RUSİYA İLƏ POLŞA ARASINDAKI NEFT QALMAQALI GETDİKCƏ BÖYÜYÜR

“Rusiya Avropa bazarında etibarlı neft tədarükçüsü simasını və nüfuzunu itirib. İndi Rusiya ictimaiyyətin yaranmış vəziyyətə görə kimin məsuliyyət daşıdığını aydınlaşdırmaq üçün sual verməsini istəmir və ona görə söhbəti başqa mövzuya çevirir. Bu mövzu da Polşa və onun iddiaları olub”, - iqtisadi icmalçı İvano Truseviç (Iwona Trusewi) “Rzeczpospolita” qəzetində dərc olunan məqaləsində yazır.

Nəşr xatırladır ki, “Dostluq” boru kəməri ilə nəql edilən neftin çirklənməsi ilə bağlı Polşa, Rusiya və Almaniyanın Varşavada baş tutan görüşündən sonra ertəsi gün Rusiyanın enerji sektoruna cavabdehlik daşıyan Dmitri Kozak bəyanatla çıxış edib: “Kompensasiya məbləğinə aydınlıq gətirilməlidir. Bu neftin saxlanma texnologiyası ilə əlaqəli mübahisəli məsələlər var, bizim isə neftin həcmi ilə bağlı iradımız var. Çünki boru kəmərinə düşən keyfiyyətsiz xammalın həcbi bir şəkildə aktlaşdırılıb, bu gün bizə təqdim olunan miqdar isə bir neçə dəfə çoxdur”. O, həmçinin əlavə edib ki, polyaklar Rusiya tərəfini xəbərdar etmədən “özbaşına” çirkli nefti təmiz neftlə “qarışdırıblar”.

“Maraqlıdır ki, bu sözlər cümə günü, yəni Varşavada baş tutan görüşdən sonra səsləndirilib. İclasın yekunlarına dair neft kəmərinin operatoru “PERN” şirkəti ona xas olmayan bir şəkildə ətraflı, məzmunlu bəyanatla çıxış edib. Mətndə açıq-aydın göstərilib ki, “tədarük Almaniya və Polşanın neft emalı müəssisələri tərəfindən verilən iddialar təsdiqləndikdən sonra iyunun 9-u bərpa edilə bilər”, - məqalədə deyilir.

Şirkət həmin reklamasiyalar, qeyd edilən məbləğ haqqında məlumat verməyib, lakin vurğulayıb ki, ruslar öhdəliklərini yerinə yetirsələr, “Polşa nəqliyyat sistemi beş ay ərzində tamamilə təmizlənəcək”. Müddətlə bağlı informasiya yalnız Polşanın bəyanatlarında yer alıb. Digər operatorlar (Belarus, Ukrayna, Slovakiya) itaətkarcasına  Rusiyanın şərtlərini qəbul edir və ventilləri açırlar. Hamıdan əvvəl “özbaşına” öz borularından çirkli nefti  çıxaran və onu təmiz neftlə qarışdıran Macarıstanın “MOL” neft-qaz şirkətinin ünvanına Rusiya tərəfdən heç bir etiraz daxil olmayıb.

Truseviç yazır ki, boyun əyməyən Polşa ardıcıl olaraq rus neftindən asılılığını azaldır: “Amma bu, xüsusi rəqibdir, ona görə Kreml iddia edir ki, məhz Polşa vəziyyətdən yararlanmağa və əslində ona düşən həcmdən daha çox əldə etməyə çalışır”.

Məqalədə deyilir ki, jurnalistlərin qarşısında səslənən bu cür bəyanatlar sırf mübahisəni gərginləşdirmək və iyunun 3-ü Moskvada keçiriləcək danışıqlar ərəfəsində tərəflərin mövqeyini möhkəmlətmək məqsədi güdür: “Sanki Rusiya məhz buna nail olmağa çalışır. Razılığa gələ bilməsələr, ruslar bütün günahı uyumlu olmaq istəməyən və Rusiyanın məntiqli addımlarını bloklayan polyakların üstünə yıxacaqlar. Buna icazə vermək olmaz. Vitse-baş nazir Kozak mümkün olduğu qədər tez bir zamanda bizdən açıq cavab almalıdır”.

FİKRİNİ BİLDİR