ci ildə onu Aya göndərməyi planlaşdırır. Printer “PTScientists” lunoxoduna quraşdırılacaq, sonuncunun buraxılması üçün isə “Arian-64” daşıyıcı raketindən istifadə ediləcək.

3D-printerin üzərində işləyən komanda hal-hazırda lazerin düzgün sazlanma işləri ilə məşğuldur. Onlar həmçinin aparatın müdafiə sistemini diqqətlə işləyib hazırlamalıdırlar. Elə etmək lazımdır ki, printer həm Ay səthinə enişə, həm də temperatur dəyişikliyinə tab gətirsin.

Tədqiqatçılar aparatı yer şəraitində test etmək üçün maksimum Ay reqolitinə oxşayan material hazırlamalı olacaqlar. Sınaq zamanı 3D-printer həmin materialı əridərək müxtəlif formalı “kərpic” hazırlamağa çalışacaq. Aparat 2021-ci ildə Aya çatdırıldıqdan sonra eyni işlə məşğul olacaq, üstəlik, proseslə nəticəni yüksək keyfiyyətli kamera ilə çəkəcək.

Xatırladaq ki, “ESA” Avropa Kosmik Agentliyi “PTScientists” lunoxodundan 2025-ci ildə Ay torpağının hasilat işlərində istifadə etmək niyyətindədir. Hesab edilir ki, həmin torpağın tərkibində olan su uzunmüddətli kosmik missiyalara yararlı ola bilər.

FİKRİNİ BİLDİR