AZƏRBAYCANDA HİCABLI QADINLARIN SAYI ARTIR

Ostin Kleyton (Austin Clayton) “Eurasianet.org” saytında yazır ki, azərbaycanlıların 97%-i özünü müsəlman adlandırsa da, dini qaydalara ciddi şəkildə əməl edənlərin sayı qat-qat azdır və ölkə özünün dünyəvi ənənələri ilə fəxr edir. Ancaq SSRİ dağıldıqdan sonra dini ayinləri yerinə yetirənlərin sayı artıb. Heç kim statistika aparmasa da, hicablı qadınların sayında nəzərəçarpan artım ölkə ictimaiyyətində kəskin mövzuya çevrilib. Bununla belə, hicab taxanların söylədiyi kimi, əks təsir də meydana çıxıb.

Sumqayıtda dini paltar satışı ilə məşğul olan mağazanın sahibi Sədaqət sayta açıqlamasında bildirib: “İndi sərbəst şəkildə etiqad etmək mümkündür, kim istəyir, başını bağlaya bilir”. Onun sözlərinə görə, hicabla ekstremizm arasında əlaqə ilə bağlı geniş yayılmış sosial təzyiq hələ də qalmaqdadır. “Bəzi qadınlar ictimaiyyət arasında əlavə diqqət cəlb etməmək üçün ən sonunda hicabı çıxarır”, - deyə o qeyd edib.

Bakıda analoji fəaliyyətlə məşğul olan bir başqa şirkətin sahibi deyir ki, iş axtaran hicablı qadınların çoxu onun mağazasına gəlir, çünki başqa yerlərdə ayrıseçkiliklə üzləşirlər. “Onlar başqa yerdə iş tapa bilmədikləri üçün hicab satışı ilə məşğul olan mağazada işə düzəlmək istəyirlər”, - deyə sahibkar “Eurasianet.org”-a bildirib.

Azərbaycan Konstitusiyası dini azadlığa təminat verir, hərçənd bir çox şərtlə. “Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir”, - 48-ci maddədə deyilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, iş yerlərində hicab məsələsi birbaşa qanunda əks olunmayıb, amma dövlət müəssisələrinin əməkdaşlarının hicab taxmasına qeyri-rəsmi qadağa mövcuddur: “Azərbaycan dünyəvi dövlətdir və bizim konstitusiyamız dünyəvi dəyərlərə əsaslanıb, - o sayta açıqlamasında deyib. – Məsələn, Türkiyədə bəzi qanunlara əsasən, hicablı qadınlar hətta dövlət müəssisələrində də çalışa bilər, lakin bizdə belə bir qanun yoxdur”.

Məktəbdə qızların hicab taxmasına da gizli qadağa var. 2011-ci ildə dini fəallar bu qadağanın ləğv edilməsini tələb edərək silsilə etiraz aksiyaları təşkil ediblər, ancaq onların təşəbbüsləri nəticəsiz qalıb. Qadağa qüvvədə qalmağa davam edir.

Eyni zamanda, müəllif qeyd edir ki, Azərbaycanda vətəndaşların çoxu dünyəviliyini qoruyub saxlayır və hicaba ehtiyatla yanaşır. Bu narahatlıq son illər İran və ərəb ölkələrindən gələn turistlərin sayının artması ilə daha da dərinləşib.

Bakı dünyanın yeganə müsəlman şəhəridir ki, burada çadrasını atan qadına heykəl ucaldılıb.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR